Qeyri-formal təhsil siyasəti
Maddə 1. Ümumi yanaşma
1.1. Forest Education Azerbaijan (FEA) qeyri-formal təhsili formal məktəb sistemindən kənarda, lakin məqsədli, planlı və dəyərlərə əsaslanan bir öyrənmə prosesi kimi qəbul edir. Bu yanaşma uşaqların – Forest Education terminologiyasında ləpirçilərin – real həyat bacarıqlarını, sosial və emosional inkişafını, eləcə də təbiətlə əlaqəsini gücləndirməyə xidmət edir.
1.2. FEA üçün qeyri-formal təhsil alternativ deyil, formal təhsili tamamlayan və zənginləşdirən bir modeldir. Məqsəd uşağın bütöv inkişafına töhfə verən əlavə və mənalı öyrənmə mühiti yaratmaqdır.
Maddə 2. Beynəlxalq çərçivə və istinadlar
2.1. Bu siyasət UNESCO-nun qeyri-formal və ömürboyu təhsil yanaşmalarına, Dayanıqlı İnkişaf Məqsədlərinin (xüsusilə DİM 4 – keyfiyyətli təhsil) prinsiplərinə, Avropa məkanında qeyri-formal öyrənmənin tanınması və gənclərlə iş təcrübələrinə uyğun şəkildə formalaşdırılmışdır.
2.2. FEA qeyri-formal təhsili keyfiyyətli, inklüziv və uşağın hüquqlarını əsas götürən bir sahə kimi dəyərləndirir və bu sahənin elmi və praktik inkişafına töhfə verməyi öz missiyasının bir hissəsi hesab edir.
Maddə 3. Qeyri-formal təhsilin FEA modelində rolu
3.1. FEA modelində qeyri-formal təhsil uşağın yalnız bilik qazanması deyil, eyni zamanda:
özünü tanıması,
başqaları ilə münasibət qurması,
qərar verməyi və məsuliyyət daşımağı öyrənməsi,
təbiətə və cəmiyyətə qarşı hörmət formalaşdırması
kimi prosesləri əhatə edir.
3.2. Bu modeldə öyrənmə oyun, təcrübə, müşahidə və refleksiya üzərində qurulur. Ləpirçi öyrənmənin passiv obyektinə yox, aktiv iştirakçısına çevrilir. Öyrədənlər isə bilik ötürən deyil, prosesi istiqamətləndirən və təhlükəsizliyi təmin edən şəxslər kimi çıxış edirlər.
Maddə 4. Əsas prinsiplər
4.1. Forest Education Azerbaijan-da qeyri-formal təhsil aşağıdakı əsas prinsiplər üzərində qurulur:
4.1.1. Qeyri-formal təhsil uşaqyönümlüdür və ləpirçinin maraqları, ehtiyacları və inkişaf mərhələləri nəzərə alınaraq planlaşdırılır. İştirak könüllülük və daxili motivasiya əsasında təşviq olunur. Təhlükəsizlik hər zaman prioritetdir və risklər öyrənmənin bir hissəsi kimi, lakin nəzarət altında idarə olunur.
4.1.2. FEA bütün uşaqlar üçün bərabər imkanların yaradılmasını vacib sayır və inklüzivliyi qeyri-formal təhsilin ayrılmaz tərkib hissəsi kimi qəbul edir. Keyfiyyət isə yalnız fəaliyyətin keçirilməsi ilə deyil, onun mənalı, təsirli və inkişafetdirici olması ilə ölçülür.
Maddə 5. Tədris mühitləri və proqram formatları
5.1. FEA-nın qeyri-formal təhsil fəaliyyətləri yalnız meşə ilə məhdudlaşmır. Parklar, açıq yaşıl sahələr, istirahət mərkəzləri, düşərgə əraziləri və icma əsaslı məkanlar da bu yanaşmanın bir hissəsidir.
