Məktəbdən kənarda başlayan gələcək: “UNSCHOOLING” və bacarıq əsaslı təhsil modeli – MƏQALƏ

Son illər beynəlxalq mediada təhsilin gələcəyi ilə bağlı müzakirələr təkcə məktəb proqramlarının yenilənməsi ilə məhdudlaşmır. Dünyanın aparıcı xəbər platformalarında getdikcə daha çox sinifdən kənarda öyrənmə, qeyri-formal təhsil və alternativ modellər gündəmə gətirilir. Bu yanaşmalardan biri olan və ABŞ mediasında geniş müzakirə olunan “unschooling” modeli klassik məktəb anlayışına fərqli baxış təklif edir. 2024-cü ilin avqust ayında CNN Newsource tərəfindən yayımlanan reportajda ABŞ-ın Miçiqan ştatında yaşayan valideynlər övladlarını ənənəvi məktəb və hətta standart evdə təhsil proqramlarından kənar şəkildə yetişdirdiklərini bildirirlər. “Unschooling” adlandırılan bu yanaşmada əsas prinsip hazır dərs planı yox, uşağın maraqlarıdır. Öyrənmə muzeydə, səyahətdə, parkda, gündəlik həyatda baş verir və valideynlər bunu “həyatın özünün sinif otağına çevrilməsi” kimi izah edirlər.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0V0z" fill="none"/><path d="M21 3H3c-1.11 0-2 .89-2 2v12c0 1.1.89 2 2 2h5v2h8v-2h5c1.1 0 1.99-.9 1.99-2L23 5c0-1.11-.9-2-2-2zm0 14H3V5h18v12zm-5-6l-7 4V7z"/></svg> CNN-in “Unschooling” barədə hazırladığı video reportaj

Bu reportajda diqqətçəkən məqam odur ki, “unschooling” vahid dövlət siyasəti kimi deyil, ailələrin təşəbbüsü ilə formalaşır və eyni ölkə daxilində belə müxtəlif formalarda tətbiq olunur. Model tərəfdarları uşaqların motivasiyasının yüksəldiyini, öyrənmənin daha “canlı” və gündəlik bacarıqlarla bağlı olduğunu vurğulayır; tənqidçilər isə keyfiyyətin ölçülməsi və standartların qorunması mövzusunu önə çəkirlər. Bu tendensiya beynəlxalq təşkilatların mövqeyi ilə də üst-üstə düşür: qlobal gündəmdə “öyrənmə” getdikcə daha çox məkan və zaman sərhədini aşan bir proses kimi təqdim olunur. Məsələ “məktəbə alternativ” axtarışından daha çox, məktəbdə verilən biliklərin real həyat bacarıqları ilə tamamlanmasıdır.

Bu qlobal müzakirələr Azərbaycan üçün də aktualdır. Ölkədə sinifdən kənarda öyrənməni sistemləşdirən əsas istiqamətlərdən biri Elm və Təhsil Nazirliyinin rəsmi təsnifatında yer alan məktəbdənkənar təhsil xəttidir. Nazirliyin rəsmi səhifəsində məktəbdənkənar təhsilin təşkilinə dair işlərin, proqram, plan, metodik və normativ sənədlərlə təminat, maarifləndirmə tədbirləri, sağlam həyat tərzi və zərərli vərdişlərdən qorunma kimi komponentlərin ayrıca fəaliyyət istiqaməti kimi göstərildiyi görünür. Mövzunun praktik tərəfi də var: Elm və Təhsil Nazirliyinin rəsmi xəbər resursunda məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsi barədə məlumat verilir və respublika üzrə yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrinin mövcudluğu qeyd olunur. Bu tip müəssisələr uşaqların maraq və bacarıqlarını məktəb proqramından kənarda inkişaf etdirmək üçün institusional baza rolunu oynayır. Əlavə olaraq qeyd edə bilərik ki Azərbaycanda sinifdən kənar öyrənmənin ikinci böyük xətti “əlavə təhsil” çərçivəsidir. Nazirliyin rəsmi izahında əlavə təhsil “fasiləsiz təhsil almaq imkanını təmin edən”, insan potensialının, peşə hazırlığının yüksəldilməsinə və əmək şəraitinə uyğunlaşmaya xidmət edən mexanizm kimi təqdim olunur. Bu yanaşma qeyri-formal təhsilin məntiqinə yaxındır: insan yalnız məktəb yaşında deyil, həyatın müxtəlif mərhələlərində bacarıqlarını yeniləməlidir.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Fransanın Strazburq şəhərində yerləşən Avropa Gənclər Mərkəzinin təlim zalında sessiya vaxtı çəkilmiş foto, Şəklin müəlliflik hüquqları CoE aiddir.

