Son dövrlər oxuduğum kitabları daha yaxşı yadda saxlamaq üçün onlar haqqında qısa qeydlər aparmağa başlamışam. Bu yazının çıxış nöqtəsi də belə bir oxu təcrübəsidir. Malcolm Gladwell-in “Outliers” kitabı uğur anlayışına fərqli rakursdan baxmağı təklif edir və oxucunu sadə, amma düşündürücü sualla üz-üzə qoyur: insanları digərlərindən fərqləndirən nədir? Bu sual ilk baxışda fərdi qabiliyyətlər, istedad kimi anlayışları yada salır. Lakin Gladwell-in yanaşması oxucunu daha geniş çərçivədə düşünməyə vadar edir. Uğurun təkcə şəxsi səylərin nəticəsi olmadığını, ətraf mühitin, zamanın və qarşıya çıxan imkanların bu prosesdə mühüm rol oynadığını göstərir. Kitab boyu təqdim olunan hekayələr oxucunu hazır cavablar verməkdən çox, mövcud təsəvvürlərini yenidən nəzərdən keçirməyə çağırır. Məhz bu nöqtədə uğur anlayışı daha mürəkkəb və çoxqatlı məna qazanır.

Gladwell “uğurlu insanlar” kimi tanıdığımız şəxslərin hekayələrinə nəzər salaraq göstərir ki, nailiyyətlər çox vaxt fərdin şəxsi keyfiyyətlərindən kənarda formalaşan amillərlə sıx bağlı olur. Doğulduğun tarix, böyüdüyün ailə mühiti, qarşılaşdığın imkanlar və həmin imkanları dəyərləndirmə bacarığı bu yolun əsas xəritəsini cızır. Kitabda tez-tez vurğulanan fikir budur: potensial öz-özünə üzə çıxmır, onu açan mühit və zaman amilləridir. Bu yanaşma təhsil mövzusuna da yeni baxış qazandırır. Əgər uğur standart testlər və qiymətlərlə ölçülmürsə, deməli öyrənmə prosesi də sinif otaqları ilə məhdudlaşa bilməz. Uşağın gündəlik həyat təcrübələri, ailə münasibətləri, oyun və sosial mühit bu inkişafın ayrılmaz hissəsidir.
Bu nöqtədə mütəxəssislərin yanaşmaları mövzunu daha aydın göstərir. Müasir valideyn-övlad münasibətlərini təhlil edərkən ilk nəzərə çarpan dəyişiklik ünsiyyətin zəifləməsidir. Psixoloq Səbinə Cəbrayılova bu prosesi əsasən rəqəmsal mühitin təsiri ilə izah edir. Onun sözlərinə görə, telefon və sosial şəbəkə asılılığı ailə daxilində emosional əlaqələrin getdikcə səthiləşməsinə səbəb olur.
“Valideynlərin diqqətinin daha çox maddi təminata yönəlməsi bəzən uşağın psixoloji ehtiyaclarını arxa plana keçirir. Bu isə illər sonra valideynlə övlad arasında dərin məsafə yaradır.”

Psixoloq hesab edir ki, emosional əlaqədən məhrum böyüyən uşaq zamanla ailə bağlarından, sosial münasibətlərdən və mənəvi dəyərlərdən uzaqlaşır. Bu zəncirvari proses şəxsiyyətin formalaşmasına da təsirsiz ötüşmür. Onun fikrincə, ailə daxilində birgə keçirilən vaxt həlledici rol oynayır. Axşam yeməyi ətrafında toplaşmaq və gün ərzində yaşananları paylaşmaq uşağa dəyərli olduğunu hiss etdirməyin sadə, amma təsirli yoludur. Birlikdə oynanan oyunlar, söhbətlər və paylaşılan anlar uşağın emosional və idrak inkişafını gücləndirir. Bu münasibət forması məktəb həyatında da öz əksini tapır – uşaq daha açıq, ünsiyyətcil və özünə inamlı olur.
Təhsil sisteminə dair müzakirələr aparılarkən çox vaxt proqramlar və metodikalar ön plana çıxır. Lakin kənd yerlərində təhsilin vəziyyətinə baxdıqda mənzərə daha mürəkkəb görünür. Vəfa Musayeva bu reallığı həm pedaqoq, həm də icma içindən müşahidə edən biri kimi dəyərləndirir.
Onun sözlərinə görə, kənd yerlərində valideynlərin əsasən fiziki əmək sahələrində çalışması övladları ilə vaxt keçirmə imkanlarını azaldır. Bu isə uşaqlarda motivasiya itkisi, özünüifadə çətinliyi və sosial uyğunlaşma problemləri yaradır. Bir çox uşaq fikrini açıq deməkdən çəkinir, kollektivdə öz yerini tapa bilmir və psixoloji basqı altında qalır.

