QISA BİOQRAFİK MƏLUMAT
Qeyri-formal təhsil, müəllimlərin peşəkar inkişafı və təhsil texnologiyaları sahəsində geniş yerli və beynəlxalq təcrübəyə malik təlimçidir. O, müəllim hazırlığı, media savadlılığı, yumşaq bacarıqlar və beynəlxalq təhsil mövzularında təlim və seminarlar keçirərək müxtəlif yaş və hədəf qrupları ilə çalışmışdır. Beynəlxalq səviyyədə ABŞ, Fransa, Belçika, Gürcüstan, Türkiyə və Şimali Kiprdə təşkil olunmuş konfrans, təlim və mübadilə proqramlarının fəal iştirakçısı olmuşdur. English for Career Development (University of Pennsylvania), Training for Trainers (Strasburq), Leaders in Education və regional ELT konfransları onun əsas beynəlxalq təcrübələrinə daxildir. 2018–2019-cu illərdə ABŞ Konsulluğunda MOOC Leader və fasilitator kimi fəaliyyət göstərmiş, regionlarda müəllim və gənclər üçün təlimlər keçmişdir. 2019–2020-ci illərdə Fulbright TEA Media Literacy proqramı çərçivəsində ABŞ-ın Ohayo ştatında Kent Dövlət Universitetində təhsil almış, proqramı uğurla tamamlayaraq təlimçi kimi fəaliyyətini davam etdirmişdir. 2022–2023-cü illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi beynəlxalq Training for Trainers proqramının iştirakçısı kimi region gəncləri üçün “Beynəlxalq təhsil” və “Yumşaq bacarıqlar” mövzularında təlimlər keçmiş, yekun mərhələdə Strasburqda sertifikatla təltif edilmişdir. Hazırda Avropa Şurasının eTwinning fasiləsiz təhsil proqramının layihə səfiri olaraq fəaliyyət göstərir və təhsildə süni zəka, innovativ metodlar, səsləndirmə və dublyaj yanaşmaları vasitəsilə dil bacarıqlarının inkişafı istiqamətində təlimlər aparır.