QISA BİOQRAFİK MƏLUMAT
Reyhan Camalova hazırda Dünya Bankının İnkişaf Təsirləri Qrupunda (DIME) Araşdırma Assistanı və Konsultant kimi fəaliyyət göstərir. O, 2025-ci ildə ABŞ-ın Pensilvaniya Universitetində Kompüter Elmləri ixtisası üzrə bakalavr təhsilini fərqlənmə ilə başa vurmuşdur. Reyhanın araşdırma fəaliyyəti süni intellekt, sosial normalar, media təhlili və ictimai sağlamlıq sahələrini əhatə edir; o, müxtəlif ölkələr üzrə böyükhəcmli məlumatlar üzərində işləyərək texnologiyanın sosial problemlərin həllində rolunu tədqiq edir. Akademik fəaliyyəti ilə yanaşı, Reyhan beynəlxalq konfranslarda çıxış etmiş və gənclər üçün mentorluq fəaliyyətləri həyata keçirmişdir. Reyhan Camalova eyni zamanda 2017-ci ildə təsis etdiyi Rainergy sosial innovasiya layihəsinin qurucusudur; layihənin əsas məqsədi yağış suyundan alternativ enerji istehsal edərək dayanıqlı və əlçatan enerji həlləri yaratmaqdır. Bu təşəbbüs ona beynəlxalq səviyyədə tanınma qazandırmış, o cümlədən Forbes 30 Under 30 Asia, BBC 100 Women, TRT World Gənclər Mükafatı, Greentech Yaşıl Mükafatı, bp NetZero Təqaüdü və Azərbaycan Respublikası Prezident Mükafatı kimi nüfuzlu mükafat və təltiflərə layiq görülmüşdür. Reyhan One Young World səfiri və beynəlxalq liderlik platformalarının fəal iştirakçısıdır. Sertifikatlı liderlik kouçu kimi o, gənclər üçün liderlik, karyera planlanması, özünü tanıma, beynəlxalq imkanlar və araşdırma bacarıqları üzrə təlimlər keçirərək, məqsədyönlü və sosial təsir yaradan yeni nəsil liderlərin formalaşmasına töhfə verməyi əsas hədəfi hesab edir.