Futbolun 90 dəqiqədən sonra uşaqlarda buraxdığı yaxşı təsirlər, rol modelə çevrilən qəhrəmanlar – MƏQALƏ

Uşaqların dünyaya baxışı çox vaxt onlara təqdim olunan obrazlar üzərindən formalaşır. Kimlərisə valideynləri, kimlərisə müəllimləri, kimlərisə isə meydançada gördükləri insanlar böyüdür. Futbol bu baxımdan uşaqlar üçün davranış modeli, münasibət forması və həyat dərsidir. Xüsusilə Azərbaycan kimi futbolun emosional yaddaşda mühüm yer tutduğu ölkələrdə bu təsir daha dərindir. Uşaqların Q.Qurbanov kimi bir məşqçini, onun yetirmələrini, Qarabağ klubunun sabitliyini özlərinə nümunə seçməsi təsadüfi deyil. Burada söhbət yalnız qələbələrdən yox, uzunmüddətli pedaqoji yanaşmadan, səbrdən və kollektiv düşüncədən gedir. Qeyri-formal təhsil məhz bu nöqtədə ön plana çıxır. Sinif otağından kənarda baş verən öyrənmə prosesi uşağın xarakterini, münasibətlərini və sosial bacarıqlarını formalaşdırır. Futbol meydançası isə qeyri-formal təhsilin ən canlı laboratoriyalarından biridir. Uşaq burada qaydanı kitabdan oxumur, davranışdan öyrənir. Məğlubiyyəti dərs kimi qəbul etməyi, komanda yoldaşına hörmət etməyi, intizamı və məsuliyyəti yaşayaraq mənimsəyir. Qurban Qurbanovun Qarabağda qurduğu sistem məhz bu yanaşmanın real nümunəsidir: ulduz adlar üzərində qurulmayan, kollektiv məsuliyyətə əsaslanan model. Bu yanaşmanın uşaqlar üçün cəlbedici olmasının səbəbi sadədir. Onlar sabitliyi sevirlər. Eyni məşqçinin illərlə komandaya rəhbərlik etməsi, hər mövsüm eyni dəyərlərin qorunması uşağın dünyagörüşündə təhlükəsizlik hissi yaradır. Bu, qeyri-formal təhsildə “rol modeli” anlayışının əsas şərtidir. Uşaq daim dəyişən simalar deyil, ardıcıl davranış görmək istəyir.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Qurban Qurbanov təxminən 18 ildir ki, “Qarabağ” klubunun baş məşqçisidir.
Foto: Insidefoto / Alamy

Bu kontekstdə The Guardian qəzetində Qarabağ və Qurban Qurbanov haqqında dərc olunan yazı təkcə futbol analizi kimi yox, sosial fenomen kimi də oxuna bilər. Məqalədə Qarabağın Avropada 200-dən çox oyunda iştirak etməsi, bu oyunların böyük əksəriyyətində eyni baş məşqçinin komandanın başında olması vurğulanır. Müqayisə üçün Avropanın nəhəng klublarında məşqçi dəyişikliklərinin tezliyi göstərilir. Bu faktlar əslində uşaqlar üçün vacib olan bir mesajı ötürür: uğur qısa yol deyil, uzun yolun nəticəsidir. Qurban Qurbanovun “Azərbaycanın Sir Alex Ferguson-u” kimi təqdim olunması mif yaratmaqdan çox, ardıcıllığın dəyərini göstərir.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> The Guardian nəşrinin səhifəsindən ekran çəkilişi

Bu ardıcıllıq uşaqların futbolu sevməsində mühüm rol oynayır. Oxu.az-da yayılan və sığınacaqda oyunu tək izləyən azyaşlı uşağın Qarabağ sevgisini əks etdirən video cəmiyyətin diqqətini məhz bu məqama yönəltdi. Uşaq stadionda deyil, evində, çətin şəraitdə belə komandaya bağlı qalırsa, bu artıq idmandan kənar bir mənadır. Bu mənəvi bağdır və qeyri-formal öyrənmənin təbii nəticəsidir. Azərbaycanda uşaq futbolunun inkişafı ilə bağlı müzakirələr də bu mənada təsadüfi deyil. Milli Məclisin deputatı Tahir Rzayevin Pravda.az-a verdiyi açıqlamada vurğuladığı kimi, böyük futbolun yolu məhəllədən, kənddən keçir. Dünya ulduzlarının hekayələri də bunu sübut edir. Uşağın torpaq meydançada, məhəllə arasında qazandığı bacarıq sonradan akademik məşqlərə çevrilir. Bu mərhələdə dövlət infrastrukturu önəmlidir, lakin cəmiyyətin, valideynlərin və qeyri-hökumət təşəbbüslərinin rolu daha az əhəmiyyətli deyil.