Pedaqoq təhsil prosesini müəllim-şagird-valideyn münasibətləri üzərində qurulan bir mexanizm kimi təsvir edir. Bu üç tərəf arasında etibar və əməkdaşlıq olmadıqda, məktəbin verdiyi bilik də zəif təsir göstərir. Valideynin məktəbə münasibəti uşağın təhsil yoluna birbaşa təsir edir və bu münasibət formalaşmadıqda uşağın özgüvəni sarsılır.
“Təhsildə tez-tez “üçbucaq modeli” adlandırılan bir mexanizmə istinad olunur. Bu model müəllim, şagird və valideyn arasında qurulan qarşılıqlı əlaqəyə əsaslanır. Təhsil prosesində güclü və dayanıqlı sistemin formalaşması yalnız müəllimin və ya pedaqoqun üzərinə düşən məsuliyyətlə məhdudlaşmır; burada şagirdin aktiv iştirakı və valideynin dəstəyi də həlledici rol oynayır.
Əgər bu üç tərəf arasında etibar və şəffaflıq təmin olunarsa, valideyn müəllimin peşəkarlığına güvənərsə, müəllim şagirdin bilik və bacarıqlarının inkişafına diqqət yetirərsə, valideyn isə həm övladına, həm də məktəb mühitinə dəstək göstərərsə, nəticə daha sağlam olur. Belə bir əməkdaşlıq mühitində yetişən şagird özünə inamlı, bacarıqlı və məsuliyyətli fərd kimi formalaşır. Uzunmüddətli perspektivdə isə bu proses cəmiyyət üçün daha şüurlu, dəyərlərinə bağlı vətəndaşların yetişməsinə zəmin yaradır.”
Qeyri-formal təhsil mühitində baş verən dəyişikliklər valideynlər üçün ən çox gündəlik davranışlarda hiss olunur. Zülfiyyə Cümşüdova bu prosesi övladının həyatında müşahidə etdiyini deyir. Onun sözlərinə görə, belə fəaliyyətlərdən sonra uşaq evdə daha açıq, daha maraqlı və sualverən olur. Təbiətlə bağlı mövzulara marağın artması, müşahidə etdiklərini həvəslə bölüşməsi və məsuliyyət hissinin formalaşması bu dəyişimin əsas göstəricilərindəndir. Açıq havada keçirilən vaxt uşağın enerjisini balanslaşdırır və özünə inamını gücləndirir. Valideyn üçün bu nəticə hər hansı qiymətdən daha aydın göstəricidir.

Bu müşahidələr Zülfiyyə Cümşüdovanın şəxsi təəssüratlarında daha aydın ifadə olunur. O, qeyd edir ki, övladının davranışındakı dəyişikliklər qısa müddətdə hiss edilməyə başlayıb və bu dəyişikliklər yalnız konkret bacarıqlarla məhdudlaşmayıb.
“Əvvəllər gün ərzində yaşadıqlarını çox da paylaşmayan uşağım indi gördüyü hər şeyi danışmaq, sual vermək və öz fikrini bildirmək istəyir,” – deyə o vurğulayır.
Onun sözlərinə görə, bu proses uşağın daxili dünyasında baş verən dəyişimin göstəricisidir və valideyn olaraq onu ən çox sevindirən məqam da məhz budur. Valideyn bildirir ki, təbiət mühitində keçirilən fəaliyyətlər övladının məsuliyyət anlayışını daha erkən yaşda formalaşdırıb.
“Artıq evdə də xırda işlərdə təşəbbüs göstərir, etdiyi hərəkətin nəticəsi barədə düşünür,” – deyə Zülfiyyə Cümşüdova əlavə edir.
Onun fikrincə, açıq havada sərbəst hərəkət etmək uşağın enerjisini tənzimləyir, emosional gərginliyi azaldır və daha sakit, balanslı davranış modelinin yaranmasına şərait yaradır.
Uşaqlıq dövründə valideynin öyrənmə prosesinə birbaşa qoşulması uzunmüddətli nəticələr doğurur. Nəzrin Ömərzadə bu prosesi koqnitiv və emosional inkişaf kontekstində izah edir. Onun fikrincə, ev mühitində dəstəklənən oyun əsaslı fəaliyyətlər uşağın neyron əlaqələrini gücləndirir və problem həlletmə bacarıqlarını inkişaf etdirir. Bu dəstək olmadıqda isə uşaqlarda passiv davranış modeli formalaşır. Belə uşaqlar təşəbbüs göstərməkdə və müstəqil düşünməkdə çətinlik çəkirlər. Uzun müddətli müşahidələr göstərir ki, valideyn dəstəyi ilə böyüyən uşaqlar emosional intellekt və özünü tənzimləmə baxımından daha dayanıqlı olurlar.

