QISA BİOQRAFİK MƏLUMAT
Layihə idarəetməsi, ictimaiyyətlə əlaqələr, rəqəmsal marketinq və strateji kommunikasiya sahələrində 6 ildən artıq peşəkar təcrübəyə malik mütəxəssis və təlimçidir. Uzun illər gənclər sektorunda fəaliyyət göstərərək gənclərin şəxsi və peşəkar inkişafını dəstəkləyən milli və beynəlxalq layihələrdə layihə meneceri və təlimçi kimi çalışmışdır. 2016–2019-cu illərdə İrəli İctimai Birliyində layihə meneceri, 2019–2022-ci illərdə isə Media departamentinin rəhbəri kimi fəaliyyət göstərmiş, bu müddətdə layihələrin planlaşdırılması və icrası, kommunikasiya strategiyalarının hazırlanması, media əlaqələrinin qurulması, ictimai kampaniyaların təşkili və komanda idarəetməsi sahələrində geniş təcrübə qazanmışdır. 2022-ci ildən etibarən peşəkar fəaliyyətini beynəlxalq müstəvidə davam etdirərək BMT-nin Qlobal Kommunikasiyalar Departamentində mütəxəssis kimi strateji kommunikasiya çərçivələrinin tətbiqi, kontent strategiyalarının hazırlanması və institusional mesajların koordinasiyası ilə məşğul olmuşdur. Hazırda BMT-nin Məskunlaşma Proqramında (UN-Habitat) təbliğat və kampaniyalar üzrə məsləhətçi kimi çalışır, siyasət yönümlü təbliğat təşəbbüslərinin icrası, dövlət qurumları və institusional tərəfdaşlarla əməkdaşlığın qurulması, ictimai iştirakçılıq mexanizmlərinin gücləndirilməsi, eləcə də beynəlxalq forum və tədbirlərin kommunikasiya komponentlərinə rəhbərlik edir. Paralel olaraq qeyri-formal təhsil sahəsində aktiv təlimçilik fəaliyyəti göstərir, insan hüquqları, şəxsi inkişaf, layihə planlaması, media və kommunikasiya, rəqəmsal marketinq mövzularında yerli və beynəlxalq auditoriyalar üçün təlimlər keçir. Regionlarda və Erasmus+ kimi beynəlxalq platformalar çərçivəsində həyata keçirilən layihələrdə təlimçi qismində iştirak etmişdir. Məleykə Tağızadə hazırda Roma Sapienza Universitetində Beynəlxalq İnkişaf və Əməkdaşlıq Elmi üzrə magistr təhsili alır. O, TRAYAZE – Təlimçilər üçün Təlim adlı birillik beynəlxalq proqramın məzunu olaraq təlim dizaynı, fasilitasiya və böyüklərlə iş metodologiyaları üzrə ixtisaslaşmışdır. Azərbaycan, ingilis və türk dillərində yüksək səviyyəli kommunikasiya və təlimçilik bacarıqlarına malikdir.