Saytlardan birində qocaman mütəxəssis Ağasəlim Mircavadovun fikirləri isə problemin kökünə toxunur. Məktəblərdə idman dərslərinin zəifləməsi, məhəllə futbolunun arxa plana keçməsi, akademiyaların ad üzərində qalması uşağın idmanla münasibətini formal səviyyədə saxlayır. Halbuki uşaq futbola nəticə üçün yox, oyun üçün gəlməlidir. Təzyiq altında oynayan uşaq inkişaf etmir, qorxu ilə hərəkət edir. Bu isə qeyri-formal öyrənmənin ruhuna ziddir.

Bu nöqtədə AFFA-nın kütləvi futbol layihələri və regionlarda aparılan təşəbbüslər xüsusi əhəmiyyət kəsb edir. Uşaqların və qızların idmana cəlb olunması istiqamətində çalışan, AFFA-nın kütləvi futbol departamentinin əməkdaşı, futbol layihələrinin rəhbəri və uşaq futbolu məşqçisi Mirdamət Quliyevin yanaşması bu baxımdan diqqətəlayiqdir. Onun fikrincə, məktəblərdə futbol dərslərinin tətbiqi uşağın idmanla ilk təmasını təbii mühitdə yaradır. 5–7-ci siniflərdə həyata keçirilən bu model nəticə yönümlü deyil, maraq yönümlüdür. Quliyev uzun illər əvvəl könüllü şəkildə yaratdığı Füzuli FK uşaq futbol məktəbi ilə sübut edib ki, davamlılıq və yerli təşəbbüs olduqda regionlardan da milli komandaya gedən yol açılır. Bu məktəbin yetirmələrinin aşağı yaş milli komandalarında ölkəni təmsil etməsi qeyri-formal təhsilin praktik nəticəsidir.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Füzuli rayonunda Mirdamət Quliyev və uşaq futbolçular

Regionlarda uşaqların, xüsusilə qızların futbola cəlb olunması mövzusu yalnız meydança və avadanlıq məsələsi deyil. Bu, yanaşma məsələsidir. Uzun illər uşaq futbolu layihələrinə rəhbərlik edən və eyni zamanda məşqçi kimi fəaliyyət göstərən Mirdamət Quliyev bu yanaşmanı praktik təcrübə üzərindən izah edir. Onun fikrincə, uşağın futbola marağı valideynin qərarı ilə yox, uşağın öz daxili istəyi ilə yaranmalıdır. Bu istəyi formalaşdırmaq isə klassik məşq modeli ilə mümkün olmur.

Mirdamət Quliyev bildirir ki, regionlarda futbolu sevdirən əsas amil uşağın özünü təhlükəsiz və rahat hiss etməsidir. Uşaq səhv edəndə danlanmırsa, meydançada sərbəst hərəkət edə bilirsə, oyunu məcburiyyət yox, sevinc kimi yaşayırsa, maraq özü formalaşır. Bu baxımdan məktəblərdə futbol dərslərinin tətbiqi mühüm addımdır. 5–7-ci siniflərdə həyata keçirilən bu dərslər nəticə üzərində qurulmur. Burada uşağa qol vurmaqdan çox topa toxunmaq, oyunda qalmaq, komanda yoldaşı ilə ünsiyyət qurmaq öyrədilir. Bu yanaşma qeyri-formal təhsilin əsas prinsiplərinə tam uyğundur.

