Ruslan Həsənov: dəyərlərlə qurulan şərəfli və məsuliyyətli həyat yolu – MÜSAHİBƏ

Müsahibə götürən: Aysu Məmmədova – Forest Education Azerbaijan, İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı
Müsahib: Ruslan Həsənov – Forest Education Azerbaijan qeyri-formal təhsil birliyinin idarəetmə komandasının üzvü, təlimçi

Aysu Məmmədova:
Ruslan müəllim, ilk növbədə sizi bir parçası olduğunuz Forest Education Azerbaijan platformasında görməkdən məmnunuq. İstərdik ki, oxucularımız üçün söhbətə lap başlanğıcdan başlayaq. Özünüzü necə xatırlayırsınız, uşaqlığınız necə keçib?

Ruslan Həsənov:
Salam, Aysu xanım. Oxucularımızı da salamlayıram. Mən Həsənov Ruslan Arif oğlu, 1979-cu ildə Biləsuvar rayonunda anadan olmuşam. Uşaqlığımı xatırlayanda ilk ağlıma gələn rənglər olur. Demək olar ki, üç yaşımdan rəsmlə məşğul olmuşam. Oyuncaqlarım da çox vaxt adi oyuncaqlar yox, rəngli qələmlər, karandaşlar, kağızlar idi. Özümü dərk etdiyim ilk anlardan etibarən rəsm mənim üçün sadəcə məşğuliyyət yox, daxili ehtiyac idi. 1985-ci ildə Azərbaycanda ilk dəfə tətbiq olunan, 6 yaşlı uşaqlardan ibarət eksperimental siniflər açılmışdı. Mən də həmin eksperimental sinifdə birinci sinfə getmişəm. O dövrdə təhsil sistemi dəyişirdi, 10 illik təhsildən 11 illik təhsilə keçid dövrü idi. Bu da bizim nəsil üçün bir az fərqli, maraqlı, eyni zamanda məsuliyyətli mərhələ idi.

Aysu Məmmədova:
Rəsmə marağınız çox erkən yaşlardan başlayıb. Bu maraq sonradan necə inkişaf etdi?

Ruslan Həsənov:
İkinci sinifdən etibarən artıq rəsm dərnəyinə gedirdim. Məktəbdə oxuduğum müddət ərzində rayonda keçirilən demək olar ki, bütün rəsm sərgilərində iştirak etmişəm. Rəsm müəllimlərim mənə çox inanırdı, mən də çalışırdım ki, onların etimadını doğruldum. Amma maraqlıdır ki, bütün bu rəssamlıq yoluna paralel olaraq içimdə başqa bir sevgi də vardı – təbiətə, heyvanlara, düşərgə həyatına qarşı xüsusi bir maraq. Uşaqlıqda pioner düşərgələrinə getmək arzularım vardı. Amma Krımda “Artek” düşərgəsinə gedən qatarın qəzaya düşməsi xəbəri ailəmizi çox qorxutmuşdu. Atam çox narahat idi və bu səbəbdən məni düşərgələrə göndərmədi. Bu qadağa içimdə bir boşluq yaratdı. Təbiət, düşərgə, heyvanlar saxlamaq, macəra axtarmaq kimi arzularım uzun illər kövrək şəkildə içimdə qaldı.

Aysu Məmmədova:
Atanızın müəllim olması və sizin təhsil yolunuza münasibəti də həyatınızda xüsusi yer tutur. Bu mərhələni necə xatırlayırsınız?

Ruslan Həsənov:
Atam müəllim idi və eyni zamanda oxuduğum məktəbin direktoru idi. O dövrdə müəllimlərin vəziyyəti çox ağır idi, maddi çətinliklər yaşayırdılar. Atam istəyirdi ki, mən müəllimlik yoluna getməyim, çünki bu əziyyətləri yaxından görmüşdü. Hətta məktəbi bitirəndə mənə attestat əvəzinə arayış verdi ki, ali məktəbə sənəd verə bilməyim. Bu mənim üçün çox ağır bir məqam idi. Çox məyus oldum, çox xahiş etdim. Nəhayət müəllimləri razı sala bildim və sənədlərim qəbul olundu. Amma səhəri gün qabiliyyət imtahanına gəlmədiyimi dedilər. Yenə də mübarizə apardım və 7 gün ardıcıl qabiliyyət imtahanı verdim. Xalq rəssamı, mərhum Mikayıl Abdullayevdən yüksək qiymət almağım mənim həyatımda dönüş nöqtəsi oldu. Nəticədə 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Dekorativ-Tətbiqi sənət şöbəsinə qəbul oldum. Bu, həm böyük sevinc, həm də böyük məsuliyyət idi.

