Struktur haqqında Qaydalar
Maddə 1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Forest Education Azerbaijan qeyri-formal təhsil birliyinin təşkilati strukturunu, idarəetmə səviyyələrini, səlahiyyət bölgüsünü, departamentlərin fəaliyyət prinsiplərini və daxili tabelik münasibətlərini müəyyən edir.
1.2. Qaydaların əsas məqsədi birliyin bütün fəaliyyətlərinin sistemli, şəffaf, davamlı və məsuliyyətli şəkildə həyata keçirilməsini təmin etmək, idarəetmə mexanizmlərini aydınlaşdırmaq və bütün struktur vahidlərinin vahid etos və siyasətlər çərçivəsində fəaliyyət göstərməsini təmin etməkdir.
1.3. Bu sənəd Forest Education Azerbaijan-ın bütün idarəedici şəxsləri, əməkdaşları, öyrədənləri və könüllüləri üçün məcburidir və birliyin daxili normativ bazasının əsas hissəsini təşkil edir.
Maddə 2. Strukturun ümumi modeli
2.1. Forest Education Azerbaijan aşağıdakı ardıcıllıq üzrə təşkilati struktura malikdir:
Həmtəsisçilər Şurası → İdarəetmə Komandası → Direktor → Menecerlər → Departamentlər → Departament əməkdaşları
2.2. Bu struktur qeyri-formal təhsil fəaliyyətlərinin xüsusiyyətlərini nəzərə alaraq çevik, funksional və əməkdaşlığa əsaslanan idarəetmə modeli üzrə qurulmuşdur.
2.3. Hər bir struktur səviyyəsi öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərir və yuxarı idarəetmə səviyyələri qarşısında hesabatlıdır.
Maddə 3. Həmtəsisçilər Şurası
3.1. Həmtəsisçilər Şurası Forest Education Azerbaijan-ın ali idarəetmə və strateji qərarverici orqanıdır.
3.2. Həmtəsisçilər Şurası ildə azı bir dəfə toplanır. Zərurət yarandıqda əlavə iclasların keçirilməsi mümkündür.
3.3. Həmtəsisçilər Şurasının səlahiyyətlərinə aşağıdakılar daxildir:
birliyin missiya, vizyon və əsas dəyərlərinin təsdiq edilməsi və yenilənməsi;
birliyin uzunmüddətli strateji inkişaf istiqamətlərinin müəyyən edilməsi;
İdarəetmə Komandasının tərkibinin formalaşdırılması və təsdiqi;
Direktorun təyin edilməsi, səlahiyyətlərinin təsdiqi və zərurət olduqda vəzifədən azad edilməsi;
birliyin ümumi fəaliyyətinə strateji nəzarətin həyata keçirilməsi.
3.4. Həmtəsisçilər Şurası birliyin gündəlik operativ fəaliyyətinə müdaxilə etmir və icra funksiyalarını direktor və idarəetmə komandasına həvalə edir.
Maddə 4. İdarəetmə Komandası
4.1. İdarəetmə Komandası Forest Education Azerbaijan-ın strateji qərarlarının icrasını təmin edən və idarəetmə proseslərini əlaqələndirən kollegial orqandır.
4.2. İdarəetmə Komandası:
daxili siyasətlərin, qaydaların və təlimatların hazırlanmasında iştirak edir;
departamentlərarası koordinasiyanı və uyğunluğu təmin edir;
fəaliyyətlərin keyfiyyətinə, təhlükəsizliyinə və etosa uyğunluğuna nəzarət edir;
direktor üçün məsləhətçi və dəstəkləyici funksiyanı yerinə yetirir.
4.3. İdarəetmə Komandası öz fəaliyyətinə görə Həmtəsisçilər Şurası qarşısında hesabatlıdır. Maddə 5. Direktor
5.1. Direktor Forest Education Azerbaijan-ın icraedici rəhbəridir və birliyin gündəlik fəaliyyətinin təşkili və icrasına birbaşa cavabdehdir.
