
Foto: Əziz Abbasov
Bəzən gənclərlə iş haqqında danışanda özümü fərqli hiss edirəm. Hamı nəsə bildiyini düşünür, hamı “təcrübəsi” olduğunu deyir, hamı “işləmişəm” deyir. Amma çox vaxt bir sual havada qalır: BİZ ƏSLİNDƏ NƏ EDİRİK? Tədbir keçiririkmi? Maarifləndiririkmi? Yoxsa sadəcə yaxşı niyyətimizi rahatlatmaq üçün bir şeylər edirik? Mən fikirləşirəm ki, gənclərlə iş sahəsində ən böyük problem məhz buradadır. Biz çox vaxt cavablarla başlayırıq, halbuki Avropa Şurasının gənclərlə işə yanaşması tamam başqa yerdən başlayır: SUALLA. Bir neçə gün öncə gənclərlə işləyən təşkilatların nümayəndələri üçün gənclərlə işin metodoloji asppektləri üzərindən NAYORA-nın dəvəti ilə sessiyalar davam etdirirdim. İştirakçılar olduqca savadlı və gənclərlə iş sahəsində daha çox eşitmiş və maariflənmiş şəxslər idi. Elə onlara da suallarla müraciət etdim. Kimdir bu gənc? Haradadır? Hansı reallığın içində yaşayır? Hansı imkanlara malikdir və hansı imkanlardan məhrumdur? Mənim yanaşmamda gənclərlə iş sosial reallığı oxumaq bacarığıdır. Gənclərin iştirakı ilə bağlı sənədlərdə, insan hüquqları yanaşmasında əsas xətt dəyişmir: əvvəl reallıq, sonra metod, sonra müdaxilə. Əgər reallığı düzgün oxumamısansa, ən kreativ məşğələ belə boş effekt verir.
Bu baxımdan “Bir addım irəli atın” kimi məşğələlər gənclərlə iş fəlsəfəsinin kiçik modeli kimidir. Orada sən heç kimə dərs keçmirsən. Sən sadəcə bir səhnə qurursan və deyirsən: bax, həyat belə işləyir. Hamı eyni yerdə başlamır. Hamı eyni sürətlə irəliləyə bilmir. Mən bu məşğələni hər dəfə görəndə bir şeyi düşünürəm, bərabərsizlik haqqında danışmaq asandır, amma onu hiss etmək çətindir. Bu məşğələ də məhz bunu hədəfləyir. İnsan hüquqları sənədi oxutmaq yox, hüququn yoxluğunu yaşatmaq. İştirakçı irəli gedə bilməyəndə və bunu başqasının rahat addımlaması ilə müqayisə edəndə empatiya yaranır. Empatiya olmadan gənclərlə iş yalnız texniki fəaliyyətdir. Burada vacib bir məqam var və mən bunu həmişə vurğulayıram – bu məşğələ kimisə günahlandırmaq üçün deyil. Əksinə, məqsəd fərdi günah axtarmaq yox, sistemi görməkdir. Kim hansı sistemin içində böyüyür, kim hansı hüquqlara praktik olaraq çıxış əldə edir, kim isə yalnız kağız üzərində “bərabər”dir.

Foto: Əziz Abbasov
Bu nöqtədə Roger Hartın gənclərin iştirakı nərdivanı məsələyə başqa bir dərinlik qatır. Çünki Avropa Şurası üçün iştirak sadəcə “gənclər gəldi” demək deyil. İştirak güc paylaşımıdır. Kim qərar verir? Kim planlaşdırır? Kim son sözü deyir? Nərdivanın ilk pillələri təsadüfi deyil. Manipulyasiya, dekorasiya, simvolik iştirak. Bunlar çox tanış səhnələrdir. Gənclər var, amma qərar yoxdur. Söz var, amma təsir yoxdur. Mən fikirləşirəm ki, bu nərdivan bizə çox narahat bir sual verir: biz gəncləri prosesə niyə cəlb edirik? Çünki inanırıqmı, yoxsa görüntü üçünmü? Avropa Şurasının gənclərlə iş təcrübəsi burada çox aydındır: iştirak həmişə kontekstdən asılıdır, amma saxta iştirak qəbul olunmur. Hər vəziyyətdə ən yuxarı pillə lazım olmaya bilər, amma ilk üç pillə heç vaxt “iştirak” sayılmır. Bu yanaşma gənclərlə işə romantik baxışı dağıdır. Çünki bəzən biz “gənclərə söz verdik” deyib rahatlayırıq. Amma Hart nərdivanı deyir ki, əgər o söz qərara çevrilmirsə, bu sadəcə səs-küydür. Və mən inanıram ki, bu sükut qədər sərt mesaj verən çox az model var.
