QISA BİOQRAFİK MƏLUMAT
Ümumi psixologiya sahəsi üzrə ixtisaslaşmış, psixoloji maarifləndirmə, psixososial dəstək və qeyri-formal təhsil istiqamətlərində uzunmüddətli təcrübəyə malik mütəxəssisdir. O, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində magistratura pilləsini ümumi psixologiya ixtisası üzrə başa vurmuşdur. Hazırda psixoloji inkişaf və maarifləndirmə sahəsində layihə rəhbəri və təlimçi kimi fəaliyyət göstərir. Kamil Həmidov “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin sədri, BDU-nun Gender və tətbiqi psixologiya kafedrasının müəllimi, həmçinin “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin sədr müavini və təsisçisidir. Onun fəaliyyəti əsasən gənclərlə iş, həssas qrupların psixoloji dəstəyi, təhsil psixologiyası və icma əsaslı psixoloji müdaxilə modellərinin tətbiqinə yönəlib. Peşəkar inkişaf çərçivəsində Columbia University – Teachers College tərəfindən təşkil olunan Global Mental Health Summer Institute proqramında iştirak etmiş, eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı və TƏBİB tərəfindən keçirilən təlimçilər üçün psixososial dəstək bacarıqları proqramlarını uğurla tamamlamışdır. O, həmçinin kognitiv davranış terapiyası üzrə ixtisasartırma təlimləri keçmişdir. Kamil Həmidov 2017-ci ildən etibarən psixoloji maarifləndirmə və psixososial dəstək yönümlü çoxsaylı layihələrin müəllifi və icraçısıdır. Onun rəhbərliyi ilə “Kitabla terapiya”, “Psixomaarifləndirmə” onlayn platforması, Sosial Teatr, BiblioDrama, PsixoYardım, Gənc psixoloqlar üçün elmi tədqiqat proqramları və müharibə iştirakçıları üçün psixososial dəstək layihələri həyata keçirilmişdir. Bu layihələr Bakı şəhəri ilə yanaşı, Gəncə, Quba, Lənkəran, Şamaxı, Sumqayıt, Zəngilan və digər regionları əhatə etmişdir. İngilis və rus dillərində sərbəst ünsiyyət və təlim aparmaq bacarığına malik olan Kamil Həmidov psixoloji rifahın gücləndirilməsi, psixi sağlamlıq savadlılığı və qeyri-formal təhsil vasitəsilə sosial davamlılığın artırılması istiqamətində fəaliyyətini davam etdirir.