Qeyri-formal təhsilin uşaqların sosial-emosional inkişafında rolu ilə bağlı elmi məqalə ELMİ TƏDQİQAT beynəlxalq elmi jurnalında dərc olunub.
“İnnovasiyalar əsrində yeniliklərin təsiri zamanı uşaqların sosial-emosional xarakter inkişafında skautinq fəaliyyətinin təqdim etdiyi dərsdənkənar proqramın effektivliyinin tədqiqi” adlı məqalənin müəllifləri əməkdaşlarımız Əl-Fərabi adına Qazax Milli Universitetinin doktorantı Elnur Arifzadə və Mingəçevir Dövlət Universiteti-nin magistrantı, həmtəsisçimiz Ülvi Məmmədovdur.
Məqalədə müasir texnoloji innovasiyalar və sürətli dəyişikliklər fonunda uşaqların sosial-emosional inkişafında yaranan çağırışlar təhlil olunur, bu kontekstdə skautinq fəaliyyətlərinin qeyri-formal təhsil modeli kimi effektivliyi araşdırılır. Tədqiqat skautinqin dəyər-yönümlü və təcrübəyə əsaslanan yanaşmasının uşaqlarda empatiya, əməkdaşlıq, məsuliyyət və liderlik bacarıqlarının formalaşmasına müsbət təsir göstərdiyini elmi əsaslarla ortaya qoyur.
Araşdırmanın empirik hissəsi 2024-cü ilin iyun ayında Azərbaycan Skautlar Assosiasiyasının təhsil fəaliyyətlərində iştirak edən skaut liderləri və digər təhsil işçiləri arasında aparılmış sorğu nəticələrinə əsaslanır. Toplanan məlumatlar anket üsulu ilə əldə edilmiş, təsviri-statistik metodologiya vasitəsilə təhlil olunmuşdur. Nəticələr göstərir ki, skautinq uşaqların sosial-emosional rifahının inkişafında təsirli dərsdənkənar təhsil vasitəsi olmaqla yanaşı, yeni və innovativ təhsil mühitlərinə də uğurla inteqrasiya oluna bilir.
Məqalədə, eyni zamanda, texnoloji innovasiyaların təlim və inkişaf proseslərinin bir hissəsi ola biləcəyi, lakin skautinqin əsas prinsip və dəyərlərinin qorunmasının vacibliyi vurğulanır.
Qeyd edək ki, ELMİ TƏDQİQAT beynəlxalq elmi jurnalı 2021-ci ildən dövlət qeydiyyatına alınaraq fəaliyyət göstərir və elmin bütün sahələrini əhatə edən, resenziyalı, açıq girişli akademik nəşrdir. Jurnal beynəlxalq nəşriyyat standartlarına və etik qaydalara uyğun fəaliyyət göstərir, yayımlanan hər bir məqaləyə unikal DOI (10.36719) identifikatoru təyin etməklə tədqiqatların qlobal elmi mühitdə tanınmasını və əlçatanlığını təmin edir.
