QISA BİOQRAFİK MƏLUMAT
2013-cü ildən etibarən ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən, eyni zamanda qeyri-formal təhsil, sosial və ekoloji yönümlü layihələrdə aktiv iştirak edən təlimçi və icma fəalıdır. O, formal təhsil təcrübəsini gənclərlə iş, könüllülük və davamlı inkişaf mövzularında praktiki fəaliyyətlə birləşdirərək müxtəlif yaş qrupları ilə işləməkdə geniş təcrübə qazanmışdır. Təhsil və gənclərlə iş sahəsində həm yerli, həm də beynəlxalq layihələrdə iştirak etmişdir. Erasmus Solidarity Corps proqramı çərçivəsində Türkiyənin Antalya şəhərində yerləşən Engelli Eğitim Vakfında iki ay müddətində könüllü fəaliyyət göstərmiş, inklüziv təhsil və sosial inteqrasiya sahəsində praktiki təcrübə əldə etmişdir. YouthFor Alumni layihəsində bir il mentor kimi çalışaraq 3–4-cü kurs tələbələri üçün karyera planlaması və şəxsi inkişaf mövzularında təlimlər keçmişdir. Beş ildən artıqdır ki, “Təbiət Dostları Gənclər” təşkilatının idarə heyətinin üzvüdür və “Ekokənd”, “Tullantıların idarə edilməsi”, “Eko-turizm” kimi ekoloji layihələrin təşkilində fəal rol almışdır. Eyni zamanda EU Policy Lab çərçivəsində “Sosial sahibkarlıq” mövzusu üzrə bir illik layihənin icraçısı olmuşdur. Reyhan Həmidova Təhsildə Keyfiyyət Təminatı Agentliyində bağça inspektoru, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasında Bakı şəhəri üzrə koordinator, Gender Hub Azerbaijan-da fasilitator kimi fəaliyyət göstərmişdir. O, İTE Təlimçi hazırlığı kursunu uğurla başa vurmuş və 2022-ci ildən etibarən Formula 1 yarışlarında marshal kimi iştirak edir. 2025-ci ildə keçirilən “Yaradıcı müəllim” müsabiqəsində ekoloji istiqamətli layihə ilə fərqlənən müəllimlərdən biri olmuşdur. Asudə vaxtlarında alpinizmlə məşğul olur, Azərbaycanın yüksək dağlarına yürüşlər edir, velosiped və təbiət yürüyüşlərində aktiv iştirak edir. Hazırda Turizm menecmenti ixtisası üzrə bakalavr təhsili alır.