Aysu Məmmədova:
Ali məktəb illəriniz həm uğurlu, həm də çox ağır bir dövr kimi səslənir…

Ruslan Həsənov:
Bəli, birinci kursu çox xoşbəxt oxudum. Amma sonra anam ağır onkoloji xəstəliyə düçar oldu və həyatım tamamilə dəyişdi. Qalan üç ili səhərlər institutda, axşamlar xəstəxanada keçirdim. Bəzən naturşiklərə çatmırdım, onda xəstəxanada xəstələrin yanında qalan insanların portretlərini çəkib kurs işi kimi təqdim edirdim. Yay aylarında sübh tezdən etüdlər edir, məktəbə 80–100 mənzərə aparırdım. Halbuki, il ərzində bizdən cəmi 12 iş tələb olunurdu. Mənim üçün bu vicdan məsələsi, həm də özümə qoyduğum məsuliyyət idi. Ali məktəbdə yüksək nəticələrim müəllimlərin də diqqətini çəkirdi. Emalatxanalarına şəxsən dəvət olunurdum. Bu etimadı doğrultmaq üçün daha çox çalışmalı idim. Diplom müdafiəsi zamanı anam artıq can üstündə idi. Diplomumu uğurla müdafiə edib evə qayıtdım. Anam danışa bilmirdi, amma diplomu müdafiə etdiyimi deyəndə gözlərindən yaş axdı. Həmin gecə anamı itirdim.

Aysu Məmmədova:
Bu, çox ağır bir itkidir… Bundan sonra həyatınız necə davam etdi?

Ruslan Həsənov:
2000-ci il idi. Birbaşa hərbi xidmətə yollandım. Hava Hücumundan Müdafiə Qüvvələrində xidmət etdim. Düzünü desəm, bir az da özümü yasdan çıxarmaq üçün bu yolu seçmişdim. Bir il ərzində hərbi hissəni başdan qurduq. Əsgər, çavuş, post rəisi və nəhayət baş çavuş kimi xidməti başa vurdum. Əsgərlikdən sonra xaricdən iş təklifləri aldım. Amma anamı itirdikdən sonra 6 yaşlı qardaşım mənim himayəmdə qalmışdı. Bu səbəbdən bütün təklifləri geri çevirdim və Azərbaycanda qaldım.

Aysu Məmmədova:
Bu nöqtədən sonra həyatınıza müəllimlik və skautluq necə daxil oldu?

Ruslan Həsənov:
Xırmandalı kənd Uşaq İncəsənət Məktəbində müəllim kimi fəaliyyət göstərdim, respublika sərgilərində iştirak edirdim. 2004-cü ildə ailə həyatı qurdum. 2012-ci ildə isə Milli Qəhrəman Mübariz İbrahimov adına Təhsil Kompleksinə müəllim kimi dəvət aldım. 2013-cü ildə Azərbaycan Skautlar Assosiasiyasına üzv oldum. İlk olaraq Mauqli skautlarla çalışırdım. Düzdür, 6-10 yaşlı uşaqlarla işləmək çox yorucudur, amma bir o qədər də saf və gözəldir. Mənim uşaqlıqda içimdə qalan arzularım məhz burada cücərməyə başladı…

Aysu Məmmədova:
Ruslan müəllim, dediniz ki, Mauqli skautlarla işləmək uşaqlıqda yarımçıq qalan arzularınızı yenidən oyatdı. Bu yol sizi peşəkar skaut liderliyinə necə gətirdi?