5.2. Direktorun səlahiyyətlərinə aşağıdakılar daxildir:
menecerlərin və departamentlərin fəaliyyətinin ümumi koordinasiyası;
daxili siyasətlərin, qaydaların və təlimatların icrasına nəzarət;
insan resurslarının idarə olunması və inkişafı;
maliyyə, hüquqi və təşkilati risklərin idarə edilməsi;
valideynlər, tərəfdaşlar, dövlət və digər qurumlar qarşısında birliyin rəsmi təmsil olunması.
5.3. Direktor fəaliyyətinə görə İdarəetmə Komandası və Həmtəsisçilər Şurası qarşısında hesabat verir.
Maddə 6. Menecerlər
6.1. Menecerlər Forest Education Azerbaijan daxilində konkret sahələr üzrə idarəetməni həyata keçirən rəhbər şəxslərdir.
6.2. Menecerlər:
tabeliklərində olan departamentlərin fəaliyyət planlarını hazırlayır və icrasını təmin edir;
departament əməkdaşlarının işinə nəzarət edir və dəstək göstərir;
risklərin idarə olunması və siyasətlərə uyğunluğa cavabdehdirlər.
6.3. Menecerlər öz sahələri üzrə operativ qərarlar qəbul etmək səlahiyyətinə malikdirlər və bu qərarlara görə direktor qarşısında məsuliyyət daşıyırlar.
6.4.Forest Education Azerbaijan-da departament rəhbərləri olan menecerlər aşağıdakı rəsmi adlarla fəaliyyət göstərirlər:
6.4.1. Öyrənmə və inkişaf Departamentinin rəhbəri – Baş öyrədən
Baş öyrədən birliyin pedaqoji xəttinə, tədris proqramlarının keyfiyyətinə, öyrədənlərin fəaliyyətinə və uşaqlarla aparılan qeyri-formal təhsil prosesinə rəhbərlik edir.
6.4.2. Sağlamlıq və təhlükəsizlik Departamentinin rəhbəri – Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə menecer (SƏTƏM üzrə menecer)
Bu menecer fəaliyyətlərin təhlükəsizliyinə, risklərin qiymətləndirilməsinə, fövqəladə hallar üzrə hazırlığa, öyrədənlərin bu sahə üzrə fəaliyyətinə və və müvafiq siyasətlərin icrasına cavabdehdir.
6.4.3. Maliyyə və ödənişlər Departamentinin rəhbəri – Maliyyə meneceri (və ya Mühasib)
Maliyyə meneceri birliyin maliyyə planlamasına, ödənişlərin idarə olunmasına, daxili maliyyə nəzarətinə və hesabatlılığa cavabdehdir. Zərurət olduqda bu funksiya mühasib tərəfindən də icra oluna bilər.
6.4.4. Kommunikasiya və valideynlərlə əlaqə Departamentinin rəhbəri – İctimaiyyətlə əlaqələr üzrə menecer
Bu menecer valideynlərlə, tərəfdaşlarla və ictimaiyyətlə ünsiyyəti, məlumatlandırmanı və birliyin ictimai imicini idarə edir.
6.4.5. Logistika və resursların idarə olunması Departamentinin rəhbəri – Resurslar üzrə menecer
Resurslar üzrə menecer fəaliyyətlər üçün zəruri olan məkanların, avadanlıqların, materialların və digər logistik resursların planlaşdırılması və təmin edilməsinə cavabdehdir.
6.4.6. Hüquq Departamentinin rəhbəri – Hüquqşünas
Hüquqşünas birliyin fəaliyyətinin qanunvericiliyə uyğunluğunu təmin edir, müqavilələr, daxili qaydalar və hüquqi risklər üzrə nəzarəti həyata keçirir, o cümlədən meşə təhsili qruplarında hüquqi məsələləri həll edir.
6.4.7. Layihələrin idarə olunması Departamentinin rəhbəri – Layihələr üzrə menecer
Layihələr üzrə menecer yerli və beynəlxalq layihələrin planlaşdırılması, icrası, monitorinqi, tərəfdaşlarla əməkdaşlıq və layihə hesabatlılığına cavabdehdir.