Avropa Şurasının təhsil sahəsindəki yanaşmasına görə, formal və qeyri-formal təhsil bir-birini rəqib kimi deyil, tamamlayıcı mexanizmlər kimi gücləndirməlidir. Şura vurğulayır ki, qeyri-formal təhsil demokratik vətəndaşlığın inkişafı, iştirakçılıq, tənqidi düşüncə və real həyat bacarıqlarının formalaşdırılması baxımından mühüm rol oynayır. Bu model öyrənəni passiv bilik alıcısı deyil, aktiv iştirakçı kimi görür və könüllülük, öyrənən mərkəzli metodlar, sosial məsuliyyət və refleksiya prinsiplərinə əsaslanır. Avropa Şurasının tövsiyələrinə görə, qeyri-formal öyrənmənin tanınması və formal təhsil sistemi ilə əlaqələndirilməsi müasir təhsilin əsas prioritetlərindən biri hesab olunur. Bu beynəlxalq yanaşma göstərir ki, qeyri-formal təhsilin effektivliyi yalnız ayrıca fəaliyyətlərdə deyil, onun sistemli və metodoloji inteqrasiyasında üzə çıxır.

Mövzuya metodoloji və sistemli baxış təqdim edən qeyri-formal təhsil mütəxəssisi Elmurad Məmmədov hesab edir ki, qeyri-formal təhsilin formal təhsil sistemində effektiv istifadəsi üçün ciddi islahatlara ehtiyac var. Onun sözlərinə görə, praktik yolla əldə edilən biliklər daha yaxşı mənimsənilir, çünki şagird və tələbələr öyrəndikləri biliklərin harada və necə istifadə olunacağını real kontekstdə dərk edirlər.

Ekspert vurğulayır ki, əsas hədəf qeyri-formal təhsil metod və yanaşmalarının məktəb və universitet mühitinə inteqrasiyası olmalıdır. Bu isə həm məlumatın ötürülməsi ilə, həm də tələbələrin araşdırma aparmasına imkan yaradılması, qrup işlərinin təşkili, layihə əsaslı öyrənmənin tətbiqi və öyrənmə məqsədlərinin əvvəlcədən müəyyənləşdirilməsi ilə mümkün ola bilər. Elmurad Məmmədovun fikrincə, qeyri-formal təhsilin əsas üstünlüklərindən biri klassik qiymətləndirmə modelindən fərqli olaraq refleksiya və özünüqiymətləndirməyə əsaslanmasıdır.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Elmurad Məmmədov, qeyri-formal təhsil mütəxəssisi

Bu modeldə tələbələr “yaxşı” və ya “pis” kimi etiketlənmir, əvəzində nə öyrəndiklərini, bu bilikləri necə və nə zaman istifadə edəcəklərini dərk etməyə təşviq olunurlar. Ekspert qeyd edir ki, qeyri-formal təhsilin fundamental prinsiplərindən biri məlumatın yalnız müəllimdən gəlməməsi, sinif mühitində çoxmənbəli bilik paylaşımının təşviq edilməsi, bərabərlik və təhlükəsiz öyrənmə mühitinin yaradılmasıdır. Onun sözlərinə görə, səhv etmək qorxusu olmayan, fikrini sərbəst bölüşə bilən və öz potensialını rahat şəkildə ifadə edən tələbələr daha dərin və davamlı öyrənmə təcrübəsi qazanırlar.

