
Everest zirvəsini fəth edən ilk azərbaycanlı xanım Elmira Aslanova ilə bu söhbətimiz iradə, daxili güc və böyük arzuların gerçəkləşməsi haqqında söhbətdir. Onun Everestə gedən yolu daxili böhranlardan, suallardan və özünü axtarışdan başlayan uzun bir prosesin məntiqi davamıdır. Zirvəyə qalxmaq onun üçün mənəvi transformasiya mərhələsi olub. 5364 metr hündürlükdə xəstəliklə mübarizə apararaq irəliləməsi, zirvədə Azərbaycan bayrağını açması və eniş zamanı yaşadığı “yenidən doğulma” hissi bu hekayənin ən təsirli məqamlarındandır. Elmira Aslanova dağların insanı dəyişdirmədiyini, əksinə, onun özünü tanımasına kömək etdiyini deyir. O, fiziki gücdən daha çox psixoloji dözümlülüyün və daxili motivasiyanın önəmli olduğunu vurğulayır. Cəmiyyətin bəzən anlaşılmazlıqla qarşıladığı bir yolu seçərək, öz arzularından imtina etməməyin mümkün olduğunu sübut edib. Müsahibəni mətnə çevirib diqqətinizə çatdırırıq:
Aysu Məmmədova: Salam, Elmira xanım. Sizinlə bu müsahibəni həyata keçirmək bizim üçün böyük şərəfdir. Everest kimi zirvəyə qalxmaq həm fiziki, həm də mənəvi güc tələb edir və bu yolun hekayəsini birbaşa sizdən eşitmək çox dəyərlidir.

Elmira Aslanova: Salam, Aysu xanım. Dəvətiniz üçün çox təşəkkür edirəm. Təcrübələrimi və hisslərimi bölüşmək mənim üçün də xoşdur.
Aysu Məmmədova: Everest zirvəsinə qalxmaq qərarı həyatınızın hansı dönəmində və hansı duyğularla formalaşdı?
Elmira Aslanova: Dağlara getməyə həyatımda güclü daxili böhran, axtarış və suallar dövründə başladım. İlk dağ yürüşlərimə çıxanda Everest haqqında fikir yaranmağa başladı, amma onu özüm də kənara itələyirdim. Bu ideya haqqında kiməsə danışmağa belə utanırdım. Amma bu fikir məni buraxmırdı. Tədricən böyük arzuya çevrildi və mən ona doğru addımlamağa başladım. Everest turları təşkil edən bir bələdçi ilə görüşdüm və istəyimi onunla bölüşdüm. O məni dəstəkləyəndə və bunun real olduğunu deyəndə həyatım bir anda dəyişdi. Mən böyük bir güc, daxili alov və əminlik hiss etdim ki, bacaracağam.
Aysu Məmmədova: Everestə hazırlıq prosesi sizin üçün fiziki baxımdan daha çətin idi, yoxsa psixoloji baxımdan? Hansı mərhələ sizi daha çox sınadı?
Elmira Aslanova: Dağlara getməyə başlamazdan əvvəl əmin idim ki, ən vacib olan fiziki güc və hazırlıqdır. Amma sonradan gördüm ki, psixoloji hazırlıq, iradə gücü və dözümlülük daha önəmlidir. Mənim üçün Everestə gedən yolda ən çətin mərhələ zirvəyə qalxış yox, 5364 metr hündürlükdə baza düşərgəsinə çatdığımız və xəstələndiyim dövr idi. Məndə temperatur var idi, davamlı qalxıb-enirdi, qulağım ağrıyırdı. Hündürlükdə isə sağalmaq çox çətindir. Belə vəziyyətdə gecə oyanmaq, yuxarı qalxmaq, buzlu divarlarla irəliləmək mənim üçün inanılmaz dərəcədə çətin idi. Mən dəqiq bilirəm ki, daxili gücüm və zirvəyə çatmaq istəyim olmasaydı, bunu bacarmazdım. Qrupumuzda məndən fiziki cəhətdən daha güclü olan insanlar var idi. Onlar xəstələnməmişdilər və əlavə oksigenləri də var idi. Amma zirvəyə çata bilmədilər. Onlara daxili motivasiya və “Mən bunu niyə edirəm?” sualının cavabı çatmadı.