Sonra gəlirik “Ada macərası”na. Bu fəaliyyət bir az fərqlidir. Burada artıq empatiya yox, məsuliyyət ön plana çıxır. Avropa Şurasının gənclərlə iş yanaşmasında vacib anlayışlardan biri də budur. Gənclər yalnız hüquqların daşıyıcısı deyil, eyni zamanda məsuliyyətin iştirakçısıdır. Ada macərasında resurs məhduddur, risk realdır və qərar gecikəndə nəticə ağır olur. Bu gənclərlə işin real həyatla kəsişdiyi nöqtədir. Mən bu məşğələni həmişə belə oxuyuram: kim liderlik edir, kim dinləyir, kim dominantdır, kim kənarda qalır. Bu artıq metod yox, DİNAMİKA OXUMAQDIR. Qeyri-formal təhsil yanaşması da bunu deyir, əsas öyrənmə tapşırıqda deyil, prosesdə baş verir. Ada macərasında insanlar özlərini görür. Kim riskdən qaçır, kim tələsir, kim plan qurur, kim başqasının planını dağıdır. Bu üç fəaliyyət bir addım irəli atmaq, iştirak nərdivanı və ada macərası, birlikdə baxanda mənim üçün bir sual yaradır: BİZ GƏNCLƏRLƏ İŞDƏ İNSANI HARADA GÖRÜRÜK? Onu passiv alıcı kimi, yoxsa aktiv subyekt kimi? Avropa Şurasının cavabı birmənalıdır: gənc subyektdir. Amma bu subyektlik avtomatik verilmir. O, təhlükəsiz mühitdə, refleksiya ilə, səhv etmək imkanı ilə formalaşır.

Foto: Əziz Abbasov
Mən fikirləşirəm ki, bu fəaliyyətlərin dəyəri ondan ibarətdir ki, onlar iştirakçıya hazır nəticə vermir. Onlar sual yaradır. Narahatlıq yaradır və bu narahatlıq məhsuldardır. Çünki gənclərlə iş sahəsində rahatlıq çox vaxt durğunluq deməkdir. Bu məqaləni oxuyan adam üçün bir şey aydın qalmalıdırsa, qoy bu olsun, gənclərlə iş nə qədər yaradıcı görünür-görünsün, onun əsasında dərin etik və metodoloji yanaşma dayanır. İllərdir qurduğumuz təcrübə də bunu sübut edir. Məşğələ sadəcə vasitədir. Əsas olan baxışdır. Bu nöqtədə vacib bir şeyi demək lazımdır. Avropa Şurasının gənclərlə işə yanaşması heç vaxt “ideal gənc” axtarmır. Orada “aktiv”, “lider”, “özünə inanan” gənc modeli yoxdur. Əksinə, yanaşma deyir ki, GƏNC OLDUĞU KİMİ QƏBUL EDİLMƏLİDİR, onun güclü və zəif tərəfləri ilə birlikdə. Bu “gənclərlə işçi” üçün narahatedici fikirdir. Çünki biz tez-tez gənclərlə işi “düzəltmə” prosesi kimi görürük. Halbuki mənim fəlsəfəmdə məsələ gənci düzəltmək yox, sistemi anlamaq və uyğunlaşdırmaqdır. Məsələn, “Bir addım irəli atın” məşğələsi bitəndən sonra yaranan o səssiz an var. Hamı dayanıb, heç kim danışmaq istəmir. Mən fikirləşirəm ki, bu səssizlik təsadüfi deyil. Bu insanın ilk dəfə başa düşdüyü andır ki, bərabərsizlik ancaq statistik göstərici deyil, o, gündəlik həyatın içində işləyən mexanizmdir. İnsan hüquqları yanaşması da məhz bunu deyir, hüquq kağız üzərində hamıya məxsus ola bilər, amma real həyatda ona çıxış tam fərqlidir.