Ruslan Həsənov:
Skautluq mənim üçün sadəcə əlavə fəaliyyət olmadı, həyat tərzinə çevrildi. 2015-ci ildə Türkiyə Respublikasında keçirilən liderlik təməl kursuna qatıldım. Bu təlim mənim baxışımı köklü şəkildə dəyişdi. Orada anladım ki, skautluq yalnız düşərgə qurmaq, oyun oynamaq deyil – bu, dəyər ötürmək, xarakter formalaşdırmaq, məsuliyyət aşılamaq sənətidir. Elə həmin il həyatımda başqa bir möcüzə də baş verdi və ilk övladım, qızım dünyaya gəldi. Açıq desəm, sanki həyatımda günəş doğdu. O vaxta qədər yaşadığım uğursuzluqlar, itkilər, ağrılar məni sevinməkdən qorxudan bir hala salmışdı. Amma övladım mənə yenidən yaşamaq həvəsi verdi. Artıq evimdə bir Mauqli skaut vardı. Skautluq işdə qaldığım bir fəaliyyət yox, ailəmə daşınan bir dəyərə çevrildi.

Aysu Məmmədova:
Sonrakı illərdə bu yol daha da dərinləşir…

Ruslan Həsənov:
Bəli. 2018-ci ildə yenidən Türkiyədə Liderlik Təməl Kursu-2 və Oymaqbaşı Təlim Kursunu keçdim. Həmin il Belarus Respublikasında keçirilən beynəlxalq camboriyə Azərbaycan Skaut heyətinin lideri kimi qatıldım. Bu, mənim üçün həm böyük qürur, həm də böyük məsuliyyət idi. Gəncləri ölkə xaricində təmsil etmək, onların təhlükəsizliyinə, davranışına, imicinə cavabdeh olmaq insanı çox yetişdirir. Elə həmin ildə ikinci övladım, oğlum, 2020-ci ildə isə üçüncü övladım dünyaya gəldi. Ailəm böyüdükcə məsuliyyətim də böyüyürdü. Paralel olaraq BMT-nin “Atalar Məktəbi” layihəsinin fəxri məzunu oldum. Ata olmaq, lider olmaq, müəllim olmaq: bunların hər birini eyni anda yaşamaq asan deyil. Amma dəyərlidir.

Aysu Məmmədova:
Sizi dinləyəndə hiss olunur ki, skaut olmaq sizin üçün bir həyat fəlsəfəsidir.

Ruslan Həsənov:
Tamamilə doğrudur. Düşərgələrdə skautlarla vaxt keçirmək, onlara nəsə öyrətmək, onlarla uşaqlaşmaq, onlarla böyümək; bunu yaşamayan insan başa düşə bilməz. Hər səhər düzülüşdən əvvəl uşaqların geyiminə, səliqəsinə nəzarət etmək, yeməklərinə, yataqlarına diqqət etmək bəzən xırda görünür. Amma əslində bu xırdalıqlar gələcəkdə ləyaqətli, məsuliyyətli və vicdanlı vətəndaşın formalaşmasında çox böyük rol oynayır. Bir uşağın davranışında, düşüncəsində, dəyərlərində sənin də əməyinin olması elə bir hissdir ki, sözlə ifadə etmək çətindir. Məncə, müəllimlik və skautluq məhz bu nöqtədə birləşir.

Aysu Məmmədova:
2023-cü il isə sizin üçün başqa bir mərhələ oldu: Wood Badge…

Ruslan Həsənov:
Bəli, 2023-cü ildə Bakı şəhərində keçirilən Ustad Skaut təlimi WOOD BADGE təliminə qatıldım. Bu kurs artıq liderliyin ən yüksək mərhələlərindən biridir. Təlim layihələrini hazırlamaq, təhvil vermək və sonda taxta nişanı almaq mənim üçün sadəcə sertifikat deyil, uzun illərin zəhmətinin rəsmi tanınması idi. Wood Badge mənə bir şeyi daha dərindən anlatdı: liderlik və təlimçilik öyrədilən yox, yaşanan bir prosesdir. Sən öz həyatınla nümunə olmasan, dediklərin kağız üzərində qalır.

Aysu Məmmədova:
Ruslan müəllim, sizin haqqınızda maraqlı bir məlumat da bilirəm, istəyirəm oxucularımız da bilsin, skaut fəaliyyətinizdə simvolik və tarixi məqamlar olub. Xüsusilə Şuşa ilə bağlı bir anı qeyd etməyinizi istərdik.

