VTB HAQQINDA ƏSASNAMƏ
“Forest Education Azerbaijan” qeyri-formal təhsil birliyinin Vahidləşdirilmiş Təlimçilər Bazası (VTB) haqqında
Ə S A S N A M Ə
Maddə 1. Ümumi müddəalar
“Forest Education Azerbaijan” qeyri-formal təhsil birliyi (bundan sonra FEA) çərçivəsində yaradılmış Vahidləşdirilmiş Təlimçilər Bazası qeyri-formal təhsil, açıq hava və ekoloji təhsil, təcrübəyə əsaslanan öyrənmə, gənclərlə və icmalarla iş sahəsində ixtisaslaşmış təlimçilər, fasilitatorlar və təhsil ekspertlərindən ibarət peşəkar və dinamik bir sistemdir. Vahidləşdirilmiş Təlimçilər Bazası FEA-nın təhsil və maarifləndirmə fəaliyyətlərinin keyfiyyətinin qorunması, davamlılığının təmin edilməsi və institusional inkişafının gücləndirilməsi məqsədi ilə formalaşdırılmışdır.
Bu Əsasnamə Vahidləşdirilmiş Təlimçilər Bazasının rolu, fəaliyyəti, seçilmə mexanizmləri, keyfiyyət meyarları, daxili işləmə qaydaları və tərəfdaşlarla qarşılıqlı münasibətlərini tənzimləyir. Əsasnamə təcrübəyə, ehtiyaclara və təşkilati inkişaf mərhələlərinə uyğun olaraq dövri şəkildə yenilənə bilər.
Maddə 2. Rolu və məqsədi
Vahidləşdirilmiş Təlimçilər Bazasının (bundan sonra Baza) əsas rolu FEA tərəfindən həyata keçirilən bütün təlim, seminar, düşərgə, akademiya və maarifləndirmə proqramlarının peşəkar səviyyədə hazırlanmasına, icrasına və qiymətləndirilməsinə töhfə verməkdir. Baza FEA üçün sadəcə təlimçi siyahısı deyil, eyni zamanda təlim keyfiyyətinin təmin edilməsi mexanizmi və biliklərin institusional yaddaşı rolunu oynayır. Baza çərçivəsində yer alan təlimçilər FEA-nın təlim fəlsəfəsini, dəyərlərini və metodoloji yanaşmalarını təmsil edir, iştirakçıların real və mənalı öyrənmə təcrübəsi əldə etməsini təmin etməyə yönəlmiş fəaliyyətlər həyata keçirirlər. Təlimçilər FEA-nın proqram komandasını tamamlayır və onun təhsil ekosisteminin ayrılmaz hissəsi hesab olunur.
Maddə 3. Təlimçilərin funksiyaları və fəaliyyət sahələri
Bazaya daxil olan şəxslər aşağıdakı funksiyaları yerinə yetirə bilərlər:
3.1. Təlim proqramlarının, modulların və sessiyaların planlaşdırılması, hazırlanması və icrası;
3.2. Təlim və düşərgə fəaliyyətlərində təlimçi, fasilitator, mentor və ya resurs şəxs kimi çıxış edilməsi;
3.3. Təlimlərin nəticələrinin qiymətləndirilməsi, hesabatların və sənədlərin hazırlanması;
3.4. Metodiki və tədris materiallarının hazırlanması və təkmilləşdirilməsi, layihə əsaslı öyrənmə, açıq hava təhsili və qeyri-formal metodların tətbiqi;
3.5. Xüsusi tematik sahələr üzrə ekspert dəstəyi göstərilməsi.
3.6. Zərurət yarandıqda təlimçilər tədqiqat, ehtiyac analizi, qiymətləndirmə və monitorinq proseslərinə də cəlb oluna bilərlər.