“Evdə valideynlərin övladlarının uşaqlıq dövründə onlarla oyun əsaslı öyrənməyə inteqrasiyası uşağın koqnitiv və emosional inkişafında mühüm rol oynayır. Ev mühitində valideyn tərəfindən dəstəklənən oyun fəaliyyətləri uşaqlarda yalnız ümumi motor bacarıqlarını deyil, həm də mürəkkəb neyron əlaqələrini və problem həlletmə qabiliyyətini stimullaşdırır. Bu prosesdən məhrum qalan və yalnız institusional səviyyədə təhsili ilə kifayətlənən uşaqlarda isə “öyrənilmiş passivlik” riski yaranır. Onlar xarici stimullar olmadan müstəqil kəşf etmə və strateji düşünmə bacarıqlarını inkişaf etdirməkdə çətinlik çəkirlər.
Uzunmüddətli perspektivdə, valideyn dəstəyi ilə böyüyən uşaqlar emosional intellekt (EQ) və özünü tənzimləmə mexanizmləri baxımından həmyaşıdlarından əhəmiyyətli dərəcədə fərqlənirlər. Birgə oyunlar vasitəsilə qazanılan “təhlükəsiz bağlanma” hissi, gələcəkdə fərdin peşəkar mühitdə liderlik keyfiyyətlərini nümayiş etdirməsinə və böhran vəziyyətlərində psixoloji dayanıqlılıq göstərməsinə zəmin yaradır. Dəstəkdən məhrum böyüyən uşaqlarda isə sosial adaptasiya prosesi daha ləng gedir və bu, onların gələcək karyera yollarında təşəbbüskarlıq çatışmazlığı kimi özünü büruzə verir.” – deyə, ekspert qeyd edib.

Bu nöqtədə bir şeyi açıq demək lazımdır. Yuxarıda sözügedən yanaşmalar, müşahidələr və mütəxəssis fikirləri təsadüfi şəkildə bir araya gəlmir. Bu yazını qələmə alan şəxs üçün qeyri-formal təhsil uzun illərdir təkcə nəzəri maraq sahəsi yox, gündəlik praktik iş mühiti, səhvlərlə, axtarışlarla və suallarla formalaşmış bir yolun nəticəsidir. Elə bu səbəbdən burada səslənən bir çox fikir sonradan masa arxasında yazılmayıb, sahədə yaşanıb, sınanıb və bəzən də yenidən düşünülüb. Məhz bu axtarışların davamı olaraq, son illərdə qeyri-formal təhsillə maraqlanan müxtəlif auditoriyalar – təlimçilər, müəllimlər, valideynlər və gənclərlə işləyən mütəxəssislər eyni sualı verməyə başlayıblar: bu işi daha sistemli, daha anlaşılan və davamlı şəkildə necə qurmaq olar? Bu sualın cavabını tək bir layihədə və ya tək bir yanaşmada tapmaq mümkün deyil. Lakin təcrübəni paylaşmaq, strukturlaşdırmaq və başqalarının da istifadə edə biləcəyi formaya salmaq ehtiyacı zamanla qaçılmaz olur.