Ruslan Həsənov:
Bəli, çox gözəl vurğuladın, Aysu, bu mənim həyatımın ən qürurlu anlarından biridir. Şuşamız azad olunandan sonra ilk çadır düşərgəsi olan Şuşa 2022-də düşərgə ərazimizə doğru yürüşdə Azərbaycan Skautlar Assosiasiyası adından Azərbaycan bayrağını daşımaq mənə həvalə olunmuşdu. Həmin gün Azərbaycan bayrağının Şuşaya mənim əlimdə daxil olması mənim üçün sözlə ifadə olunmayacaq qədər dəyərli bir hiss idi. Bu qürur, həm də illərlə daşıdığımız dəyərlərin, sədaqətin və xidmətin simvolu idi.

Aysu Məmmədova:
2025-ci ildə isə skaut olmaq artıq ailə modelinə çevrilib…

Ruslan Həsənov:
Bəli, bu mənim həyatımın ən qürurverici anlarından biridir. 2025-ci ilin yayında Türkiyədə keçirilən Türk Dövlətlərinin Camborisində skautlarımla yanaşı, həyat yoldaşım yardımcı lider, qızım isə skaut kimi iştirak etdi. Düşünürəm ki, bundan gözəl mənzərə ola bilməz. Hazırda Azərbaycan Skautlar Assosiasiyasının Şirvan-Salyan regionu üzrə baş müvəkkili kimi fəaliyyət göstərirəm. Ailəmiz beş nəfərdir və beşimiz də skautuq. Ailə dəyərlərimizi skaut dəyərləri ilə birləşdirərək övladlarımızı daha vicdanlı, daha məsuliyyətli yetişdirmək; bu, mənim həyatımın ən böyük uğurudur.

Aysu Məmmədova:
Forest Education Azerbaijan və qeyri-formal təhsil sizin həyat fəlsəfənizlə necə üst-üstə düşür?

Ruslan Həsənov:
Forest Education Azerbaijan mənim üçün illərlə içimdə formalaşan düşüncələrin sistemli ifadəsidir. Qeyri-formal təhsil insanı azad düşünməyə, soruşmağa, sınamağa, səhv etməyə və yenidən qalxmağa öyrədir. Məncə, bugünkü uşaqlar və gənclər üçün ən çox ehtiyac olan da budur. FEA-da təlimçi və idarəetmə komandasının üzvü olmaq mənə bu dəyərləri daha geniş auditoriyaya ötürmək imkanı verir. Burada biz uşaqlara hazır cavablar yox, doğru suallar verməyi öyrədirik.

Aysu Məmmədova:
Ruslan müəllim, siz həm müəllim, həm skaut lideri, həm də qeyri-formal təhsil təlimçisisiniz. Təlimçi kimi sizi digərlərindən fərqləndirən əsas prinsiplər nələrdir?

Ruslan Həsənov:
Mənim üçün təlimçilik ilk növbədə insanı tanımaqdır. Qarşımda duran insanın yaşı, savadı, vəzifəsi mənim üçün ikinci plandadır. Əsas olan onun daxili dünyası, qorxuları, potensialı və susduğu suallardır. Mən heç vaxt “mən öyrədirəm, sən öyrənirsən” münasibətini qəbul etməmişəm. Təlim zamanı hamımız öyrənirik, bəzən iştirakçı məndən, bəzən mən iştirakçıdan. Bir də məncə, təlimçi səmimi olmalıdır. Uşaq da, gənc də, böyüklər də süni davranışı çox tez hiss edir. Əgər sən öz həyatında yaşamadığın bir dəyəri təlimdə ötürməyə çalışırsansa, bu uzunömürlü olmur. Mən danışdığım hər mövzunu əvvəlcə öz həyatımda sınamışam.

Aysu Məmmədova:
Bu yanaşma xüsusilə uşaqlarla və gənclərlə işləyərkən çox önəmlidir. Sizcə, bugünkü uşaqların ən çox nəyə ehtiyacı var?