Maddə 4. Dəyərlər və təhsil yanaşması
Bazaya daxil olan bütün şəxslər aşağıdakı əsas dəyərləri qəbul edir və fəaliyyətlərində rəhbər tutur:
4.1. Qeyri-formal və iştirakçı yönümlü təhsil yanaşması;
4.2. İnsan ləyaqətinə hörmət, inklüzivlik və bərabər imkanlar;
4.3. Ekoloji məsuliyyət və davamlı inkişaf prinsipləri, təhlükəsiz və rifah yönümlü öyrənmə mühiti;
4.4. Etik davranış və peşəkar məsuliyyət; eləcə də ömürboyu öyrənmə və özünüinkişaf.
Maddə 5. Təlimçilərin seçimi prosesi
Bazaya qəbul könüllü müraciət və mərhələli qiymətləndirmə əsasında həyata keçirilir. Müraciət mərhələsində namizəd FEA tərəfindən müəyyən edilmiş formada sənədlərini təqdim edir. İlkin mərhələdə sənədlərin tamlığı və formal uyğunluğu yoxlanılır. Növbəti mərhələdə namizədin təlimçilik təcrübəsi, qeyri-formal təhsildə iştirakı, tematik uyğunluğu, dəyərlərə və metodologiyaya uyğunluğu FEA-nın müvafiq proqram koordinatorları və ya ekspertləri tərəfindən qiymətləndirilir. Zərurət yarandıqda namizədlə müsahibə keçirilə bilər. Vahidləşdirilmiş Təlimçilər Bazasına təlimçilərin qəbulu üçün səriştələr çərçivəsi və standartlara (Maddə 6) əsasən qiymətləndirmə nəticəsində uyğun hesab edilən şəxslər Vahidləşdirilmiş Təlimçilər Bazasına daxil edilir. Təlimçilər Hovuzuna daxil edilmə işə qəbul və ya daimi əmək münasibəti yaratmır. Hər bir fəaliyyət üzrə əməkdaşlıq ayrıca razılaşma əsasında qurulur.
Maddə 6. Təlimçilərin qəbulu üçün səriştələr çərçivəsi və standartlar
6.1. Ümumi səriştə sahələri üzrə standartlar
|
Səriştə sahəsi |
Standartın təsviri |
Qiymətləndirmə meyarları |
|
Qeyri-formal təhsil anlayışı |
Təlimçi qeyri-formal təhsilin prinsiplərini, fəlsəfəsini və tətbiq mexanizmlərini anlayır və praktikada tətbiq edir |
Qeyri-formal metodlardan istifadə, iştirakçı yönümlü yanaşma, refleksiya bacarığı |
|
Təlim dizaynı və planlaşdırma |
Təlimçi ehtiyaclara əsaslanan, məqsədli və ölçülə bilən təlim proqramları hazırlaya bilir |
Məqsədlərin aydınlığı, proqram strukturu, zamanın düzgün bölünməsi |
|
Təlim məqsədləri və nəticələr |
Təlimçi konkret, əldə edilə bilən və qiymətləndirilə bilən öyrənmə nəticələri müəyyən edir |
Məqsəd–metod–nəticə uyğunluğu |
|
Səriştə əsaslı yanaşma |
Təlimçi bilik, bacarıq, münasibət və dəyərləri birgə inkişaf etdirən yanaşmadan istifadə edir |
Praktiki tapşırıqlar, davranış dəyişiklikləri, tətbiq bacarığı |
|
Metodoloji uyğunluq |
Təlim metodları mövzuya, hədəf qrupa və kontekstə uyğun seçilir |
Metod müxtəlifliyi, çeviklik, adaptasiya |
|
İştirakçılıq və inklüzivlik |
Təlimçi bütün iştirakçıların fəal və bərabər iştirakını təmin edir |
Aktiv iştirak, inklüziv mühit, bərabər yanaşma |
|
Təhlükəsiz öyrənmə mühiti |
Təlimçi fiziki, psixoloji və emosional təhlükəsizliyi təmin edir |
Risklərin idarə edilməsi, etik davranış |
|
Fasilitasiya bacarıqları |
Təlimçi öyrənmə prosesini yönləndirir, lakin monopoliyalaşdırmır |
Sual vermə, müzakirə aparma, qrup dinamikası |
|
Ünsiyyət və təqdimat |
Təlimçi aydın, anlaşılan və motivasiyaedici ünsiyyət qurur |
