QISA BİOQRAFİK MƏLUMAT
Nəzrin Quliyeva layihə idarəetməsi, korporativ və strateji kommunikasiya, tədbir menecmenti və beynəlxalq əlaqələr sahələrində 5 ildən artıq peşəkar təcrübəyə malik mütəxəssisdir. O, gənclər sektoru, qeyri-hökumət təşkilatları və özəl sektor arasında əməkdaşlığın qurulması, strateji təşəbbüslərin icrası və təsir yönümlü layihələrin həyata keçirilməsi sahələrində fəal fəaliyyət göstərmişdir. Peşəkar ixtisaslaşma sahələrindən biri Dəyişikliyin idarə edilməsi (Change Management) olub, institusional transformasiya proseslərində kommunikasiya, adaptasiya və maraqlı tərəflərin cəlb edilməsi üzrə effektiv yanaşmalar tətbiq edir. 2021–2022-ci illərdə ABŞ-da müxtəlif korporativ sosial məsuliyyət (KSM) layihələrinə rəhbərlik etmiş və bu təşəbbüslərin icrasında aktiv iştirak etmişdir. 2022–2024-cü illərdə ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyində Program Meneceri kimi çalışmış, fəaliyyəti dövründə Azərbaycanın ilk və ən böyük biznes yarışmasının idarə edilməsinə rəhbərlik etmiş, eyni zamanda ölkənin nüfuzlu şirkətləri ilə birgə KSM yönümlü tədbir və layihələrin həyata keçirilməsinə töhfə vermişdir. 2025-ci ildən etibarən həmin təşkilatın İdarə Heyətinin sədridir. 2022-ci ildən etibarən gənclər sektorunda aktiv fəaliyyət göstərərək beynəlxalq əlaqələrin qurulması, layihələrin təşkili və tərəfdaşlıqların inkişaf etdirilməsi sahələrində mühüm rol oynamışdır. 2024–2025-ci illərdə BMT-nin Gənclər üzrə Məşvərət Şurasının sədr müavini vəzifəsində çalışmışdır. Gənclər və QHT sektoru ilə yanaşı, özəl qurumların strategiyalarının icrası, tədbir və layihələrin təşkili proseslərində iştirak etmiş, beynəlxalq özəl şirkətlərdən birində biznesin inkişafı və strateji planlama istiqamətində fəaliyyət göstərmişdir. O, onlarla gəncin şəxsi və peşəkar inkişafını dəstəkləyən mentorluq və təcrübə proqramlarının icrasına rəhbərlik etmişdir. Nəzrin Quliyeva yerli və beynəlxalq Erasmus+ layihələrində iştirak etmiş, eyni zamanda bir sıra Erasmus layihələrinə rəhbərlik etmişdir. O, Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən 2024-cü ildə Özbəkistanda təşkil olunmuş Təlimçilər üçün Təlim (ToT) proqramının məzunudur. Bundan əlavə, Litvanın Vilnüs şəhərində keçirilən qeyri-formal təhsil üzrə ToT proqramında iştirak etmiş, qeyri-formal təlim dizaynı, fasilitasiya, gənclər və böyüklərlə iş metodologiyaları üzrə ixtisaslaşmışdır. İndiyədək AR Elm və Təhsil Nazirliyi, Bir Könüllü Gənclər Təşkilatı, Beynəlxalq Təhsil üzrə Amerika Şurası və müxtəlif Gənclər evləri ilə əməkdaşlıq çərçivəsində layihələrin idarə edilməsi, dəyişikliyin idarə edilməsi, kommunikasiya və ilhamverici ictimai çıxışlar sahələrində təlim və çıxışlar həyata keçirmişdir. Hazırda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzinin Korporativ Sektorunda fəaliyyətini davam etdirir.