Azərbaycan kontekstində sinifdən kənarda öyrənmənin ən görünən istiqamətlərindən biri də STEAM yanaşmasıdır. Elm və Təhsil Nazirliyinin rəsmi resurslarında “STEAM Azərbaycan” layihəsinin məktəblərdə tətbiq olunduğu məzmun sahələri sadalanır. Bu siyahı STEAM-ın həm nəzəri, həm də praktik və tətbiqi bacarıqların formalaşdırılmasına yönəldiyini göstərir. Nazirliyin STEAM bölməsində layihənin miqyası barədə də konkret rəqəmlər var: rəsmi məlumata görə, STEAM təşəbbüsü 400 ümumtəhsil məktəbi və 25 STEAM mərkəzini əhatə edir və 180 minə yaxın şagirdin STEAM tədrisinə cəlb edildiyi qeyd olunur. Bu göstəricilər sinifdən kənar və tətbiqi öyrənmənin artıq ayrı-ayrı təşəbbüslər səviyyəsini aşaraq geniş şəbəkə yanaşmasına keçdiyini göstərən faktlardır. Sinifdən kənarda öyrənmənin ən həssas məqamı onun necə tanınması və qiymətləndirilməsidir. Azərbaycanda bu mövzu üzrə son illər institusional addımlar görünür: Elm və Təhsil Nazirliyindən aldığımız məlumatlarda qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə təlim proqramlarının təşkil olunduğu qeyd edilir. Sinifdən kənar öyrənmə yalnız mərkəzi səviyyədə deyil, yerli idarəetmə səviyyəsində də təşkil olunur. Məsələn, regionlardan birində məktəbdənkənar fəaliyyətlərin səmərəli təşkili, innovativ yanaşmaların tətbiqi, təhsilalanların nailiyyətlərinin yüksəldilməsi kimi məqsədlər ayrıca istiqamət kimi göstərilir.

Mövzuya əmək bazarı və insan resursları prizmasından yanaşan insan resursları sahəsi üzrə ekspert Günel Allahverdiyeva qeyd edir ki, müasir dövrdə təhsil və karyera artıq yalnız auditoriya divarları ilə məhdudlaşmır və işəgötürənlərin prioritetləri sürətlə dəyişir.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Günel Allahverdiyeva, insan resursları sahəsi üzrə ekspert

Onun sözlərinə görə, xüsusilə texnologiya, kreativ sənaye və xidmət sektorlarında namizədin hansı diplomu daşımasından daha çox, real olaraq nəyi bacardığı ön plana çıxır. Məsələn, proqramçılar üçün GitHub portfeli, dizaynerlər üçün Behance profili, eləcə də Coursera, edX və Udemy kimi platformalardan əldə edilən ixtisaslaşmış sertifikatlar bir çox hallarda ənənəvi diplomdan daha təsirli arqumentə çevrilir. Ekspert vurğulayır ki, qeyri-formal yollarla formalaşan ünsiyyət, komanda işi, problem həll etmə və adaptasiya bacarıqları işə qəbul prosesində həlledici rol oynayır. Günel Allahverdiyeva Azərbaycanda qeyri-formal təhsilin tanınmasını həm fərdlər, həm də dövlət üçün vacib ehtiyac kimi qiymətləndirir və illərlə usta yanında təcrübə qazanmış, lakin rəsmi sənədi olmayan minlərlə mütəxəssisin bacarıqlarının tanınmasının onların əmək bazarına çıxışını asanlaşdıracağını bildirir.

Onun fikrincə, STEAM və layihə əsaslı öyrənmə kimi yanaşmalar gənclərdə problem həll etmə, kritik düşüncə, texnoloji savadlılıq və əməkdaşlıq kimi əmək bazarında tələb olunan əsas kompetensiyaları formalaşdırır. Ekspert hesab edir ki, dünya artıq “bacarıq əsaslı iqtisadiyyat” mərhələsinə daxil olub və bu şəraitdə diplom daha çox giriş bileti rolunu oynadığı halda, real uğurun açarı konkret bacarıqlar, tətbiqi biliklər və ömürboyu öyrənmə vərdişləridir.