Maddə 7. Departamentlər
7.1. Forest Education Azerbaijan-da fəaliyyətlər aşağıdakı ixtisaslaşmış departamentlər vasitəsilə həyata keçirilir:
7.1.1. Öyrənmə və inkişaf Departamenti – Bu departament birliyin əsas pedaqoji və tədris fəaliyyətlərini həyata keçirir. Uşaqlarla birbaşa çalışan şəxslər “öyrədən” adlandırılır və bu departamentin əməkdaşlarıdır. Departament Forest Education təhsil fəlsəfəsinə uyğun proqramların hazırlanmasına, icrasına və keyfiyyətinə cavabdehdir. Təlimçilər bazası və bazada yer alan təlimçilər də bu departamentin bir hissəsidir.
7.1.2. Sağlamlıq və təhlükəsizlik Departamenti – Uşaqların rifahının qorunması, risklərin qiymətləndirilməsi, təhlükəsizlik və fövqəladə hallar üzrə siyasətlərin icrasına nəzarət edir. Həmçinin öyrədənlər də sağlamlıq və təhlükəsizlik təminatçıları olaraq bu departamentin bir hissəsidir.
7.1.3. Maliyyə və ödənişlər Departamenti – Ödənişlərin idarə olunması, maliyyə şəffaflığının təmin edilməsi, daxili maliyyə qaydalarının tətbiqi və hesabatlılığa cavabdehdir.
7.1.4. Kommunikasiya və valideynlərlə əlaqə Departamenti – Valideynlər, tərəfdaşlar və ictimaiyyətlə effektiv, etik və şəffaf ünsiyyəti təmin edir.
7.1.5. Logistika və resursların idarə olunması Departamenti – Məkanların, avadanlıqların, materialların və digər resursların planlaşdırılması və təmin olunmasına cavabdehdir.
7.1.6. Hüquq Departamenti – Birliyin fəaliyyətlərinin qüvvədə olan qanunvericiliyə uyğunluğunu təmin edir, müqavilələr, daxili qaydalar və hüquqi risklərin idarə olunmasına nəzarət edir. Departament Meşə təhsili qruplarında hüquqi məsələlərlə bağlı birbaşa nəzarət həyata keçirir.
7.1.7. Layihələrin idarə olunması Departamenti – Bu departament Forest Education Azerbaijan çərçivəsində həyata keçirilən yerli və beynəlxalq layihələrin planlaşdırılması, icrası, monitorinqi və qiymətləndirilməsinə cavabdehdir. Departament layihə ideyalarının formalaşdırılması, layihə təkliflərinin hazırlanması, tərəfdaşlarla əməkdaşlıq, qrant və maliyyə mexanizmlərinin koordinasiyası, eləcə də layihələrin nəticələrinin sənədləşdirilməsi və hesabatlılığını təmin edir. Layihələrin idarə olunması Departamenti digər departamentlərlə sıx əməkdaşlıq edir və layihələrin Forest Education təhsil fəlsəfəsi, təhlükəsizlik siyasətləri və qeyri-formal təhsil prinsiplərinə uyğunluğunu təmin edir.
7.2. Hər bir departament müvafiq menecerə tabedir və təsdiqlənmiş fəaliyyət planı əsasında fəaliyyət göstərir.
Maddə 8. Meşə təhsili qrupları
8.1. Öyrənmə və inkişaf Departamentinin tərkibində öyrədənlərin rəhbərliyi altında fəaliyyət göstərən uşaq qrupları “Meşə təhsili qrupları” adlanır.
8.2. Bu qruplar uşaqların yaşına, inkişaf səviyyəsinə, proqram məqsədlərinə və təhlükəsizlik tələblərinə uyğun şəkildə formalaşdırılır.
8.3. Hər bir Meşə təhsili qrupu üçün məsul öyrədən müəyyən edilir və həmin öyrədən qrupun pedaqoji və təhlükəsizlik məsələlərinə cavabdehdir. Hüquq Departamenti Meşə təhsili qruplarında hüquqi məsələlərlə bağlı birbaşa nəzarət həyata keçirir.