Onun fikrincə, qızların futbola cəlb olunmasında ən böyük maneə stereotiplərdir. Regionlarda valideynlərin bir hissəsi hələ də futbolu yalnız oğlan oyunu kimi görür. Bu düşüncə dəyişmədən real irəliləyiş mümkün olmur. Quliyev deyir ki, valideynlərlə dialoq qurmaq, məktəblərdə maarifləndirici görüşlər keçirmək, qızların futbol oynadığı müsbət nümunələri göstərmək bu baryeri tədricən aradan qaldırır. Qız uşağı meydançada özünü qəbul olunmuş hiss edəndə, onun inkişafı sürətlənir və idman həyatının bir hissəsinə çevrilir. Mirdamət Quliyevin şəxsi təcrübəsi bu yanaşmanın real nəticə verdiyini göstərir. O, 2008-ci ildən etibarən könüllü əsaslarla Füzuli FK adlı rayon uşaq futbol məktəbini yaradıb və illərlə bu məktəblə AFFA-nın müxtəlif liqalarında iştirak edib. Bu məktəbin yetirmələrinin bir hissəsi sonradan Azərbaycanın aşağı yaş milli komandalarında ölkəni təmsil edib. Bu fakt onun üçün statistik göstəricidən çox, düzgün qurulmuş prosesin nəticəsidir. Uşaqların içindən seçilənlər sistemə uyğunlaşır, qalanları isə idmanı həyat tərzi kimi saxlayır. Quliyev uşaq məşqçisinin rolunu müəllim anlayışına yaxın görür. Onun fikrincə, uşaq məşqçisi qələbə tələb edən şəxs yox, uşağın potensialını açan bələdçi olmalıdır. Təzyiq altında oynayan uşaq meydançada qorxur, qorxan uşaq isə risk etmir. Risk etməyən uşaq inkişaf etmir. Bu səbəbdən məşq prosesində azad oyun elementlərinə, məhəllə futbolunu xatırladan situasiyalara yer verilməlidir. Dünya futbolunun formalaşdığı mühitlər də məhz bu cür olub.

Onun qeyri-formal təhsil işçisi kimi çıxış etdiyi məqam da buradadır. Quliyev futbola yalnız idman gözü ilə baxmır. O, futbolu sosial bacarıqların, liderliyin, özünəinamın formalaşdığı mühit kimi dəyərləndirir. Uşaq meydançada qayda pozanda dərhal cəzalandırılmır, davranışın nəticəsini özü yaşayır. Bu isə kitabdan oxunan dərsdən daha qalıcı olur. Qeyri-formal təhsil də məhz bu cür işləyir: yaşadaraq öyrədir. Regionlarda layihə həyata keçirərkən Quliyev üçün əsas məsələ davamlılıqdır. Bir neçə ay davam edən layihə uşaqda maraq yarada bilər, amma vərdiş yaratmır. Vərdiş isə zamanla formalaşır. Bu səbəbdən o, məktəb, ailə və yerli icma arasında əlaqənin qurulmasını vacib sayır. Uşaq məktəbdə oynadığı oyunu axşam məhəllədə davam etdirirsə, futbol onun gündəlik həyatının bir hissəsinə çevrilir.

Bu yanaşma Qarabağ modelində də öz əksini tapır. Uşaqlar Qurban Qurbanovu yalnız qalib məşqçi kimi deyil, sabit davranış modeli kimi görürlər. Onun komandasının uduzduğu oyundan sonra verdiyi reaksiyalar, oyuna münasibəti, emosional balansı uşaqlar üçün səssiz dərsdir. Qeyri-formal təhsil məhz bu səssiz dərslər üzərində qurulur.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Qarabağ futbol klubunun futbolçüsü Elvin Cəfərquliyev və balaca Qarabağ azərkeşi olan uşaq
Foto Oxu.az saytından götürülüb.

Mirdamət Quliyev hesab edir ki, Azərbaycanda uşaq futbolunun gələcəyi məhz bu yanaşmadan keçir. Meydança sayı artdıqca deyil, münasibət dəyişdikcə inkişaf baş verir. Uşaq özünü oyunun sahibi hiss edəndə, futbol onu saxlayır. Saxlamayan futbol isə nəticə vermir. Bu hissə göstərir ki, qeyri-formal təhsil və futbol bir-birindən ayrı sahələr deyil. Onlar düzgün qurulduqda eyni məqsədə xidmət edir: sağlam, düşünən, məsuliyyətli nəsil yetişdirmək.

