Təbiətdə davranış Qaydaları
Maddə 1. Meşəyə daxil olarkən davranış
1.1. Forest Education Azerbaijan fəaliyyətləri zamanı təbiətə hörmətlə yanaşılır və qəbul edilir ki, meşə və digər təbii ərazilər yalnız tədris mühiti deyil, eyni zamanda canlıların yaşayış məkanıdır.
1.2. Fəaliyyətlər zamanı öyrənmə, araşdırma və oyunlar təbiətə zərər vurulmadan həyata keçirilir.
1.3. İştirakçılar anlayırlar ki:
təbiət bitkilər, həşəratlar və heyvanlarla paylaşılır;
hər bir canlıya hörmət göstərilməlidir;
iştirakçılar bir-birinə qarşı məsuliyyətli və anlayışlı davranmalıdırlar.
1.4. Forest Education Azerbaijan fəaliyyətlərində iştirak edən hər bir şəxs aşağıdakılara əməl edəcəyini qəbul edir:
nəvazişli və mehriban davranmaq;
əlindən gələni etmək;
dürüst olmaq;
başqalarını dinləmək;
canlılara qayğı göstərmək.
Maddə 2. Sərhədlər və təhlükəsizlik
2.1. Hər bir fəaliyyətin əvvəlində ləpirçilərə:
hərəkət edə biləcəkləri ərazi;
sabit sərhədlər (ip, lent, təbii nişanlar və s.)
aydın şəkildə izah edilir.
2.2. Ləpirçilər sıx və ya gizli sahələri araşdırdıqda, məsul böyüklər onları görə biləcək, lakin sərbəst araşdırmaya mane olmayacaq məsafədə mövqe tuturlar.
2.3. Əgər ləpirçi görünüş sahəsindən çıxarsa, böyüklər “1, 2, 3 – haradasan?” deyə səslənir.
2.4. Ləpirçilər əvvəlcədən öyrədildiyi kimi “1, 2, 3 – buradayam!” cavabını verməlidirlər.
Maddə 3. Od qalaması və atəşlə davranış
3.1. Atəş yalnız Forest Education Azerbaijan tərəfindən səlahiyyət verilmiş şəxs tərəfindən qalanır.
3.2. Atəş qalınmazdan əvvəl bütün böyüklər məlumatlandırılmalıdır.
3.3. Aşağıdakı qaydalara mütləq əməl edilir:
yanan atəş heç vaxt nəzarətsiz buraxılmır;
yanğın təhlükəsizlik avadanlıqları və ilk tibbi yardım çantası yerində olmalıdır;
atəş yalnız əvvəlcədən müəyyən edilmiş sahədə qalanır.
Maddə 4. Atəş dairəsində davranış
4.1. Atəş xüsusi ayrılmış kvadrat sahədə qalanır.
4.2. Atəşdən minimum 2 metr məsafədə oturacaq dairə yaradılır.
4.3. Ləpirçilər yalnız böyüyün icazəsi ilə atəş dairəsinə daxil ola bilərlər.
4.4. Atəş ətrafında qaçmaq qadağandır.
4.5. Əşyalar atəş dairəsinə yalnız böyüklər tərəfindən gətirilə bilər.
4.6. Atəş sönmüş olsa belə, təhlükəsizlik məqsədilə yanırmış kimi qəbul edilir.
Maddə 5. Alətlərdən istifadə
5.1. Hər bir alətin ayrıca:
istifadə qaydası;
düzgün bədən mövqeyi;
zəruri qoruyucu vasitələri mövcuddur.
5.2. Alətlər yalnız:
böyüyün icazəsi və birbaşa nəzarəti altında;
müvafiq fəaliyyət məqsədi ilə
istifadə edilə bilər.
Maddə 6. Çubuqlarla (budaqlarla) davranış
6.1. Ləpirçilər qol uzunluğundan qısa çubuqları daşıya bilərlər.
6.2. Uzun çubuqlar iki nəfər tərəfindən birlikdə daşınmalıdır.
6.3. Çubuqların atılması qadağandır.
6.4. Canlı ağaclardan budaq qoparmaq qadağandır.
6.5. Çubuqlar silah kimi yalnız qaydalar tam izah edildikdən və nəzarət altında istifadə oluna bilər.
Maddə 7. Daşlarla davranış
7.1. Daşlar götürülə və daşına bilər.
7.2. Daşlardan naxışlar, şəkillər və formalar yaratmaq mümkündür.
7.3. Daş atmaq qadağandır.
7.4. Daş yerə salınarkən ətrafın təhlükəsizliyi nəzərə alınmalıdır.
Maddə 8. Qazma fəaliyyəti
8.1. Dərin çuxurlar qazmaq tövsiyə edilmir.
8.2. Torpaq yalnız həşəratları və onların yaşayış mühitini müşahidə etmək məqsədilə az miqdarda hərəkət etdirilə bilər.
8.3. Qazma üçün barmaqlardan, kiçik çubuqlardan və ya xüsusi alətlərdən istifadə edilə bilər.
Maddə 9. Odun yığılması
9.1. Odun yalnız aşağıdakı qalınlıqlarda toplanır:
kibrit qalınlığında;
qələm qalınlığında;
barmaq qalınlığında;
bilək qalınlığında.
9.2. Odun yığımı zamanı:
canlıların yaşayış mühiti qorunur;
ehtiyacdan artıq material toplanmır.
Maddə 10. Yemək və içmək
10.1. Meşədə və ya təbiətdə tapılan heç bir şey icazəsiz yeyilə bilməz.
10.2. Yeməkdən əvvəl əllər mütləq təmizlənməlidir.
10.3. Barmaqlar ağıza və buruna aparılmamalıdır.
10.4. Yalnız əvvəlcədən planlaşdırılmış qida fəaliyyətləri istisna təşkil edir.
Maddə 11. İp və kəndirdən istifadə
11.1. Ləpirçilərin bir-birini bağlaması qadağandır.
11.2. Çadır, tente və ya yelləncək qurularkən böyüklər dəstək göstərir.
11.3. Düyün bağlama və təhlükəsiz qərar vermə bacarıqları böyüklər tərəfindən modelləşdirilir.
Maddə 12. Materialların daşınması
12.1. Ləpirçilər yuvarlama, çəkmə, qaldırma və daşıma üsullarını öyrənirlər.
12.2. Qaldırma zamanı dizlərin bükülməsi və belin düz saxlanması təşviq olunur.
12.3. Ağır əşyalar bir neçə nəfər tərəfindən birlikdə daşınır.
Maddə 13. Tualet və gigiyena
13.1. Fəaliyyətdən əvvəl tualetə getmək tövsiyə olunur.
13.2. Zəruri hallarda ləpirçilər məsul böyüyün müşayiəti ilə tualetə aparılır.
13.3. Gigiyena qaydalarına ciddi riayət olunur.
Maddə 14. Ağaca dırmanma
14.1. Ağaca dırmanma yalnız böyüyün iştirakı ilə mümkündür.
14.2. Ağac əvvəlcədən təhlükəsizlik baxımından yoxlanılır.
14.3. Maksimum dırmanma hündürlüyü 1,5 metrdir.
14.4. Böyüklər yaxın məsafədə, lakin müdaxilə etməyəcək mövqedə olurlar.
Maddə 15. Ərazidən çıxarkən davranış
15.1. Forest Education Azerbaijan fəaliyyətləri zamanı “iz buraxmamaq” prinsipi əsas götürülür.
15.2. Ərazidən çıxarkən:
qurulan sığınacaqlar sökülür;
gətirilmiş materiallar yığılır;
bütün tullantılar ərazidən aparılır.