TƏHSİl fəlsəfəmiz

Təhsil fəlsəfəmiz

  1. Forest Education yanaşması XX əsrin ortalarında Skandinaviya ölkələrində formalaşmış, uşaqların təbiət mühitində oyun, araşdırma və birbaşa təcrübə yolu ilə öyrənməsinə əsaslanan təhsil modelindən qaynaqlanır. Bu yanaşma uşağı passiv bilik alan deyil, öyrənmə prosesinin aktiv iştirakçısı kimi qəbul edir. Forest Education Azerbaijan bu modeli yerli sosial, mədəni və ekoloji reallıqlara uyğunlaşdıraraq meşələrdə, parklarda, istirahət mərkəzlərində, açıq yaşıl sahələrdə və düşərgə mühitlərində tətbiq edir.
  2. Forest Education Azerbaijan üçün Forest Education birdəfəlik tədbir, qısa ekskursiya və ya alternativ əyləncə forması deyil. Bu davamlı, mərhələli və məqsədli şəkildə həyata keçirilən bir öyrənmə prosesidir. Həftəlik və aylıq görüşlər, mövsümi proqramlar və düşərgələr ləpirçilərin təbiətlə əlaqəsini möhkəmləndirir, onların inkişafını zamanla müşahidə etməyə, ehtiyaclara uyğun planlaşdırmağa və tədris prosesini tədricən dərinləşdirməyə imkan yaradır.
  3. Forest Education fəaliyyətləri təbii və ya yarı-təbii mühitlərdə həyata keçirilir. Bu yanaşmada məkan anlayışı yalnız meşə ilə məhdudlaşmır. Parklar, açıq sahələr, təbiətlə təmas qurmağa imkan verən istənilən mühit Forest Education üçün potensial öyrənmə məkanıdır. Əsas məqsəd ləpirçilərin təbiətlə real, mənalı və davamlı münasibət qurmasına şərait yaratmaqdır.
  4. Forest Education yanaşması ləpirçilərin zehni, fiziki, emosional və sosial inkişafını bütöv şəkildə dəstəkləyir. Təbiət mühiti ləpirçilərdə özünəinam, müstəqillik, yaradıcılıq, dözümlülük və əməkdaşlıq kimi əsas həyat bacarıqlarının formalaşmasına xidmət edir. Ləpirçilər öz bacarıqlarını kəşf edir, uğur hissini yaşayır və çətinliklərə açıq yanaşmağı öyrənirlər.
  5. Forest Education Azerbaijan üçün risk anlayışı təhlükə deyil, öyrənmənin ayrılmaz hissəsidir. Ləpirçilərə nəzarət altında, təhlükəsiz və planlaşdırılmış şəkildə risk alma imkanı yaradılır. Bu proses zamanı onlar öz sərhədlərini tanıyır, qərar verməyi, məsuliyyət daşımağı və nəticələri dəyərləndirməyi birbaşa təcrübə yolu ilə öyrənirlər. Bütün bu mərhələlər öyrədənlərin müşayiəti, dəstəyi və peşəkar nəzarəti altında baş verir.
  6. Forest Education fəaliyyəti bu sahədə hazırlıqlı və peşəkar öyrədənlər tərəfindən həyata keçirilir. Öyrədənlər ləpirçiləri müşahidə edir, onların maraqlarını, davranış modellərini və fərdi inkişaf tempini nəzərə alaraq fəaliyyətləri planlaşdırır. Uşaqyönümlü yanaşma Forest Education Azerbaijan etosunun əsasını təşkil edir: öyrənmə prosesi hazır cavabların verilməsi deyil, sual vermə, araşdırma və kəşf etmə üzərində qurulur.
  7. Forest Education mühiti çevik və adaptivdir. Fərqli öyrənmə üslubları, maraqlar və inkişaf mərhələləri nəzərə alınır. Ləpirçilər təbiətdə oynayaraq, quraraq, müşahidə edərək, toxunaraq və araşdıraraq bilik və bacarıqlar qazanırlar. Bu proses onların problem həll etmə, yaradıcı düşünmə, əlaqə qurma və tənqidi yanaşma bacarıqlarını gücləndirir.
  8. Forest Education Azerbaijan üçün oyun sadəcə vaxt keçirmə vasitəsi deyil. Oyun ləpirçilərin dünyanı anlama, özlərini ifadə etmə və sosial bacarıqlarını inkişaf etdirmə üsuludur. Təbiətdə, müsbət rol modelləri olan öyrədənlərlə və təhlükəsiz mühitdə keçirilən oyunlar ləpirçilərin təxəyyülünü, yaradıcılığını və sosial əlaqələrini zənginləşdirir.
  9. Forest Education yanaşması ləpirçiləri cəhd etməyə, səhv etməyə, yenidən sınamağa və etdiklərindən zövq almağa təşviq edir. Əllə toxunulan, praktik və real təcrübələr vasitəsilə ləpirçilər öyrənməyə qarşı müsbət münasibət formalaşdırır, öz güclərinə inanır və öyrənməni həyatlarının təbii bir hissəsi kimi qəbul edirlər.
  10. Forest Education fəaliyyəti ilin bütün fəsillərində və müxtəlif hava şəraitlərində həyata keçirilə bilər. Ləpirçilər alətlərlə işləyir, komanda oyunlarında iştirak edir, təbiəti müşahidə edir, yaradıcılıq fəaliyyəti ilə məşğul olur və fiziki hərəkət bacarıqlarını inkişaf etdirirlər. Bu prosesdə onlar təbiətə hörmət etməyi, başqaları ilə əməkdaşlıq etməyi və məsuliyyətli davranmağı öyrənirlər.
  11. Forest Education Azerbaijan qeyri-formal təhsili formal məktəb sisteminin alternativi deyil, onu tamamlayan, gücləndirən və dərinləşdirən bir yanaşma kimi qəbul edir. Qeyri-formal təhsil uşaqlar üçün formal təhsilə hazırlıq, əlavə dəstək və bəzi hallarda yüksək keyfiyyətli alternativ ola bilər. Bununla yanaşı, Forest Education Azerbaijan hesab edir ki, formal təhsilə çıxış hər bir uşağın əsas hüququdur və qeyri-formal təhsil bu hüququ əvəz etməməli, onu dəstəkləməlidir.
  12. Forest Education Azerbaijan qeyri-formal təhsilin elmi əsaslarının formalaşdırılmasına və inkişafına da töhfə verir. Birlik fəaliyyətləri çərçivəsində müşahidələr aparır, təcrübələri sistemləşdirir, təhlil edir və qeyri-formal təhsilin pedaqoji, sosial və ekoloji təsirlərinin elmi müstəvidə araşdırılmasını dəstəkləyir. Bu yanaşma Forest Education Azerbaijan-ın yalnız praktik deyil, həm də elmi və inkişafyönümlü platforma olmasını təmin edir.
  13. Forest Education Azerbaijan üçün təbiət hər kəsin faydalanmaq hüququna malik olduğu bir öyrənmə məkanıdır. Məqsədimiz ləpirçilərə yalnız bilik ötürmək deyil, onlarda ömürboyu öyrənməyə açıq, özünəinamlı, məsuliyyətli və təbiətə bağlı fərdlər formalaşdırmaqdır. Bu yanaşma ləpirçilərin yaddaşında uzun illər qalacaq təcrübələr yaradır və onların gələcək həyatına dəyər qatır.