Burada əsas sual yaranır: uşaqlar Qurban Qurbanovu niyə sevir? Cavab sadədir. Çünki o, davranışı ilə öyrədir. Qeyri-formal təhsil məhz belə işləyir. Nəslin formalaşmasında söz yox, nümunə əsasdır. Uşaq futbola baxaraq səbr etməyi, qalib gələndə sakit qalmağı, uduzanda ayaqda durmağı öyrənirsə, bu artıq pedaqoji prosesdir.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Qubada qızlar arasında futbol çempionatı

Regionlarda qızların idmana cəlb olunması son illərdə tədricən daha sistemli xarakter almağa başlayıb. Məsələn digər region olan Quba bölgəsində aparılan fəaliyyətlər göstərir ki, qızların futzal və digər komanda idman növlərinə marağı düzgün mühit yaradıldıqda təbii şəkildə formalaşır. Məktəblərin idman zalları bu prosesdə əsas məkanlardan birinə çevrilir; burada qızlar özlərini təhlükəsiz hiss edir, komanda üzvü olmağı, qaydalara əməl etməyi və bir-birinə dəstək verməyi yaşayaraq öyrənirlər. Bu, klassik dərs modelindən kənar, amma olduqca təsirli bir öyrənmə formasıdır.

Bu istiqamətdə YURD təşkilatının və onun komandasının uzunmüddətli səyləri xüsusi qeyd olunmalıdır. Onların yanaşması bir dəfəlik yarış və ya tədbir təşkil etməkdən ibarət deyil. Əsas diqqət məktəblərlə əməkdaşlığa, valideynlərlə etimadın qurulmasına və yerli icmaların prosesə cəlb edilməsinə yönəlir. Qızların idman meydançasında görünməsi, valideynlərin bunu normal qəbul etməsi və məktəb rəhbərlərinin dəstəyi zamanla regionda yeni davranış modelinin formalaşmasına səbəb olur. Bu dəyişiklik yavaş baş verir, lakin davamlıdır. Qız futbolu və futsal bu kontekstdə sosial bacarıqların inkişaf etdiyi bir mühit rolunu oynayır. Qızlar meydançada öz fikrini ifadə etməyi, məsuliyyət paylaşmağı və çətin vəziyyətlərdə qərar verməyi öyrənirlər. Qeyri-formal təhsilin əsas gücü də məhz buradadır: uşaq öyrəndiyini nəzəri olaraq yox, real vəziyyətlərdə yaşayaraq mənimsəyir. Regionlarda bu cür mühitlərin artması qızların gələcəkdə daha inamlı və fəal vətəndaş kimi formalaşmasına zəmin yaradır.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Şəkildə Ramin Mahmudov çıxış edir

Bu yanaşmanın arxasında duran əsas fiqurlardan biri YURD təşkilatının sədri Ramin Mahmudov və onun komandasıdır. Onların fəaliyyəti daha çox səhnəarxası işlərlə ölçülür. Məktəblərlə aparılan uzun danışıqlar, valideynlərlə qurulan etimad, yerli təhsil və gənclər strukturları ilə koordinasiya bu işin görünməyən tərəfidir. Qeyri-formal təhsil işçisi burada layihə icraçısından çox, vasitəçi rolunu oynayır. Məqsəd bir tədbiri keçirmək yox, mühit formalaşdırmaqdır.

Bəlkə də uşaqlar üçün futbola baxmaq sadəcə oyun izləməkdir, amma əslində onlar meydançada başqa bir şey görürlər: səbrin necə qorunduğunu, uduzanda necə dik qalmağı, qalib gələndə necə sakit olmağı. Qurban Qurbanovun Qarabağla qurduğu yol, regionlarda qızların ilk dəfə idman zalına addım atması, məhəllədə top dalınca qaçan uşaqlar eyni hekayənin fərqli səhnələridir. Bu səhnələrdə səsli dərs yoxdur, qiymət verilmir, amma yaddaşda qalır. Uşaq böyüyür, futbol bəlkə həyatında qalır, bəlkə yox, amma orada öyrəndiyi hiss – özünə inam, komanda ruhu, mübarizə mədəniyyəti – onunla birgə yol gedir.

Və bəzən cəmiyyəti dəyişən məhz bu səssiz öyrənmələr olur…

Elnur Arifzadə

Məqalənin müəllifi, İdarəetmə Komandasının üzvü