Şifahi nitq, bədən dili, təqdimat bacarığı |
|
Dil bacarıqları |
Təlimçi təlimləri elan etdiyi dillərdə effektiv şəkildə apara bilir |
Dil səviyyəsi, terminoloji düzgünlük |
|
Qiymətləndirmə və refleksiya |
Təlimçi təlim prosesini və nəticələrini qiymətləndirə bilir |
Refleksiya sessiyaları, geribildirim |
|
Sənədləşmə və hesabatlılıq |
Təlimçi fəaliyyəti sənədləşdirir və hesabat təqdim edir |
Hesabatların keyfiyyəti və vaxtında təqdim edilməsi |
|
Komanda ilə işləmə |
Təlimçi digər təlimçilər və təşkilat komandası ilə effektiv işləyir |
Əməkdaşlıq, rolların bölüşdürülməsi |
|
Etik davranış |
Təlimçi FEA-nın dəyərlərinə və etik kodeksinə uyğun davranır |
Hörmət, məsuliyyət, peşəkarlıq |
|
Davamlı inkişaf |
Təlimçi öz bilik və bacarıqlarını daim inkişaf etdirir |
Yeni təlimlərdə iştirak, yeniliklərə açıqlıq |
6.2. Təlimçilərin qəbulunda istifadə olunan əsas səriştə kateqoriyaları
|
Kateqoriya |
Açıqlama |
|
Əsas səriştələr |
Qeyri-formal təhsil bilikləri, fasilitasiya və ünsiyyət bacarıqları |
|
Peşəkar səriştələr |
Təlim dizaynı, metodika, qiymətləndirmə və sənədləşmə |
|
Sosial səriştələr |
Komanda işi, inklüzivlik, iştirakçılıq |
|
Dəyərlər və münasibətlər |
Etik davranış, cəmiyyətdə nüfuzun olması, məsuliyyətli obraz, ekoloji və sosial həssaslıq |
|
İnnovasiya və inkişaf |
Yeni metodlara açıqlıq, tədqiqat və təkmilləşmə |
6.3. Qiymətləndirmə və qərar mexanizmi
|
Mərhələ |
Məzmun |
|
İlkin baxış |
Sənədlərin tamlığı və formal uyğunluq (bax 6.4.) |
|
Səriştə analizi |
CV, bioqrafiya və sertifikatlar əsasında qiymətləndirmə |
|
Keyfiyyət uyğunluğu |
Təlim fəlsəfəsi və dəyərlərlə uyğunluq |
|
Müsahibə (zəruri olduqda) |
Təlimçilik yanaşması və praktiki nümunələr |
|
Qərar |
Təlimçi ID verilməsi (Maddə 7 ) VTB-yə daxil edilmə (Maddə 8) və ya əlavə inkişaf tövsiyəsi |
6.4. Təlimçilərdən tələb olunan sənədlər
Bazaya müraciət edən şəxslər aşağıda göstərilən sənədləri və məlumatları tam və düzgün şəkildə təqdim etməlidirlər:
-
İşgüzar üslubda fotoşəkillər: namizəd tərəfindən təqdim edilən minimum iki (2) fərqli fotoşəkil işgüzar və peşəkar üslubda olmalı, müxtəlif rakurslardan çəkilməlidir. Fotoşəkillərdən biri profil məqsədləri üçün (portret formatında), digəri isə təqdimat və fəaliyyət materiallarında istifadə üçün nəzərdə tutulmalıdır. Şəkillər yüksək keyfiyyətli, neytral fonlu və aydın görüntülü olmalıdır.
-
Özünüz haqqında ətraflı məlumat (minimum iki abzas): namizəd öz təlimçilik fəaliyyəti, peşəkar karyera yolu, akademik və ya qeyri-formal təhsili, sosial və ictimai fəaliyyətləri, eləcə də beynəlxalq proqramlarda iştirakı və olmuş olduğu ölkələr barədə ətraflı və strukturlaşdırılmış məlumat təqdim etməlidir. Bu məlumat təlimçinin təcrübə və ixtisaslaşma sahələrinin ümumi təsəvvürünü formalaşdırmalıdır.
-
Aktual CV və ya tərcümeyi-hal: namizədin təhsil, peşəkar fəaliyyət, təlimçilik və digər müvafiq təcrübələrini əhatə edən, yenilənmiş və aktual CV və ya tərcümeyi-hal təqdim edilməlidir. Sənəd xronoloji ardıcıllıqla və rəsmi formatda hazırlanmalıdır.