Aysu Məmmədova: Zirvəyə çatdığınız an ilk ağlınızdan keçən fikir nə oldu? O anı necə təsvir edərdiniz?

Elmira Aslanova: Zirvənin özündə mən hələ tam olaraq Everestə qalxdığımı dərk etmirdim. O an sevinc var idi, amma daha çox məntiqlə düşünürdüm. Bilirdim ki, qarşıda eniş var və oksigeni qorumaq lazımdır. Mənim üçün xüsusi mənası olan Azərbaycan bayrağı ilə şəkil çəkdirdim. Sonra qardaşımın uşaqlarına motivasiyaedici bir video yazmaq istədim. Amma boğazım o qədər ağrıyırdı ki, səsim demək olar yox idi. Daha sonra özümə icazə verdim ki, zirvədə 20 dəqiqə sadəcə oturum, heç nə etmədən. Orada olmaq və o anı yaddaşıma həkk etmək istəyirdim. Enişə başlayanda isə yavaş-yavaş daha dərin bir dərk hissi gəlməyə başladı. Elə bil yenidən doğuldum. Bu dağın gücünü və möhtəşəmliyini, oradakı güclü İlahi enerjini hiss edirdim.
Aysu Məmmədova: Dağçılıq kimi riskli bir sahədə qadın olmaq sizə əlavə çətinliklər yaratdımı? Cəmiyyətin reaksiyası necə idi?
Elmira Aslanova: Mən hesab edirəm ki, kişilər əksər hallarda fiziki baxımdan qadınlardan daha güclü olurlar. Amma qadınlar daha dözümlüdür. Yüksək alpinizm və yüksək dağlar üçün isə ən vacib olan məhz dözümlülük və psixoloji möhkəmlikdir. Dağlarda hamı bərabərləşir, cinsiyyətin heç bir əhəmiyyəti olmur. Mən dağlarda heç vaxt ayrı-seçkilik hiss etməmişəm. Həmişə gözəl insanlarla dağa getmişəm və biz bir komanda olmuşuq. Cəmiyyət tərəfindən isə bəzən anlaşılmazlıq və haradasa qınama hiss etmişəm və indi də hiss edirəm. Amma yəqin ki, bu normaldır. Məncə, ən vacibi odur ki, mən öz yolumu hiss edirəm və başqalarının fikirləri məni bu yoldan yayındırmır. Bu, sadəcə onların fikridir və buna haqqı var. Məni anlayan və dəstəkləyən insanların sayı isə daha çoxdur və buna görə onlara çox minnətdaram.
Aysu Məmmədova: Everest təcrübəsi sizə həyat haqqında hansı dərsi öyrətdi?
Elmira Aslanova: Everest mənə çox şeyə öyrətdi və hələ də öyrətməkdə davam edir. Everest göstərdi ki, kiçik addımlarla istənilən məqsədə çatmaq mümkündür. Hətta əvvəlcə o məqsəd mümkünsüz kimi görünsə də və insan özündə bunun üçün nə qabiliyyət, nə də imkan görməsə belə. Everest mənə göstərdi ki, öz yolunu müdafiə etməkdən qorxmaq lazım deyil. Mən anladım ki, özünü başqaları ilə müqayisə etməmək və öz unikal yolunla getmək nə qədər vacibdir. Everest göstərdi ki, böyük bir arzuya sahib olmaq nə qədər önəmlidir. Və o arzu “göz səviyyəsində” yox, ondan xeyli yuxarı olmalıdır. Məhz belə, əlçatmaz kimi görünən arzu insanı daxildən dəyişir. Everest mənə göstərdi ki, dünyada nə qədər “mümkün” var, amma biz çox vaxt buna “mümkünsüz” deyirik
Aysu Məmmədova: Qorxu ilə necə mübarizə aparırsınız? Xüsusilə yüksək riskli anlarda özünüzü necə motivasiya edirsiniz?
