
Beynəlxalq səviyyədə qazandığı uğurlarla gənc yaşlarından diqqət mərkəzinə düşən Reyhan Camalova bu müsahibədə uğurların arxasında dayanan görünməyən tərəflərdən, artan gözləntilərdən, daxili təzyiqdən, özünə inamla mübarizədən və öyrədici uğursuzluqlardan danışır. 15 yaşında dünya miqyasında tanınmaq onun üçün yeni imkanlar açsa da, eyni zamanda məsuliyyət hissini daha da artırıb. Elm və texnologiya sahəsində gənc qızların rolundan, ailə və müəllim dəstəyinin əhəmiyyətindən, universitet illərində yaşadığı çətinliklərdən və bu gün üzərində işlədiyi beynəlxalq layihələrdən bəhs edən Reyhanın fikirləri gənclər üçün həm motivasiya, həm də real təcrübəyə əsaslanan yol xəritəsi təqdim edir.
Aysu Məmmədova: Salam, Reyhan xanım. Çox sağ olun ki, dəvətimizi qəbul edib müsahibədə iştirak edirsiniz. Zaman itirmədən keçək suallara. 15 yaşda beynəlxalq səviyyədə tanınmaq həyatınızı necə dəyişdi? Bu uğur sizə təzyiq yaratdı, yoxsa motivasiya verdi?

Reyhan Camalova: Salam, Aysu xanım. Dəyəriniz üçün çox sağ olun! 15 yaşda qazandığım beynəlxalq uğur həyatımın istiqamətini əhəmiyyətli dərəcədə dəyişdi. Həmin dövrdə əldə etdiyim nailiyyətlər mənə yeni qapılar açdı, fərqli mühitlərə daxil olmağıma imkan yaratdı və öz potensialımı daha dərindən kəşf etməyimə səbəb oldu. Bu baxımdan, həmin uğur mənim üçün güclü motivasiya mənbəyi və həyatımda dönüş nöqtəsi oldu. Lakin gənc yaşda uğur qazanmağın başqa tərəfi də var. Uğur artdıqca gözləntilər də artır. Ətrafımdakı insanların, hətta müəllimlərimin belə mənə qarşı yüksək gözləntiləri formalaşmışdı. Üzərimə düşən məsuliyyət və standartlar yüksəlmişdi. İnsan hər sahədə mükəmməl olmağa çalışır, lakin zamanla anlayırsan ki, bu mümkün deyil. Həmin dövrdə hələ şagird idim və universitetə hazırlaşırdım. Bəzən özümə inamsızlıq hissi yaşayırdım. Müqayisələr aparılır, “burada daha yaxşı edə bilərdin” kimi fikirlər səslənirdi. Bu cür şərhlər müəyyən qədər öz güvənimə təsir edirdi. Yəni bu uğur həm motivasiya verdi, həm də müəyyən təzyiq yaratdı.
Kənardan hər şey parlaq və uğurlu görünə bilər. Lakin görünməyən tərəfdə daxili mübarizələr, yorğunluq və emosional yüklər olur. Mən də bu mərhələlərdən keçdim. Amma nəticədə bu təcrübələr məni daha güclü etdi və öyrətdi ki, əsas məsələ başqalarının gözləntilərini deyil, öz daxili balansını qorumaqdır.
Aysu Məmmədova: Gənc qızların elm və texnologiya sahəsinə marağını artırmaq üçün nə etmək lazımdır?
Reyhan Camalova: Bu sualın cavabı çoxşaxəlidir. Lakin mən öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, hər şey ailədən başlayır. Mən ailəmin dəstəyini hər zaman hiss etmişəm və bu dəstək formalaşmağımda həlledici rol oynayıb. Təəssüf ki, hər kəs bu şəraitdə böyümür. Bəzi hallarda ailə təzyiq göstərir və övladın seçimlərini məhdudlaşdırır. Belə vəziyyətlərdə gəncin öz yolunu seçməsi daha çətin olur və daha çox iradə tələb edir. Lakin sağlam və dəstəkləyici ailə mühiti marağın formalaşması üçün ən güclü təməldir. Ailədən sonra müəllimlərin rolu başlayır. Mən inanıram ki, müəllimin bir cümləsi belə şagirdin həyat istiqamətini dəyişə bilər. 7-ci və ya 8-ci sinifdə müəllimim mənə “sənin gözündə qığılcım var” demişdi. Bu söz illər keçsə də yaddaşımdan silinməyib. Bəzən müəllim fərqində olmadan bir gəncin gələcəyinə təsir edir. Uşaqlıqda qoyulan intellektual təməllər də çox önəmlidir. Valideynlərimin mənə məntiqi suallar verməsi, riyazi tapşırıqları birlikdə həll etməyimiz, sənədli filmlərə baxmağımız düşüncə tərzimin formalaşmasına təsir edib. Marağın yaranması üçün ailə ilkin qığılcımı yaradır, məktəb isə onu gücləndirir.