Maddə 9. Ləpirçilər
9.1. Forest Education Azerbaijan tərəfindən təşkil olunan fəaliyyətlərdə iştirak edən hər bir uşaq “ləpirçi” adlandırılır.
9.2. Ləpirçilər Forest Education proqramlarının mərkəzində dayanır və bütün fəaliyyətlər onların təhlükəsizliyi, rifahı, sosial-emosional və idraki inkişafı nəzərə alınmaqla planlaşdırılır və aşağıdakı yaş və inkişaf mərhələləri – qrupları üzrə “Meşə təhsili qrupları”nda fəaliyyət göstərirlər:
a) 5–8 yaş qrupu (erkən inkişaf mərhələsi)
Bu mərhələdə əsas diqqət ləpirçilərin təbiətlə ilkin əlaqəsinin qurulmasına, təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasına və oyuna əsaslanan öyrənməyə yönəlir. Fəaliyyətlər uşaqların maraq və diqqət müddətinə uyğun qısa, çevik və təkrar elementlər üzərində qurulur. Əsas istiqamətlərə təbiəti müşahidə etmək, duyğu əsaslı təcrübələr, sadə qaydalar, paylaşma və emosional təhlükəsizlik daxildir. Böyüklərin müşayiəti və dəstəyi bu yaş qrupunda əsas rol oynayır.
b) 9–12 yaş qrupu (orta uşaqlıq və bacarıqların formalaşması mərhələsi)
Bu mərhələdə ləpirçilərin marağı daha məqsədli və strukturlaşdırılmış öyrənməyə yönəlir. Fəaliyyətlərdə problem həll etmə, komanda işi, müşahidə aparmaq, sadə planlama və məsuliyyət paylaşımı ön plana çıxır. Təbiətdə qaydaları anlama, alətlərlə təhlükəsiz tanışlıq, ekoloji anlayışların formalaşdırılması və refleksiya bacarıqları inkişaf etdirilir. Müstəqillik tədricən artırılır, lakin nəzarət və dəstək davam edir.
c) 13–17 yaş qrupu (yeniyetməlik və sosial məsuliyyət mərhələsi)
Bu mərhələ özünüifadə, identiklik və sosial mövqe axtarışı ilə xarakterizə olunur. Fəaliyyətlər ləpirçilərin qərarvermə, liderlik (qrup daxilində rol alma), layihə əsaslı öyrənmə və ekoloji-sosial məsuliyyət bacarıqlarını gücləndirməyə yönəlir. Təbiətdə daha mürəkkəb tapşırıqlar, düşərgə fəaliyyətləri, risklərin şüurlu qiymətləndirilməsi və reflektiv müzakirələr tətbiq olunur. Öyrədənlər istiqamətverici və mentor rolunda çıxış edirlər.
d) 18–26 yaş qrupu (gənclər və fəal iştirak mərhələsi)
Bu mərhələdə iştirakçılar artıq yalnız öyrənən deyil, eyni zamanda təşəbbüskar və icraçı rolunu daşıyırlar. Proqramlar liderlik bacarıqları, komanda idarəetməsi, layihə dizaynı, fasilitasiya, düşərgə və təlimlərin təşkili kimi istiqamətləri əhatə edir. Gənclər icma əsaslı fəaliyyətlərdə, ekoloji təşəbbüslərdə və qeyri-formal təhsil proqramlarının hazırlanmasında aktiv iştirak edə bilərlər. Bu mərhələ öyrədənliyə keçid üçün baza rolunu oynaya bilər.
e) 26 yaş və yuxarı (böyüklər və ömürboyu öyrənmə mərhələsi)
Bu qrup ömürboyu öyrənmə yanaşması əsasında fəaliyyət göstərir. Fəaliyyətlər valideynlər, icma üzvləri, mütəxəssislər, könüllülər və öyrədən namizədləri üçün nəzərdə tutula bilər. Məqsəd qeyri-formal təhsil mədəniyyətinin yayılması, təcrübə paylaşımı, mentorluq, valideynlərlə birgə öyrənmə və cəmiyyət daxilində ekoloji və sosial məsuliyyətin gücləndirilməsidir.