Anlayış olmadan gənclərlə iş çox tez populizmə sürüşür. Biz “hamı üçün imkan” deyirik, amma kimlərin bu imkanlara çata bilmədiyini soruşmuruq. Avropa Şurasının gənclər siyasəti sənədlərində tez-tez rast gəlinən ACCESS anlayışı məhz buradan gəlir. Hüquq varsa, ona çıxış da olmalıdır. Roger Hartın iştirak nərdivanı da burada öz yerini tapır. Mən düşünürəm ki, bu modelin gücü ondadır ki, o, bizi rahat buraxmır. Sən “gəncləri cəlb etdik” deyə bilmirsən, çünki nərdivan dərhal soruşur: necə cəlb etdiniz? Kim qərar verdi? Kim nəzarətdə saxladı? Kim məsuliyyət götürdü? Avropa Şurasının gənclərlə iş təcrübəsində iştirak heç vaxt neytral anlayış deyil. İştirak həmişə güc münasibətləri deməkdir. Bu modeli təlimlərdə müzakirə edəndə maraqlı bir məqam ortaya çıxır. İnsanlar çox vaxt “biz gənclərə söz veririk” deyir. Amma söz vermək kifayət etmir. Əgər gəncin dediyi söz qərar prosesində heç nəyi dəyişmirsə, bu, iştirak deyil. Bu sadəcə dinləmə performansıdır. VƏ YANAŞMALAR BUNU AÇIQ ŞƏKİLDƏ DEYİR: saxta iştirak, iştirakın ən təhlükəli formasıdır. Çünki o, insanın etibarını sındırır.

Foto: Əziz Abbasov
Bu nöqtədə “Ada macərası” tamam başqa səviyyəyə keçir. Çünki burada artıq söz yox, seçim var. Ada macərasında qərar verməmək də qərardır. Risk almamaq da nəticə doğurur. Bu məşğələ Avropa Şurasının gənclərlə işdə çox vurğuladığı bir prinsipi xatırladır, bərabərlik rahat proses deyil. Bu seçim tələb edir, müzakirə tələb edir, bəzən konflikt tələb edir. Ada macərasında iştirakçılar bunu çox tez anlayır. Kimsə lider olmaq istəyir, amma hamını dinləmir. Kimsə danışmır, amma narazıdır. Kimsə plan qurur, amma icra etmir. Bu gənclərlə işin real portretidir. Qeyri-formal təhsil yanaşması deyir ki, bu dinamikanı gizlətmək yox, üzə çıxarmaq lazımdır. Çünki öyrənmə məhz orada baş verir. Bu üç fəaliyyətin birlikdə verdiyi ən böyük dərs budur: gənclərlə iş empatiya ilə başlayır, iştirakla davam edir və məsuliyyətlə tamamlanır. Bu ardıcıllıq pozulanda iş ya çox emosional olur, ya da çox texniki. Mən bu yazını oxuyan gənclərlə işçidirsə, bir sualı özünə verməsini istərdim, biz gənclərlə işdə həqiqətən nəyə xidmət edirik? Gəncin ehtiyacına, yoxsa öz rahatlığımıza?
Bu yazını bitirərkən mənim üçün əsas olan bir şeyi aydın deməkdir: gənclərlə iş texnika deyil, mövqe məsələsidir. Hansı məşğələni etdiyin, hansı metodu seçdiyin ikinci dərəcəlidir. Əsas sual budur: sən gənci necə görürsən? O, sənin layihənin obyektidir, yoxsa bu prosesin subyekti. Mənim gənclərlə işə yanaşma təcrübəm mənə bir şeyi öyrədib, BU SAHƏDƏ SÜRƏTLİ HEÇ NƏ OLMUR. Olursa da, adətən dayanıqlı olmur. Hartın iştirak nərdivanı xatırladır ki, gənclərə söz vermək kifayət deyil, sözün qərara çevrilməsi lazımdır. Əvvəl empatiya gəlir. Sonra iştirak. Daha sonra məsuliyyət. Bu ardıcıllıq pozulanda gənclərlə iş ya emosional şüara çevrilir, ya da texniki hesabat səviyyəsində qalır.
Bu yanaşma rahat deyil. Çünki o, fasilitatoru da, təşkilatı da, prosesi də sual altına qoyur. Amma mən inanıram ki, gənclərlə işin gücü də buradadır. O, bizi tərifləmək üçün yox, düşündürmək üçün var. O, “nə etdik” sualından çox, “niyə belə etdik” sualını ortaya qoyur. Əgər bu yazını oxuyan kimsə sonda bir anlıq dayanıb öz işinə başqa gözlə baxırsa, bu mənim üçün kifayətdir. Çünki gənclərlə işdə real dəyişiklik böyük strategiyalarla başlamır. Gənclərlə iş kiçik baxış dəyişikliyi ilə başlayır və bəlkə də ən vacib cümlə budur: Gənclərlə iş gənclər haqqında danışmaq deyil. Gənclərlə iş gənclərlə birlikdə düşünmək cəsarətidir.