Bu yanaşmaların məktəb mühitində necə qəbul edildiyini və real şagird davranışlarına necə təsir etdiyini anlamaq üçün məktəb rəhbərinin də mövqeyini öyrənməyi vacib hesab etdik. Çünki məktəb rəhbərləri şagirdlərin gündəlik davranışlarını, sosial inkişafını və təhsil mühitindəki dəyişikliklərin real təsirlərini birbaşa müşahidə edən əsas şəxslərdəndir.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Elçin Abbasov, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, tam orta məktəb direktoru

Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, Cəlilabad rayon Günəşli kənd tam orta məktəbin direktoru Elçin Abbasov bildirir ki, kənd mühitində şagirdlər valideynləri ilə birlikdə kənd təsərrüfatı fəaliyyətlərində iştirak etməklə əməyə hörmət, məsuliyyət və praktiki bacarıqlar qazanırlar. Onun sözlərinə görə, uşaqlar kitablardan əldə etdikləri bilikləri təbiətdə müşahidə edir və real həyat şəraitində tətbiq etməyi öyrənirlər. Direktor həmçinin vurğulayır ki, şagirdlərin mütaliəyə təşviqi, məktəbdaxili və məktəbdənkənar tədbirlərdə aktiv iştirakı onların sosial bacarıqlarını, dünyagörüşünü və şəxsiyyət kimi inkişafını gücləndirir.“

Təhsildə tətbiq olunan yeniliklər ilkin mərhələdə müəyyən çətinliklər yaratsa da, zamanla pedaqoji prosesin səmərəliliyini artırır və müəllimlərin işini asanlaşdırır. Qeyri-formal təhsil müasir dövrdə şagirdlərin şəxsi inkişafı, dünyagörüşünün genişlənməsi və gələcək karyera planlarının formalaşması baxımından olduqca əhəmiyyətlidir.” – deyə, o, qeyd edib.

Mövzunun ailə və valideyn prizmasından necə göründüyünü anlamaq üçün “Forest Education Azerbaijan”ın meşə təhsili qruplarından birində təhsil alan ləpirçinin valideyni Gülsüm Hüseynlinin də fikirlərini öyrəndik. Onun sözlərinə görə, məktəbdənkənar fəaliyyətlər övladına ən çox ünsiyyət bacarıqları qazandırır, komandada işləməyi öyrədir və məsuliyyət hissinin formalaşmasına müsbət təsir göstərir.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Gülsüm Hüseynli, meşə təhsili qruplarında təhsil alan Ömər Hacızadənin valideyni

“Bu mühit uşağın maraqlarını kəşf etməsinə, müxtəlif xarakterli insanlarla ünsiyyət qurmasına və yeni fəaliyyət sahələrini tanımasına şərait yaradır. Qeyri-formal təhsil övladının fərdi maraqlarına uyğun inkişaf etməsi, yaradıcılığının artması və real həyatda faydalı bacarıqlar qazanması baxımından geniş imkanlar açır.” – deyə Gülsüm xanım fikrini aydınlaşdırıb.

Bununla yanaşı, o, fəaliyyətlərin keyfiyyəti, təhlükəsizlik məsələləri, akademik dərslərlə balansın qorunması və sosial mühitdə maraq fərqlərinin olması kimi məqamların valideyn olaraq müəyyən narahatlıqlar yaratdığını da qeyd edir. Valideynin düşüncəsinə görə, ideal təhsil modeli akademik bilikləri, qeyri-formal təhsili, praktik bacarıqları və sosial inkişafı bir araya gətirən balanslı bir sistem olmalıdır. Bu modeldə məktəb, valideyn və məktəbdənkənar təhsil mühitləri bir-birini tamamlamalı, uşağın həm bilik, həm də şəxsiyyət kimi formalaşmasına, liderlik bacarıqlarının, emosional və intellektual inkişafının güclənməsinə xidmət etməlidir.

Valideynlərin gündəlik müşahidələri məktəbdənkənar fəaliyyətlərin uşaqların davranışına və sosial bacarıqlarına real təsir göstərdiyini ortaya qoyur. Lakin bu təsirin daha dərindən anlaşılması üçün mövzuya yalnız ailə və təcrübə prizmasından deyil, eyni zamanda psixoloji və inkişaf yönümlü baxış bucağından yanaşmaq vacibdir. Çünki uşaqların qeyri-formal mühitlərdə qazandığı bacarıqlar onların emosional vəziyyətinə, özünə inamına, motivasiyasına və şəxsiyyət kimi formalaşmasına birbaşa təsir göstərir. Bu baxımdan, məktəbdənkənar və alternativ öyrənmə modellərinin uşaqların psixoloji inkişafına necə təsir etdiyini psixoloqların rəyi əsasında daha dərindən araşdırdıq.