Ruslan Həsənov:
Bugünkü uşaqların ən böyük ehtiyacı başa düşülməkdir. Onları çox vaxt dinləmirik, amma çox tez mühakimə edirik. Halbuki uşaq səhv edə-edə öyrənir. Qeyri-formal təhsil və skautluq bu baxımdan möcüzəvi bir mühit yaradır. Burada uşaq qorxmadan danışa, sınaya, yıxıla və yenidən qalxa bilir. Mən düşərgələrdə uşaqlara həmişə deyirəm: “Sən burda səhv edə bilərsən, amma məsuliyyətsiz ola bilməzsən.” Bu cümlə onların həyatına çox ciddi təsir edir. Çünki məsuliyyət hissi formalaşan uşaq gələcəkdə həm özünə, həm ailəsinə, həm də cəmiyyətə faydalı olur.

Aysu Məmmədova:
Siz həm də ailə-skaut modelindən danışdınız. Bu modeli bir az daha açardınız?

Ruslan Həsənov:
Ailə-skaut modeli mənim üçün çox təbii şəkildə formalaşıb. Skautluq mənim işim yox, həyat tərzim olduğu üçün evdə də bu dəyərlər yaşayır. Biz evdə övladlarımıza uzun-uzadı nəsihət vermirik. Onlar bizi görərək öyrənirlər. Məsuliyyət, paylaşmaq, hörmət, dürüstlük, bunlar gündəlik davranışda formalaşır. Düşünürəm ki, uşağı yalnız məktəbə və ya düşərgəyə həvalə etmək yetərli deyil. Valideyn özü də bu prosesin bir parçası olmalıdır. Mənim üçün ən böyük qürur odur ki, övladlarım skautluğa məcburiyyət kimi yox, seçim kimi baxırlar.

Aysu Məmmədova:
Forest Education Azerbaijan çərçivəsində gələcək üçün hansı hədəfləri görürsünüz?

Ruslan Həsənov:
FEA-nı mən bir məktəb yox, bir düşüncə platforması kimi görürəm. Burada uşaqlara və gənclərə hazır bilik yükləmirik. Onlara təbiətlə ünsiyyəti, komanda işini, liderliyi, empatiyanı, məsuliyyəti yaşadaraq öyrədirik. Gələcəkdə regionlarda daha çox fəaliyyət görmək istəyirəm. Kənd uşaqları, rayon məktəbləri, imkanı az olan ailələrin övladları üçün qeyri-formal təhsil bəzən həyatı dəyişən bir fürsət olur. Mən bunu öz gözlərimlə çox görmüşəm. FEA bu baxımdan böyük potensiala malikdir.

Aysu Məmmədova:
Bu qədər təcrübədən sonra gənclərə və gələcək təlimçilərə nə demək istərdiniz?

Ruslan Həsənov:
Mən gənclərə həmişə deyirəm: qorxmayın. Səhv etməkdən, sual verməkdən, yenidən başlamaqdan qorxmayın. Mənim həyatım bunun canlı sübutudur. Çox itkilərim, çox sınaqlarım olub. Amma hər dəfə yoluma davam etmişəm. Gələcək təlimçilərə isə bir sözüm var: əvvəlcə özünüzü yetişdirin. Kitab oxuyun, təbiətə çıxın, uşaqlarla vaxt keçirin, dinləməyi öyrənin. Təlimçi olmaq titul deyil, məsuliyyətdir.

Aysu Məmmədova:
Sonda, Ruslan müəllim, sizi bu yolda saxlayan əsas motivasiya nədir?

Ruslan Həsənov:
Məni bu yolda saxlayan ən böyük motivasiya faydalı olmaq hissidir. Bir uşağın gözündə parlayan inamı görmək, bir gəncin özünə güvəndiyini hiss etmək, bir ailənin dəyişdiyini müşahidə etmək, bunlar hər cür mükafatdan üstündür. Əgər günün sonunda “bu gün kimsə mənim sayəmdə bir az daha yaxşı oldu” deyə bilirəmsə, deməli doğru yoldayam.

Aysu Məmmədova:
Ruslan müəllim, bu qədər həyat yolu, sınaqlar və təcrübədən sonra insan istər-istəməz düşünür: sizi ayaqda saxlayan daxili güc nədir?