5.2. Proqramlar həftəlik və aylıq görüşlər, mövsümi fəaliyyətlər, tematik proqramlar və qısa və ya uzunmüddətli düşərgələr şəklində təşkil oluna bilər. Hər bir proqram əvvəlcədən planlaşdırılır, məqsədləri müəyyən edilir və təhlükəsizlik, risklərin qiymətləndirilməsi və uşaq müdafiəsi prinsiplərinə uyğun icra olunur.
Maddə 6. Təlim və öyrənmə metodologiyası
6.1. Forest Education Azerbaijan-da öyrənmə əsasən təcrübəyə əsaslanan metodlarla həyata keçirilir. Oyun, müşahidə, araşdırma, komanda işi və yaradıcı fəaliyyətlər öyrənmə prosesinin əsas alətləridir.
6.2. Bu yanaşma uşaqlara sual verməyi, cəhd etməyi, səhv edərək öyrənməyi və öz nəticələri üzərində düşünməyi öyrədir. Refleksiya – yəni öyrənilənlərin dərk edilməsi və ifadə olunması prosesin mühüm hissəsidir.
Maddə 7. Təhlükəsizlik, etik yanaşma və rifah
7.1. FEA üçün qeyri-formal təhsil təhlükəsiz və etik mühitdə baş tutmalıdır. Bütün fəaliyyətlər Sağlamlıq və təhlükəsizlik Siyasəti, Uşaqların müdafiəsi və təhlükəsizliyi üzrə Siyasət, Risklərin qiymətləndirilməsi üzrə Təlimat və Şəxsi məlumatların qorunması qaydaları ilə uyğun şəkildə icra olunur.
7.2. Uşağın fiziki və emosional rifahı, ləyaqəti və məxfiliyi hər zaman əsas götürülür. Heç bir fəaliyyət uşağa zərər verə biləcək formada təşkil edilmir.
Maddə 8. Öyrənmə nəticələrinin izlənməsi və tanınması
8.1. FEA-da qiymətləndirmə formal imtahan və ya sıralama üzərində qurulmur. Məqsəd uşağın inkişaf yolunu izləmək və onu dəstəkləməkdir. Bunun üçün müşahidə qeydləri, ləpirçi portfolioları, refleksiya tapşırıqları və simvolik tanınma mexanizmlərindən istifadə oluna bilər.
8.2. Bu yanaşma uşağın öz inkişafını görməsinə, özünəinamının artmasına və öyrənməyə qarşı müsbət münasibət formalaşdırmasına xidmət edir.
Maddə 9. Valideyn və icma ilə əməkdaşlıq
9.1. Forest Education Azerbaijan qeyri-formal təhsilin ailə və icma ilə birlikdə daha güclü və davamlı olduğunu qəbul edir. Valideynlər proqramların məqsədləri və yanaşması barədə məlumatlandırılır, evdə öyrənməni dəstəkləyən sadə mexanizmlərlə prosesə cəlb olunurlar.
9.2. İcma və tərəfdaş qurumlarla əməkdaşlıq FEA-nın qeyri-formal təhsil fəaliyyətlərinin sosial təsirini artıran mühüm amil kimi dəyərləndirilir.
Maddə 10. Elmi yanaşma və inkişaf
10.1. FEA qeyri-formal təhsili yalnız praktik fəaliyyət kimi deyil, eyni zamanda elmi araşdırma və inkişaf sahəsi kimi görür. Etik çərçivə və razılıqlar qorunmaqla müşahidələr, sorğular və proqram təsirinin təhlili aparıla bilər.
10.2. Bu yanaşma qeyri-formal təhsilin elmi əsaslarının möhkəmləndirilməsinə və gələcək proqramların keyfiyyətinin artırılmasına xidmət edir.
Maddə 11. Siyasətin icrası və yenilənməsi
11.1. Bu Qeyri-formal təhsil Siyasəti Forest Education Azerbaijan üçün əsas normativ sənəddir və bütün proqramlarda rəhbər tutulur. Siyasət mütəmadi olaraq nəzərdən keçirilir və təşkilatın inkişafı, praktik təcrübə və beynəlxalq yanaşmalar əsasında yenilənir.