Elmira Aslanova: Dağlarda özümü çox sakit hiss edirəm. Demək olar ki, qorxu yaşamıram. Çətin anlarda özümü motivasiya edirəm və öz-özümə deyirəm ki, “Mən güclüyəm, cəsarətliyəm və heç vaxt təslim olmuram.” Bu mənə kömək edir. Həm də onu dərk etmək kömək edir ki, bu mənim öz seçdiyim yoldur. Məni heç kim məcbur etmir. İstənilən an aşağı enə bilərəm. Amma bunu istəyirəmmi?- Xeyr. Deməli, özümü toplayıram və yoluma davam edirəm.

Aysu Məmmədova: Azərbaycanlı qadınlar və gənclər üçün hansı mesajı vermək istərdiniz?
Elmira Aslanova: Məncə, mənim hekayəm ilk növbədə ona görə maraqlıdır ki, qeyri-adi və cəmiyyət tərəfindən tam qəbul olunmayan bir arzunu gerçəkləşdirə bildim. Sadəcə öz arzumdan imtina etməməyə cəsarətim çatdı. Mən bilirəm ki, insanların çoxu, xüsusilə də qadınlarımız tez-tez öz həyatlarını deyil, başqalarının gözləntilərini yaşayırlar. Eyni hal gənclərə də aiddir. Onlar bəzən təhsili, maraqları və peşəni öz istəklərinə görə deyil, valideynlərin arzularına, cəmiyyətin fikrinə və “prestij” anlayışına görə seçirlər. Mən bütün qadınlara və gənclərə demək istərdim ki, hər birimizin içində xəbərsiz olduğumuz böyük bir güc və potensial var. Və mən istəyirəm ki, hər birimiz daxili səsimizi dinləməyi, özümüzdə cəsarət tapmağı və öz unikal yolumuzla, öz arzularımıza doğru getməyi öyrənək.
Aysu Məmmədova: Dağçılıq sizə xarakter olaraq nə qazandırdı? Sizi necə dəyişdi?
Elmira Aslanova: Deyərdim ki, alpinizm məni dəyişmədi, sadəcə məni özümlə tanış etdi. Mənə nə qədər güclü və dözümlü olduğumu göstərdi. Məhz dağlar mənə göstərdi ki, mən təslim olmuram. Amma eyni zamanda dağlar mənim içimdə həm böyük bir gücün, həm də bəzən həddən artıq istək (obsesia) və həssaslığın olduğunu da göstərdi. Mən dağları məhz buna görə sevirəm – çünki orada özümü ən dərindən tanıyıram.
Aysu Məmmədova: Zirvəyə gedən yolda imtina etmək istədiyiniz bir an oldumu? O anda sizi davam etməyə nə vadar etdi?
Elmira Aslanova: Mənim heç vaxt elə bir anım olmayıb ki, fiziki olaraq nə qədər çətin olsa da, qalxışdan imtina etmək istəmişəm. Amma bir hadisə olub ki, bələdçi məni geri qaytardı. Mən koronavirusa xəstələnmişdim və vəziyyətim çox ağır idi, davam etmək isə təhlükəli idi. Bu vəziyyəti qəbul edə bilmirdim və əvvəlcə geri qayıtmaq istəmirdim. Amma sonra yenə də bələdçini dinlədim. Daha sonra anladım ki, bu, nə qədər doğru qərar imiş. Mən orada ölə də bilərdim. Bir il sonra isə geri qayıtdım və həmin Akonkaqua zirvəsinə rahatlıqla qalxdım.
Aysu Məmmədova: Everestdən sonra növbəti zirvəniz nədir, həm sözün həqiqi, həm də məcazi mənasında?
Elmira Aslanova: Növbəti “dağ” məqsədim “7 Zirvə” proqramını tamamlamaqdır. Ümid edirəm ki, bu il bunu bacaracağam. Və bir də arzuladığım başqa bir “zirvə” var – ailə və uşaq.
Aysu Məmmədova: Elmira xanım, səmimi və ilhamverici cavablarınıza görə sizə təşəkkür edirəm. Qarşıdakı “7 Zirvə” hədəfinizdə və bütün arzularınızda sizə uğurlar arzulayırıq.
Elmira Aslanova: Mən təşəkkür edirəm. Ümid edirəm ki, bu söhbət kimlərəsə öz arzularından vaz keçməmək üçün cəsarət verər. Hər kəsə uğurlar arzulayıram.





