Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə 11 oktyabr 2025-ci il tarixində “Qeyri-formal təhsildə təlimçinin əl kitabı”nın təqdimat mərasimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin kitabxanasında uğurla baş tutub. Tədbir qeyri-formal təhsil sahəsində fəaliyyət göstərən təlimçilər, müəllimlər, gənclərlə işləyən mütəxəssislər və təhsil təşkilatçılarını bir araya gətirib.
Təqdimat zamanı iştirakçılar qeyri-formal təhsilin Azərbaycanda inkişaf perspektivləri, bu sahədə mövcud imkanlar, müasir metodik yanaşmalar və praktiki təcrübə mübadiləsi ətrafında geniş müzakirələr aparıblar. Tədbirdə qeyd olunub ki, yeni nəşr qeyri-formal təhsil mühitinə metodiki dəstək verməklə yanaşı, təlimçilərin fəaliyyətini daha sistemli, planlı və effektiv şəkildə qurmasına mühüm töhfə verəcək.




“Qeyri-formal təhsildə təlimçinin əl kitabı” qeyri-formal təhsil sahəsində çalışan təlimçilər üçün hazırlanmış geniş metodik və praktiki bələdçidir. Vəsait təkcə təlimçilər üçün deyil, eyni zamanda təlim sessiyalarının təşkilatçıları, fasilitatorlar, gənclərlə işləyən mütəxəssislər, sosial layihə rəhbərləri, təhsil təşkilatçıları, könüllü fəaliyyətlərin koordinasiyaçıları, eləcə də ümumi orta və ali təhsil müəllimləri üçün dəyərli praktik mənbə kimi nəzərdə tutulub. Kitabda qeyri-formal təhsilin nəzəri əsaslarından başlayaraq təlimçi səriştələri, öyrənmə üslubları, təlimin planlaşdırılması, fasilitasiya üsulları, qiymətləndirmə metodları, münaqişələrin idarə olunması və media savadlılığı kimi mövzular ətraflı şəkildə işıqlandırılır. Oxucular vəsaitdə 250-dən çox interaktiv fəaliyyət nümunələri, oyunlar, hərəkətləndiricilər, eləcə də təlim sessiyalarının qurulması üçün istifadə oluna bilən praktik sənəd formaları tapa bilərlər. Nəşrin əsas üstünlüklərindən biri nəzəri biliklərlə yanaşı, dərhal tətbiq edilə bilən praktik alətlər təqdim etməsidir.

Vəsait təlimlərin daha yaradıcı, iştirakçı yönümlü və nəticəyönümlü şəkildə keçirilməsinə imkan yaradır. Yerli təcrübələr və gənclərlə iş sahəsində real nümunələrin yer alması kitabın praktiki dəyərini daha da artırır. Bu baxımdan nəşr təlimçilər və təhsil işçiləri üçün gündəlik istifadə oluna bilən, hər zaman müraciət edilə biləcək bir “iş aləti” rolunu oynayır.
Kitabın müəllifləri uzun illərdir təlimçilik, gənclərlə iş və təhsil sahəsində fəaliyyət göstərən Zamin Məmmədov, Ülvi Məmmədov və Elnur Arifzadədir. Müəlliflər müxtəlif beynəlxalq proqramlar, forumlar, təlim kursları və yerli layihələr çərçivəsində qazandıqları zəngin təcrübəni bu vəsaitdə bir araya gətiriblər.

Nəşrdə, həmçinin beynəlxalq təşkilatların, qeyri-formal təhsil məktəblərinin və sahə üzrə mütəxəssislərin metodik materiallarının uyğunlaşdırılmış hissələri yer alır. Təhsil sektorunda mövcud metodiki boşluğu dolduracağı gözlənilən bu vəsaitin qeyri-formal təhsilin inkişafına əhəmiyyətli töhfə verəcəyi bildirilir.