Rol modellərin olması da vacibdir. Uğur qazanmış insanların öz hekayələrini bölüşməsi gənclərə motivasiya verir. “O bacarıbsa, mən niyə bacarmayım?” düşüncəsi formalaşır. Məktəblərdə və mediada bu cür görüşlərin təşkili əhəmiyyətlidir. İnternet və texnologiya da mühüm rol oynayır. Xüsusilə ingilis dili bilmək gənclərə qlobal resurslara çıxış imkanı verir. Süni intellekt kimi alətlər düzgün istifadə olunduqda təhsilə ciddi töhfə verə bilər. Lakin sosial medianın istifadəsi balanslı olmalıdır. Xüsusilə qısa məzmunların konsentrasiyaya təsiri nəzərə alınmalıdır. Ümumilikdə, ailə, müəllim, rol modellər və düzgün istifadə olunan texnologiya birlikdə gənc qızların elm və texnologiyaya marağının artmasında əsas amillərdir.

Aysu Məmmədova: Uğursuzluq yaşadığınız bir an olubmu? Həmin vəziyyətdən nə öyrəndiniz?
Reyhan Camalova: Bəli, uğursuzluqlarım olub. Universitetə başladığım ilk dövr mənim üçün çətin mərhələ idi. Fiziki və mənəvi yorğunluq hiss edirdim. İlk semestrdə çox dərs götürdüm və bu, səhvim oldu. Xüsusilə bir layihə dərsi gözlədiyimdən daha çox vaxt aparırdı və digər fənlərə fokuslanmağıma təsir göstərdi. Digər səhvim özümü tanımamağım idi. Gecələr işləyirdim, lakin sonradan anladım ki, səhərlər daha məhsuldaram. Kömək istəməkdən çəkinirdim və sosiallaşmırdım. Bu isə həm akademik, həm də psixoloji vəziyyətimə mənfi təsir göstərdi. Lakin bu mərhələ mənim üçün dönüş nöqtəsi oldu. Səhvlərimi analiz etdim, klublara qoşuldum, dost çevrəm genişləndi, kömək istəməyi öyrəndim və zamanımı daha düzgün planlaşdırmağa başladım. Özüm üçün uyğun iş mühiti yaratdım və kiçik nailiyyətlərimi qeyd etməyə başladım. Nəticədə universiteti fərqlənmə ilə bitirdim. Bu təcrübə mənə öyrətdi ki, uğursuzluq son deyil, düzgün analiz və dəyişikliklə yeni başlanğıc ola bilər.
Aysu Məmmədova: Dünya səviyyəli tədbirlərdə iştirak edərkən Azərbaycanı təmsil etmək sizə nə hiss etdirirdi?
Reyhan Camalova: Dünya səviyyəli tədbirlərdə Azərbaycanı təmsil etmək mənim üçün böyük qürur və şərəfdir. Müxtəlif ölkələrdə keçirilən sammit və konfranslarda iştirak etmişəm və bir çox hallarda yeganə azərbaycanlı olmuşam. Harada fəaliyyət göstərməyimdən asılı olmayaraq, Azərbaycanı təmsil etmək mənə böyük məsuliyyət hissi verir. Bu, insanı daha ciddi və daha məsuliyyətli olmağa sövq edir.
Aysu Məmmədova: Gələcək planlarınız nələrdir? Yeni layihələr üzərində işləyirsinizmi?
Reyhan Camalova: Hazırda akademik araşdırmalarla məşğulam. Rainergy də əslində bir araşdırma layihəsi idi və müxtəlif konfranslarda təqdim olunub. Son illərdə apardığım tədqiqatlar kompüter elmləri və sosial elmlər istiqamətindədir. Hal-hazırda Dünya Bankında araşdırma assistenti və konsultant kimi fəaliyyət göstərirəm. Media, vaksinlər və sosial normalar mövzusunda layihələr üzərində işləyirəm. Gələcək planım özümü peşəkar tədqiqatçı kimi daha da inkişaf etdirməkdir. Eyni zamanda maarifləndirmə məqsədilə sosial mediada daha aktiv olmağı planlaşdırıram və yeni layihələr üzərində işləməyi davam etdirəcəyəm.
Aysu Məmmədova: Çox sağ olun. Fəaliyyətlərinizdə müvəffəqiyyətlər arzu edirik!