Bu ehtiyacdan doğan işlərdən biri də “Qeyri-formal təhsildə təlimçinin əl kitabı”dır. Kitab iddialı cavablar vermək üçün yox, sahədə çalışan insanların gündəlik qarşılaşdığı sualları bir araya toplamaq üçün hazırlanıb. Burada oxucuya hazır reseptlər təklif edilmir; əksinə, müxtəlif metodik yanaşmalar, praktik alətlər və real situasiyalar təqdim olunur ki, hər kəs öz kontekstinə uyğun olanı seçə bilsin. Vəsaitdə qeyri-formal təhsilin nəzəri çərçivəsi ilə yanaşı, təlimçi səriştələri, öyrənmə üslubları, fasilitasiya prosesləri, qiymətləndirmə və münaqişələrin idarə olunması kimi mövzulara yer verilməsi də bu yanaşmanın nəticəsidir. Kitabın içindəki interaktiv fəaliyyətlər və sənəd nümunələri isə uzun müddət sahədə işləyən insanların “kaş əvvəldən belə bir mənbə olaydı” dediyi boşluqlardan doğub.
Bu nəşri xüsusi edən cəhət onun mükəmməl və ya yekun cavab iddiası daşımamasıdır. O, daha çox qeyri-formal təhsil ilə məşğul olanların eyni masada oturub təcrübələrini paylaşdığı bir məkan təsiri bağışlayır. Bəlkə də kitabın oxucular tərəfindən sevilməsinin səbəbi də elə budur: burada müəllif səsi oxucudan yuxarıda dayanmır, onunla eyni səviyyədə düşünür.

Axşam düşəndə uşaqların ayaqları torpaqdan ayrılır, paltarları dəyişir, günün səsi yavaş-yavaş susur. Amma öyrənmə bitmir. O, çantalarda daşınan dəftərlərdə yox, uşağın yaddaşında qalan xırda anlarda yaşayır: gördüyü yarpaqlar, verdikləri suallar, paylaşmaq istədikləri fikirlər. Bu anlar qiymətləndirilmir, ölçülmür, statistikaya çevrilmir. Amma illər sonra məhz həmin səssiz anların insanın dünyaya baxışını formalaşdırdığı üzə çıxır. Qeyri-formal təhsil haqqında danışarkən əsas məsələ metodlar və proqramlar deyil, münasibətdir. Uşağa necə baxdığımız, ona nə qədər yer verdiyimiz və nəyi dəyərli saydığımızdır. Bəzən bir günün içində yaşanan sadə təcrübə uzunmüddətli təsir yaradır və heç bir dərs planının bacarmadığı işi görür. Qeyri-formal mühitlər alternativ yox, xatırlatma rolunu oynayır: öyrənmə həyatın özündən ayrılmamalıdır.
Qeyri-formal təhsil və gənclərlə iş sahəsində çalışan mütəxəssislərin rolu çox vaxt nəticələr üzərindən görünür, prosesin özü isə diqqətdən kənarda qalır. Ülvi Məmmədov bu məsələyə münasibət bildirərkən qeyd edir ki, uşaqlar və gənclərlə işləyən insanların peşəkarlığı onların gələcək həyat trayektoriyasını birbaşa müəyyənləşdirir. Onun fikrincə, sahəni bilən, pedaqoji yanaşması olan, uşaq və gəncin psixoloji inkişaf mərhələlərini anlayan mütəxəssis təkcə bilik ötürmür, eyni zamanda şəxsiyyətin formalaşmasına təsir göstərir. Belə mühitdə böyüyən uşaqlar özlərini ifadə etməyi öyrənir, sual verməkdən çəkinmir və səhv etməkdən qorxmurlar. Bu isə sağlam düşüncə tərzinin və məsuliyyət hissinin əsasını qoyur.

Ülvi Məmmədov vurğulayır ki, gənclik dövrünə keçid məhz bu erkən mərhələlərdə formalaşan yanaşmaların davamıdır. Peşəkar rəhbərlik və düzgün qurulmuş qeyri-formal mühit gənclərin “itib-batmasına” yox, istiqamət tapmasına şərait yaradır. Belə gənclər daha sonra cəmiyyətin passiv üzvünə çevrilmir, əksinə, sosial proseslərdə fəal iştirak edir, təşəbbüs göstərir və yaşadıqları mühitə töhfə verməyə çalışırlar. Onun fikrincə, gənclərlə iş sahəsində əsas məsələ layihələrin sayı yox, bu layihələri həyata keçirən insanların məsuliyyəti və peşəkarlığıdır; çünki insanla işləyən sahələrdə nəticə həmişə insanın özü qədər dəyərlidir.
Bəlkə də sual “bu model daha effektivdirmi?” deyil. Əsl sual budur: uşaqlara dünyanı kəşf etmək üçün nə qədər imkan veririk və bu kəşfin ritmini pozmamağa nə qədər hazırıq. Cavab hər kəs üçün fərqli ola bilər. Amma bir həqiqət dəyişmir, uşaqlar yadda saxladıqları dərsləri yox, yaşadıqları anları özləri ilə böyüdürlər…
