Qısa bioqrafik məlumat
Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavr və magistr pilləsində tarix müəllimliyi ixtisası üzrə tamamlamışdır. Peşəkar fəaliyyətini isə gənclər sektorunda davam etdirərək Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik filialının direktoru kimi dövlət gənclər siyasətinin icrasında iştirak etmiş, xüsusilə region gənclərinin, o cümlədən qızların şəxsi və peşəkar inkişafını dəstəkləyən proqramların hazırlanması və icrasına rəhbərlik etmişdir. Fəaliyyəti dövründə təlimçilik bacarıqlarını inkişaf etdirmək məqsədilə Avropa gənclər strukturları tərəfindən Bakıda və Strasburqda təşkil olunan bir sıra beynəlxalq təlim proqramlarında iştirak etmişdir. Bu təcrübə ona qeyri-formal təhsil metodologiyaları, fasilitasiya bacarıqları və inklüziv yanaşmalar üzrə ixtisaslaşmaq imkanı yaratmışdır. Hazırda Gender Talks Platformasının rəhbəri olaraq yeniyetmələrin və imkanlara çıxışı məhdud qrupların karyera imkanlarının genişləndirilməsi istiqamətində təlimlərin təşkili və icrasında iştirak edir. Platforma çərçivəsində yeniyetmələri alternativ karyera seçimlərində real rol model hekayələri ilə ilhamlandırmaq məqsədilə hazırlanmış “Cəsur Addımlar” kitabının hazırlanması və region gənclərinə çatdırılması prosesini idarə etmişdir. Eyni zamanda, Azərbaycan Gənclər Alyansı İB-nin İdarə Heyətinin üzvü kimi cənub regionunda maarifləndirici təlimlər vasitəsilə həyata keçirilən “Erkən Nikahlara YOX deyək!” kampaniyasına rəhbərlik etmişdir. Bu təşəbbüs onun fəaliyyətində sosial transformasiya və gender bərabərliyi istiqamətində mühüm mərhələ hesab olunur. Fəaliyyətinin əsas xətti qızların təhsildə qalmasına dəstək göstərmək, onların alternativ karyera imkanları barədə məlumatlılığını artırmaq və region gənclərinin sosial-iqtisadi imkanlara çıxışını genişləndirməkdir.