Mövzuya psixoloji baxış təqdim edən psixologiya üzrə fəlsəfə doktoru, Orvita Psixoloji Reabilitasiya Mərkəzi və Orvita Autizm Evinin təsisçisi və direktoru Ramidə Oktayqızı bildirir ki, maraq əsaslı öyrənmənin uşağın motivasiyasına və emosional vəziyyətinə təsiri yaş dövründən asılı olaraq dəyişir.

“3–6 yaş arası uşaqlarda öyrənmə daha çox istiqamətləndirici yanaşma üzərində qurulmalı, 6–10 yaş dövründə isə maraq əsaslı öyrənmə prinsipi üstünlük təşkil etməlidir. Bu yaş mərhələsində uşaqların sosial bacarıqlarının formalaşması xüsusilə önəmlidir və onların maraqları çox zaman dil öyrənmə, şahmat, idman, rəqs, rəssamlıq, əl işləri və digər yaradıcı və peşə yönümlü fəaliyyətlərə istiqamətlənir. Bu tip fəaliyyətlər uşaqların motivasiyasını artırmaqla yanaşı, emosional vəziyyətlərinin sağlam şəkildə tənzimlənməsinə də kömək edir.”

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Ramidə Oktayqızı, Psixologiya üzrə fəlsəfə doktoru

Ramidə Oktayqızının fikrincə, təzyiqsiz və təhlükəsiz öyrənmə mühiti xüsusilə 10–16 yaş arası yeniyetmələr üçün daha effektivdir, çünki bu dövrdə “mən” obrazı formalaşır və zorakı müdaxilələr əks təsir yarada bilər. O qeyd edir ki, qeyri-formal öyrənmə mühitləri uşaqların sosial bacarıqları ilə yanaşı, diqqət, yaddaş, təfəkkür, emosional zəka və ümumi psixoloji dayanıqlığın inkişafına mühüm töhfə verir. Ekspert həmçinin xəbərdarlıq edir ki, formal və qeyri-formal təhsil arasında balansın pozulması uşaqlarda motivasiya azalması, davranış problemləri və öyrənmə çətinliklərinə səbəb ola bilər. Bu səbəbdən valideynlərin, mütəxəssislərin və təhsil qurumlarının birgə əməkdaşlığı ilə sağlam və balanslı öyrənmə modelinin qorunmasının vacibliyini vurğulayır.

Məqaləmizdə təqdim olunan beynəlxalq tendensiyalar, Azərbaycan konteksti və müxtəlif sahələrdən olan mütəxəssislərin fikirləri göstərir ki, təhsilin gələcəyi artıq təkcə sinif otaqları ilə məhdudlaşmır. “Unschooling” yanaşmasından qeyri-formal təhsil modellərinə, STEAM təşəbbüslərindən əmək bazarının tələblərinə qədər uzanan bu transformasiya öyrənməni daha çevik, həyatla əlaqəli və bacarıq əsaslı bir prosesə çevirir. Məktəb rəhbərlərinin müşahidələri, valideynlərin təcrübələri, psixoloqların elmi yanaşmaları və insan resursları mütəxəssislərinin əmək bazarı analizləri bir nöqtədə birləşir: müasir dünyada uğurun açarı yalnız bilik deyil, həm də motivasiya, sosial bacarıqlar, tənqidi düşüncə və real həyat üçün tətbiq edilə bilən səriştələrdir. Bu baxımdan, formal və qeyri-formal təhsilin balanslı şəkildə inteqrasiyası, ömürboyu öyrənmə mədəniyyətinin təşviqi və uşaqların maraqlarına əsaslanan inkişaf modelinin gücləndirilməsi Azərbaycanın təhsil gündəliyində strateji prioritetlərdən birinə çevrilməlidir. Çünki gələcəyin təhsili yalnız məlumat ötürən sistem deyil, fərdin potensialını üzə çıxaran, onu həyata hazırlayan və cəmiyyətin davamlı inkişafına töhfə verən bir mexanizm olmalıdır.

Ülvi Məmmədov

Məqalənin müəllifi, FEA-nın həmtəsisçisi