-
Təlimçilik və fasilitatorluq üzrə sertifikatlar: Təlimçi hazırlığı, fasilitatorluq, təhsil metodologiyası və ixtisasartırma üzrə əldə edilmiş sertifikatların skan edilmiş və oxunaqlı nüsxələri təqdim edilməlidir. Sertifikatlar rəsmi qurum və ya proqramlar tərəfindən verilmiş olmalıdır.
-
Keçmiş təlim və ixtisasartırma kurslarının siyahısı: Namizəd iştirak etdiyi təlim, seminar, kurs və ixtisasartırma proqramlarının siyahısını təqdim etməlidir. Siyahı əsasən sertifikat və rəsmi təsdiq sənədlərinə əsaslanmalı, mövzular və təşkilatçı qurumlar göstərilməlidir.
-
Sosial şəbəkə hesablarına keçidlər: Təlim fəaliyyəti ilə bağlı məlumatların, paylaşımların və ya materialların dərc edildiyi sosial şəbəkə hesablarına (Facebook, Instagram, LinkedIn və digər müvafiq platformalar) aktiv keçidlər təqdim olunmalıdır. Bu məlumatlar namizədin təlimçilik fəaliyyətinin açıq mənbələrdə təsdiqi məqsədi daşıyır.
-
Təlim apara bildiyiniz dillər: Namizəd təlimləri hansı dillərdə apara bildiyini və hər dil üzrə səviyyəsini (məsələn, əsas, orta, yüksək və ya ekvivalent beynəlxalq səviyyələr) qeyd etməlidir.
-
Faktiki yaşayış yeri: Namizədin hal-hazırda faktiki yaşadığı yer şəhər və ölkə səviyyəsində göstərilməlidir. Bu məlumat təlimlərin planlaşdırılması və regional fəaliyyətlər üçün nəzərə alınır.
-
Elmi və ya publisistik fəaliyyət (mövcuddursa): Namizədin müəllifi və ya həmmüəllifi olduğu məqalələr, kitablar, tədqiqat işləri, analitik yazılar və digər nəşrlər barədə məlumat təqdim edilməlidir. Mövcud olduqda müvafiq keçidlər və ya istinadlar əlavə oluna bilər.
Maddə 7. Təlimçi ID verilmə qaydası
Vahidləşdirilmiş Təlimçilər Bazasına daxil edilən hər bir şəxsə unikal Təlimçi ID verilir.
Format: FEA-VTB-2026/002
Burada “FEA” – “Forest Education Azerbaijan”ın abreviaturası, “VTB” Vahidləşdirilmiş Təlimçilər Bazasının abreviaturası, “2026” – bazaya qəbul edildiyi ili, “002” isə həmin il üzrə qəbul edilmiş təlimçilər arasında sıra nömrəsini ifadə edir.
Maddə 8. Şəhadətnamə və bazada yerləşdirmə
Bazaya daxil edilmiş hər bir şəxsə Azərbaycan dilində və ingilis dilində bazaya qəbul haqqında şəhadətnamə (Əlavə 2.) təqdim olunur. Təlimçinin profili və təsdiqlənmiş məlumatları FEA-nın rəsmi platformasında – www.forestedu.az/trainershub ünvanında yerləşdirilir. Şəhadətnamə FEA çərçivəsində həyata keçirilən təlim və maarifləndirmə fəaliyyətlərində istinad sənədi kimi istifadə oluna bilər.
Maddə 9. VTB-nin fəaliyyəti və yenilənməsi
Baza dinamik sistemdir. Təlimçilərdən öz profillərini mütəmadi yeniləmək, yeni təcrübə və fəaliyyətlərini bazaya əlavə etmək gözlənilir. Uzun müddət aktiv olmayan və ya məlumatlarını yeniləməyən, o cümlədən qeyd edilən təlimçi səriştə və etik davranışında mənfi hal müşahidə olunmuş təlimçilərin bazadakı statusu yenidən nəzərdən keçiriləcəkdir.
MADDƏ 10. Yekun müddəalar
Bu Əsasnamə Forest Education Azerbaijan-ın təlim fəaliyyətlərinin keyfiyyətini, etibarlılığını və institusional davamlılığını təmin edən əsas sənədlərdən biridir. Əsasnamə təcrübəyə əsasən təkmilləşdirilə və FEA-nın strateji məqsədlərinə uyğun olaraq yenilənə bilər.