FOREST EDUCATION AZERBAIJAN 2026-cı il üçün fəaliyyət planını müəyyənləşdirdi

Bu gün Forest Education Azerbaijan qeyri-formal təhsil birliyi 2026-cı il üzrə ilk rəsmi komanda görüşünü keçirib. Görüş zamanı ilin əsas prioritetləri müzakirə olunub, strateji istiqamətlər müəyyən edilib və ölkədə qeyri-formal təhsilin inkişafına daha real, davamlı və sistemli töhfə vermək yolları ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Forest Education Azerbaijan-ın idarəetmə heyəti, icra komandası və təlimçi heyətinin üzvləri iştirak edib. Komanda üzvləri təkliflərini bölüşüb, əvvəlki fəaliyyətlərin təhlilini aparıb və 2026-cı ilin həm pedaqoji, həm də institusional baxımdan güclü və təsirli olması üçün ortaq baxış formalaşdırıblar.

2026-cı il üçün əsas fəaliyyət istiqamətlərimizi müzakirə etdik.

2026-cı ildə Forest Education Azerbaijan fəaliyyətlərini daha geniş auditoriyanı əhatə edəcək şəkildə planlaşdırır. İl ərzində universitet tələbələri və xarici könüllülər üçün strukturlaşdırılmış təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Bu proqramlar qeyri-formal təhsil, ekoloji maarifləndirmə və icma əsaslı fəaliyyətləri birləşdirərək iştirakçılara real sahə təcrübəsi və peşəkar inkişaf imkanı yaradacaq.

Uşaqlar üçün Meşə təhsili qrupları yaş və inkişaf mərhələlərinə uyğun şəkildə fəaliyyət göstərəcək. Təbiət əsaslı, təhlükəsiz və davamlı öyrənmə mühiti vasitəsilə uşaqların sosial, emosional və idraki inkişafının dəstəklənməsi əsas hədəflərdən biridir. İl ərzində yaz, yay, payız və qış mövsümləri üzrə 4 əsas düşərgə, yay aylarında isə əlavə olaraq 2 tematik düşərgə və 2 Summer School Camp təşkil olunacaq. Bu düşərgələr uşaqlar və gənclər üçün intensiv öyrənmə, sosiallaşma və təbiətlə dərin əlaqə qurma imkanı yaradacaq.

Forest Education Azerbaijan 2026-cı ildə təlimçilərin və öyrədənlərin peşəkar inkişafını xüsusi prioritet kimi müəyyən edib. Bu istiqamətin əsas məqsədi qeyri-formal təhsildə keyfiyyətin, təhlükəsizliyin və davamlılığın təmin olunmasıdır. Çünki təbiət əsaslı və uşaqyönümlü öyrənmə mühitlərində fəaliyyətlərin effektivliyi birbaşa olaraq öyrədənlərin bilik, bacarıq və etik yanaşmalarından asılıdır.

Bu baxımdan, təlimçi şəbəkəsinin formalaşdırılması eyni zamanda vahid dəyərlər, metodologiya və təhsil fəlsəfəmizə əsaslanan peşəkar icmanın yaradılması anlamını daşıyır. Etik və keyfiyyət standartlarına uyğun təlim və fasilitasiya xidmətlərinin inkişaf etdirilməsi isə həm uşaqlar üçün təhlükəsiz və mənalı öyrənmə mühitinin qurulmasına, həm də valideynlər və tərəfdaşlar üçün etibarlı və şəffaf bir sistemin formalaşmasına xidmət edir.

Tərəfdaşlıqlar, ailə və icma yönümlü fəaliyyətlər işimizin qayəsini ehtiva edir.

Yeni ildə digər təhsil subyektləri subyektləri ilə ən azı bir birgə ekoloji və sosial yönümlü layihənin həyata keçirilməsi hədəflənir. Bununla yanaşı, il ərzində ən azı iki ailə tədbiri təşkil edilərək valideynlərin öyrənmə prosesinə cəlb olunması və ailə–uşaq–təbiət əlaqəsinin gücləndirilməsi planlaşdırılır. Komanda daxilində inkişaf və motivasiyanın qorunması məqsədilə fevral, may, avqust və noyabr aylarında komanda səfərləri və istirahət düşərgələri təşkil olunacaq.

Maarifləndirmə və ekoloji təsir barədə də il ərzində fəaliyyətlər nəzərdə tutulub.

Forest Education Azerbaijan qeyri-formal təhsilin inkişafına ictimai dəstək məqsədilə vloq və podkastlar hazırlayacaq, bu platformalar vasitəsilə elmi, praktiki və ictimai mövzular geniş auditoriyaya çatdırılacaq. Ekoloji məsuliyyət çərçivəsində il ərzində ekoloji bərpa tədbirləri keçiriləcək. Paralel olaraq, pedaqoji təhsil verən universitetlərdə təlimlər təşkil olunaraq Forest Education yanaşması, qeyri-formal təhsil imkanları və könüllülük proqramları gənclərə təqdim ediləcək.

Görüş iştirakçıları vurğulayıblar ki, 2026-cı il Forest Education Azerbaijan üçün fəaliyyətlərin sayı yox, keyfiyyəti, təsiri və davamlılığı ilə seçilməlidir. Yeni ideyalar, güclü hədəflər və motivasiyalı komanda ilə birlik qarşıdakı ilə inamla baxır.

Kollektiv foto

Elşən Şükürov

Məqalənin müəllifi, İctimaiyyətlə əlaqələr üzrə menecer