Təlimçi bazamızın üzvü Rafət Şirəliyev Marsol Group-un Region partnyorları ilə görüşdə iştirak edib

24 yanvar 2026-cı il tarixində ənənəvi “İşgüzar səhər yeməyi” formatı çərçivəsində Marsol Group-un Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən partnyorları bir araya gəlib. Görüş regionda fəaliyyət göstərən sahibkarlar və biznes nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi, yeni iş imkanlarının müzakirəsi və təcrübə mübadiləsi baxımından mühüm platforma rolunu oynayıb.

Tədbir zamanı iştirakçılar öz fəaliyyət istiqamətlərini təqdim edib, qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin KOBİA-nın Lənkəran-Astara və Şirvan-Salyan iqtisadi rayonları üzrə regional koordinatorluğunun koordinatoru Rahib Cəbiyev iştirak edərək sahibkarlarla birbaşa ünsiyyətdə olub, onları maraqlandıran sualları cavablandırıb və dövlət dəstəyi mexanizmləri barədə məlumat verib.

Bu görüşdə təlimçilər bazamızın üzvü, RODOOS Training Consulting MMC-nin təsisçi-direktoru Rafət Şirəliyev də iştirak edib. O, insan yönümlü inkişaf yanaşması, təlim və konsultasiya sahəsində praktik təcrübələr, eləcə də bizneslərin institusional gücləndirilməsi mövzularında aparılan müzakirələrə öz töhfəsini verib.

Görüşün sonunda 2026-cı il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə partnyorluğun rəmzi olan yaxa nişanları təqdim edilib. Bu addım regionda fəaliyyət göstərən bizneslər arasında əməkdaşlığın davamlılığını və birgə inkişaf niyyətini simvolizə edib.

Qeyd edək ki, RODOOS Training Consulting MMC 2020-ci ildə təsis edilib və fərdi, eləcə də təşkilati inkişafı hədəfləyən, nəticəyönümlü təlim və konsultasiya xidmətləri göstərir. Şirkətin fəaliyyətinin mərkəzində insan amili dayanır və bu yanaşma güclü fərdlərin, güclü komandaların və nəticə etibarilə güclü təşkilatların formalaşmasına xidmət edir. RODOOS peşəkar və təcrübəli təlimçilərdən ibarət komandası ilə biznes inkişafı, marketinq, satış, hüquq, vergi, maliyyə və idarəetmə kimi müxtəlif sahələr üzrə ehtiyaclara uyğun fərdi həllər təqdim edir.

Elşən Şükürov

Məqalənin müəllifi, İctimaiyyətlə əlaqələr üzrə menecer