Ruslan Həsənov:
Məncə, insanı ayaqda saxlayan ən böyük güc mənadır. Yaşadıqlarının bir mənası olduğunu hiss etməsən, ayaqda qalmaq çox çətindir. Mən həyatımda çox itkilər yaşamışam, çox sarsılmışam. Amma heç vaxt “niyə mən?” sualına ilişib qalmamışam. Daha çox “bunun mənə nə öyrətdiyini” anlamağa çalışmışam. Mənim üçün həyatın mənası faydalı olmaqdır. Rəsm çəkəndə də, müəllimlik edəndə də, skautluqda da, ailəmdə də bu hiss məni aparıb. Əgər etdiyin iş bir insanın həyatına toxunursa, deməli, o iş dəyərlidir.

Aysu Məmmədova:
Sizi yaxından tanımayan oxucular üçün bir sual da vermək istərdik. Ruslan Həsənov özünü daha çox kim hesab edir – rəssam, müəllim, skaut, yoxsa ata?

Ruslan Həsənov:
Çox gözəl sualdır. Mən özümü bütün bu rolların cəmi hesab edirəm. Bunlardan birini çıxarsaq, mən yarımçıq qalaram. Rəssam olmasaydım, dünyaya bu qədər diqqətlə baxmağı öyrənməzdim. Müəllim olmasaydım, bildiklərimi paylaşmağın məsuliyyətini anlamazdım. Skaut olmasaydım, dəyərlərin praktikada necə yaşandığını görməzdim. Ata olmasaydım, bütün bunların əsl mənasını dərk etməzdim. Mənim həyatımda hər rol bir-birini tamamlayır və bu balans məni mən edən əsas amildir.

Aysu Məmmədova:
Forest Education Azerbaijan oxucularına, valideynlərə və gənclərə xüsusi olaraq nə demək istərdiniz?

Ruslan Həsənov:
Valideynlərə demək istəyirəm ki, övladlarınıza güvənin. Onları qorumaq istəyərkən boğmayın. Təbiətlə, real həyatla, məsuliyyətlə tanış etmədən yetişən uşaq gələcəkdə çox çətinlik çəkir. Uşaqlar düşməlidir, qalxmalıdır, sınamalıdır.

Gənclərə isə bir sözüm var: öz yolunuzu tapmağa tələsməyin, amma axtarmaqdan da vaz keçməyin. Hər kəsin yolu fərqlidir. Kiminsə uğuru sizi qorxutmasın, kiminsə gecikməsi sizi rahatlatmasın. Əsas odur ki, öz vicdanınızla barışıq olun. Forest Education Azerbaijan kimi platformalar isə bu axtarış yolunda çox dəyərli bir dayanacaqdır. Burada insan təkcə öyrənmir, həm də özünü tanıyır.

Aysu Məmmədova:
Ruslan müəllim, bu səmimi və dərin söhbət üçün sizə təşəkkür edirik. Son olaraq, gələcək üçün özünüzə verdiyiniz bir söz varmı?

Ruslan Həsənov:
Özümə verdiyim söz çox sadədir: dəyişməmək. Daha doğrusu, dəyərlərimi itirmədən dəyişmək. Həyat məni hara aparırsa-aparsın, insan olaraq qalmaq, faydalı olmaq və vicdanımla yoluma davam etmək istəyirəm. Əgər bir gün təlimə, düşərgəyə, dərsə gedəndə içimdə həyəcan yoxdursa, o zaman dayanıb düşünərəm. Çünki məncə, həyəcan bitdisə, missiya da bitir.

Aysu Məmmədova:
Ruslan müəllim, bu qədər səmimi, dərin və ilhamverici söhbət üçün sizə təşəkkür edirik. Təcrübənizi və həyat yolunuzu Forest Education Azerbaijan oxucuları ilə bölüşdüyünüz üçün minnətdarıq. Uğurlarınızın davamlı olmasını arzulayırıq.

Ruslan Həsənov:
Mən də sizə və Zamin müəllim, Ülvi müəllim başda olmaqla Forest Education Azerbaijan komandamıza təşəkkür edirəm. Bu müsahibə mənim üçün də bir növ geriyə baxış və düşünmə fürsəti oldu. Qeyri-formal təhsilin inkişafı üçün gördüyümüz işlər çox dəyərlidir. Ümid edirəm ki, bu platforma daha çox insana, xüsusilə də uşaqlara və gənclərə fayda verəcək.

Aysu Məmmədova

Məqalənin müəllifi, İctimaiyyətlə əlaqələr üzrə departamentin əməkdaşı