9.3. Ləpirçilər aşağıdakı hüquqlara malikdirlər:
təhlükəsiz, inklüziv və hörmətə əsaslanan mühitdə iştirak etmək;
fikir və hisslərini sərbəst ifadə etmək;
fiziki, emosional və sosial baxımdan hörmətlə qarşılanmaq;
ayrı-seçkiliyə, zorakılığa və alçaldıcı davranışa məruz qalmamaq;
səhv edərək öyrənmək və dəstəklənmək.
9.4. Ləpirçilərdən aşağıdakılar gözlənilir:
Təbiətdə Davranış Qaydalarına və digər daxili qaydalara riayət etmək;
digər ləpirçilərə, öyrədənlərə və böyüklərə hörmətlə yanaşmaq;
təbiətə, canlılara və ətraf mühitə məsuliyyətli münasibət göstərmək;
təhlükəsizliklə bağlı göstərişlərə əməl etmək.
9.5. Ləpirçinin Sözü
Ləpirçi Forest Education Azerbaijan fəaliyyətlərinə qoşularkən aşağıdakı sözə sadiq qalacağını qəbul edir:
“Mən ləpirçi olaraq söz verirəm ki, təbiətə hörmət edəcəyəm və ona zərər verməyəcəyəm, özümə və başqalarına qarşı məsuliyyətli davranacağam, öyrənməyə açıq, dürüst və cəsarətli olacağam, dostlarıma dəstək olacaq, birlikdə öyrənəcəyəm, buraxdığım hər ləpiri xeyirli izə çevirəcəyəm.”
9.6. Ləpirçinin qızıl qaydaları
Ləpirçilər Forest Education Azerbaijan fəaliyyətləri zamanı aşağıdakı qızıl qaydalara əməl edirlər:
9.6.1. Təbiəti qoruyuram, ona zərər vermirəm
9.6.2. Canlılara və ətrafıma hörmətlə yanaşıram
9.6.3. Dinləyirəm, anlayıram və kömək edirəm
9.6.4. Təhlükəsizlik qaydalarına əməl edirəm
9.6.5. Dostlarıma qarşı mehriban və ədalətli oluram
9.6.6. Səhv etdikdə öyrənir, yenidən cəhd edirəm
9.6.7. Ayrıldığım məkandan yalnız yaxşı izlər qoyuram
9.7. Tərbiyəvi yanaşma
Ləpirçilərin davranışları cəza və qorxu üzərindən deyil, öyrədici, dəstəkləyici və məsuliyyət formalaşdıran yanaşma əsasında tənzimlənir. Maddə 10. Tabelik və daxili ünsiyyət
10.1. Departament əməkdaşları birbaşa öz departament menecerinə tabedir.
10.2. Öyrədənlər pedaqoji məsələlərlə bağlı Öyrənmə və inkişaf Departamenti vasitəsilə hesabat verirlər.
10.3. Daxili ünsiyyət açıqlıq, hörmət, etik davranış və peşəkarlıq prinsipləri əsasında qurulur.
10.4. Layihələrin idarə olunması Departamenti layihələrin icrası zamanı müvafiq sahə üzrə departamentlərlə koordinasiyalı şəkildə işləyir və layihə çərçivəsində cəlb olunan öyrədənlər, könüllülər və digər əməkdaşlar üzrə funksional əlaqələndirməni həyata keçirir.
Maddə 11. Qaydaların icrası və dəyişikliklər
11.1. Bu Qaydalar Forest Education Azerbaijan-ın bütün struktur üzvləri üçün məcburidir.
11.2. Qaydalara dəyişikliklər direktorun təqdimatı və İdarəetmə Komandasının razılığı ilə, zəruri hallarda Həmtəsisçilər Şurasının təsdiqi əsasında həyata keçirilir.
Maddə 12. Yekun müddəalar
12.1. Bu sənəd Forest Education Azerbaijan qeyri-formal təhsil birliyinin daxili idarəetmə strukturunun əsas normativ sənədidir.
12.2. Qaydalar birliyin inkişafına uyğun olaraq mütəmadi şəkildə yenilənə və təkmilləşdirilə bilər.