
Bəzi insanlar haqqında yazmaq çox çətindir, çünki gördükləri işlər bir məqaləyə sığışmır. Dostum Elnur da məhz belə adamlardandır. Onun yolunu izləyəndə konkret bir peşə, tək bir ölkə və ya dar bir sahə görmürsən. Daha çox ardıcıl bir maraq xətti, məsuliyyət hissi və öyrənməkdən yorulmayan bir insan portreti ortaya çıxır. Goranboydan başlayan bu yol onu Brüsseldən Nyu-Yorka, Tokiodan Budapeştə, Qahirədən Almatıya qədər aparıb. Amma əsas məsələ harada olması deyil, harada nəyi etdiyidir. Elnur beynəlxalq platformalarda Azərbaycanı təmsil edən gənclərdən biridir. BMT Baş Assambleyası, Avropa Parlamenti, COP prosesləri, müxtəlif ölkələrdə keçirilən elmi konfranslar və dialoq platformaları onun fəaliyyət coğrafiyasının yalnız görünən hissəsidir. Bu iştiraklar səfərlər və çıxışlarla kifayətlənməyərək, fikir mübadiləsi, öyrənmə və mövqeyini formalaşdırma prosesidir. Onun çıxışlarında və müzakirələrdə iştirakı adətən eyni xətt üzərində qurulur, ətraf mühit, davamlılıq, gənclərin rolu və elmi yanaşma.
Hazırda Qazaxıstanda ekologiya ixtisası üzrə doktorantura təhsili alması, elmi fəaliyyət göstərməsi bu xəttin davamıdır. Ekoloji təhlükəsizlik, davamlı inkişaf və təhsil mövzuları onun fəaliyyətində paralel şəkildə irəliləyir. Elmi rəhbəri ilə birlikdə formalaşdırdığı metodoloji yanaşmalar sonradan auditoriyaya, layihələrə və gənclərlə işə daşınır. Ali təhsil mühitində gənc müəllim kimi fəaliyyəti də bu baxımdan diqqətəlayiqdir. Ekoloji təhlükəsizlik istiqaməti üzrə apardığı dərslər klassik mühazirə formatından çox, iştirakçı və interaktiv mühit üzərində qurulub.
Tələbələrlə aparılan sorğular göstərir ki, bu yanaşma onların dərsi daha anlaşılan, praktik və real həyatla əlaqəli görməsinə səbəb olur. Burada əsas məqam rəqəmlərdən çox, yanaşmadır: müəllimin auditoriyanı passiv dinləyici yox, prosesin tərəfdaşı kimi görməsi.
Elnur kimi Vətən daşı olan oğullarımız üçün Məmməd Araz nə gözəl demişdi:
“Qayaların keçmişini qayalara yazdım, deyə.
Onda Vətən sanar məni
Bir balaca Vətən daşı,
Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı…”
Ölkədə ilk dəfə qeyri-formal təhsildə təlimçilər üçün əl kitabı yazan gənc kitab müəllifi Elnurun fəaliyyəti yalnız akademik mühitlə məhdudlaşmır. O, gənclərlə birbaşa işlədiyi platformalarda da daha çox dinləyən, sual verən və düşünməyə təşviq edən mövqedədir. Gənclərlə işləyən qurumda çalışdığı dövr bu baxımdan mühüm təcrübə mərhələsi olub. Burada həyata keçirilən proqramlar formal nəticələrdən çox, gənclərin özlərini tanımasına və bacarıqlarını sınamasına yönəlib.

2026-cı ildə 2025-ci il üzrə “İlin gənci” nominasiyasına layiq görülməsi də bu ardıcıl yolun nəticələrindən biridir. Eyni zamanda, yerli səviyyədə aldığı fəxri fərmanlar və dövlət tərəfindən verilən təşəkkürnamələr onun fəaliyyətinin yalnız beynəlxalq arenada deyil, yaşadığı mühitdə də dəyər gördüyünü göstərir. Məqalədə istifadə etdiyim onun bugünkü uğurunun çərçivəsində gözlərində oğlu haqqında fəxr görünən, sevinən bir ana da var. Onunla digər təşkilatlardan birində çalışdığım müddətdə qarşısına fərqli fürsətlər çıxsa da, ata və anasına görə, ailə qayğılarına görə imtina etdiyi anlar yadımdadır… Bu qədər çətinliyin, vaxt azlığının içində, o, yorulmadı və zirvəyə çıxa bildi. Bu hələ ki, o zirvələrdən Bazardüzüdür, qarşıda Xan-Tenqri var, Everest var. Qarşıda daha sərt hava, daha ağır yük və daha böyük səbir tələb edən yollar dayanır. Onu fərqləndirən isə zirvəyə çıxmaqdan çox, bu yolların fərqində olaraq irəliləməsidir. Çünki bəzi insanlar yüksəklikləri fəth etmək üçün yox, dağa layiq olmaq üçün dırmaşırlar.
Bu məqaləni yazarkən Elnur Arifzadəni “uğur hekayəsi” kimi təqdim etmək istəmədim. Daha çox düşünən, sual verən, bəzən tərəddüd edən, amma yolundan dönməyən bir insan obrazı ön plana çıxardım. Onun hekayəsində əsas olan titul və ya coğrafiya deyil. Əsas olan, öyrəndiyini paylaşmaqdan çəkinməyən, məsuliyyəti statusdan üstün tutan bir mövqedir. Bəlkə də bu yolun ən dəyərli tərəfi elə budur: harada olmasından asılı olmayaraq, gördüyü işin cəmiyyətə nə verdiyi sualını özünə daim vermək…
