Uşaqlarla işləyən qeyri-formal təhsil işçisi çox zaman öz rolunun nə qədər böyük və məsuliyyətli olduğunun fərqinə dərhal varmır. Amma zaman keçdikcə aydın olur ki, o, proqram icraçısı, təlim keçirən və ya fəaliyyət təşkil edən şəxsdir. O, uşaqlar üçün təhlükəsiz bir liman, güvənilən bir böyüyə, davranışı ilə yol göstərən rol-modelə və bəzən də qəhrəmana çevrilir. Xüsusilə qeyri-formal təhsil mühitində bu təsir daha dərindən hiss olunur, çünki burada münasibətlər rəsmi çərçivələrlə yox, əsas da insani bağlarla qurulur.

Forest Education Azerbaijan çərçivəsində keçirilən düşərgə və açıq hava fəaliyyətlərində bunu dəfələrlə müşahidə etmişəm. Uşaqlar ilk günlərdə ehtiyatlı, bəzən utancaq, bəzən isə aqressiv və qapalı olurlar. Onlar böyüklərin verdiyi tapşırıqları avtomatik yerinə yetirməyə öyrəşiblər, amma sual verməyə, fikirlərini açıq deməyə və ya səhv etməyə cəsarət etmirlər. Qeyri-formal təhsil işçisinin real rolu məhz bu nöqtədə başlayır. O, uşağa “sən səhv edə bilərsən və bu normaldır” mesajını sözlə deyil, davranışı ilə verir. Bir düşərgədə isə hələ də yaxşı xatırlayıram, meşədə keçirilən komanda tapşırığı zamanı bir uşaq qrup qarşısında səhv qərar verdiyi üçün özünü çox pis hiss edirdi və oyundan çəkilmək istəyirdi. O an uşağa uzun nəsihətlər vermək əvəzinə, sakitcə onun yanına oturub “bura öyrənmək üçündür, qalib gəlmək yox” demək kifayət etdi. Bir neçə saat sonra həmin uşaq artıq qrupun ən aktiv üzvlərindən birinə çevrilmişdi. Bu cür anlar göstərir ki, qeyri-formal təhsil işçisi uşağın özünə inamını bərpa edən, onun daxili gücünü oyadan bir fiqura çevrilə bilər. Uşaqlar böyüklərin dediklərindən daha çox, etdiklərinə daha çox inanırlar. Əgər təlimçi təbiəti qorumaqdan danışır, amma özü zibilini yerə atırsa, bu mesaj heç vaxt qarşı tərəfə keçmir. Amma bizim fəaliyyətlərimizdə uşaqlar bizi zibil yığan zaman, suya və ağaca ehtiyatla yanaşanda, canlılara hörmət göstərərkən gördükdə, bu davranış onlar üçün dərsdən daha təsirli olur. Bir uşaq bir dəfə mənə demişdi: “Ülvi öyrədən, mən evdə də indi işıqları boş yerə yandırmıram, çünki düşərgədə demişdiniz ki, enerji də təbiətin bir hissəsidir.” Bu cümlə qeyri-formal təhsilin real təsirini ən sadə formada ifadə edir.

Biz zamanla müşahidə edirik ki, bəzi uşaqlar üçün təlimçi təkcə rol-model yox, qəhrəman obrazına çevrilir. Xüsusilə ailə və məktəb mühitində yetərli diqqət və dəstək görməyən uşaqlar üçün bu bağ daha güclü olur. Onlar üçün dinləyən, başa düşən və mühakimə etməyən bir böyüyün varlığı çox böyük mənəvi dayaqdır. Düşərgələrimizdə gecə refleksiya dairələrində uşaqların bəzən ilk dəfə öz hisslərini açıq paylaşdıqlarını görmüşəm. Onlar üçün bu təhlükəsiz mühiti yaradan insan artıq sadəcə təlimçi deyil, həyatlarında iz buraxan bir şəxsə çevrilir. Amma bu rol eyni zamanda çox ciddi etik məsuliyyət də yaradır. Uşaqların səni ideallaşdırması, dediklərinə həddindən artıq bağlanması təhlükəli ola bilər. Qeyri-formal təhsil işçisi bunu dərk etməli və uşağı özünə deyil, öz gücünə bağlamalıdır. Bu yanaşmada məqsəd uşağın “mən bunu bacarıram” deməsidir, “mən bunu müəllim üçün edirəm” yox. Meşə təhsili yanaşmamızda biz buna xüsusi diqqət yetiririk. Uşağa qərar vermək imkanı vermək, onun fikrini nəzərə almaq və nəticələrini birlikdə müzakirə etmək bu balansı qorumağa kömək edir. İllər sonra düşərgələrdə iştirak etmiş uşaqlardan mesajlar almaq, onların seçimlərində və həyat baxışlarında bu təcrübələrin izini görmək qeyri-formal təhsilin uzunmüddətli təsirini açıq şəkildə göstərir. Bəziləri ekoloji fəaliyyətlərə qoşulur, bəziləri liderlik təşəbbüsləri göstərir, bəziləri isə sadəcə daha məsuliyyətli və empatik bir insan olur. Bütün bunların başlanğıcında isə bir vaxtlar onlara inanan, yol göstərən və yanlarında olan bir qeyri-formal təhsil işçisi dayanır. Bu səbəbdən uşaqlarla işləyən qeyri-formal təhsil işçisi sadəcə fəaliyyət təşkil edən şəxs deyil. O, davranışı ilə dəyər ötürən, münasibəti ilə güvən yaradan və bəzən bir uşağın həyat yolunu dəyişən görünməz bir qəhrəmandır. Bu rol böyük titul və səs-küylü layihələrdən yox, kiçik, ardıcıl və səmimi davranışlardan yaranır. Və bəzən bir uşağın gələcəyini dəyişmək üçün təkcə düzgün proqram yox, düzgün insan kifayət edir.

Bakı, Şüvəlan, yay düşərgəsi