Şamaxıda gənclər üçün komanda quruculuğu və effektiv ünsiyyət mövzularında fasilitasiya əsaslı sessiyalar keçirəcəyik

Şamaxı regional ASAN xidmət mərkəzinin, Dünya İqtisadiyyat Forumunun Global Shapers Community-nin Şamaxı bürosunun və Forest Education Azerbaijan qeyri-formal təhsil birliyinin birgə təşkilatçılığı ilə 31 yanvar tarixində gənclər üçün inkişafyönümlü sessiyalar təşkil olunacaq.

Tədbir çərçivəsində komanda quruculuğu və effektiv ünsiyyət mövzularını əhatə edən iki fasilitasiya əsaslı sessiya baş tutacaq. Sessiyalar gənc fasilitatorlar Eltun Alıyev və Emilia Avilova tərəfindən aparılacaq və interaktiv yanaşma, qrup dinamikası, iştirakçıların aktiv iştirakı və real situasiyalar üzərindən qurulacaq.

Sessiyaların əsas məqsədi gənclərin sosial mühitdə və komandalar daxilində daha effektiv iştirakını təmin etmək, onların ünsiyyət bacarıqlarını gücləndirmək və əməkdaşlıq mədəniyyətini formalaşdırmaqdır. Fasilitasiya prosesi zamanı iştirakçılar fərdi mövqelərini ifadə etməyi, başqalarının fikirlərini dinləməyi, ortaq məqsədlər ətrafında birləşməyi və qarşılıqlı anlaşmanı daha sağlam şəkildə qurmağı təcrübə edəcəklər.

Sessiyalar gənclərin komanda daxilində rolların necə formalaşdığını, etimadın və açıq ünsiyyətin komanda uğuruna necə təsir etdiyini daha dərindən anlamalarına imkan yaradacaq. Eyni zamanda iştirakçılar ünsiyyət zamanı yaranan anlaşılmazlıqların səbəblərini dərk etməyi, konfliktlərə konstruktiv yanaşmağı və fərqli baxış bucaqları ilə işləməyi praktiki şəkildə öyrənəcəklər. Fasilitasiya prosesi gənclərin empati, liderlik və məsuliyyət hissinin inkişafına da xüsusi diqqət yetirəcək.

Sessiyalar 31 yanvar saat 11:00-da Şamaxı ASAN Təlim Mərkəzində həyata keçiriləcək.

Bu sessiyalar gənclərin yalnız şəxsi inkişafına deyil, həm də ictimai fəallığının artmasına, yerli icmalarda daha aktiv və təşəbbüskar mövqe tutmasına töhfə verməyi hədəfləyir. İştirakçılar əldə etdikləri bilik və təcrübəni gələcəkdə könüllülük fəaliyyətlərində, sosial layihələrdə, akademik mühitdə və peşəkar həyatlarında tətbiq etmək imkanı qazanacaqlar.

Birgə təşkil olunan bu təşəbbüs gənclərin potensialının üzə çıxarılması, sağlam ünsiyyət mədəniyyətinin təşviqi və komanda ruhunun gücləndirilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilir.

Eltun gənclərlə iş və təhsil sahəsində təcrübəsi olan fasilitatordır. O, Global Shapers Community – Şamaxı Hubda Impact Officer olaraq fəaliyyət göstərir və Act for Transformation (Almaniya) təşkilatının Fairtogether metodologiyası ilə TOF məzunudur. Eltun komanda quruculuğu, effektiv ünsiyyət, zorakılıqla mübarizə, konfliktlərin həlli və kommunikasiya sahələrində təlimlər aparır.

O, 10-dan çox beynəlxalq layihədə iştirak etmiş, müxtəlif mövzularda özünü inkişaf etdirmişdir. Bu təlimlər Bolqarıstan, Gürcüstan və Avstriya kimi ölkələrdə gənclərlə və peşəkarlarla birbaşa işləmə təcrübəsi qazandırmışdır. Eltun həmçinin qeyri-formal təhsil metodlarını layihələrinə tətbiq edərək, iştirakçıların komanda işini və ünsiyyət bacarıqlarını inkişaf etdirməyə fokuslanır.

Emiliya hüquq təhsili almış və hazırda hüquq sahəsində fəaliyyət göstərən bir peşəkardır. Eyni zamanda gənclərlə iş və təhsil sahəsində təcrübəsi olan fasilitator kimi tanınır. O, Act for Transformation (Almaniya) təşkilatının Fairtogether metodologiyası ilə TOF məzunudur və komanda quruculuğu, effektiv ünsiyyət, zorakılıqla mübarizə, konfliktlərin həlli və kommunikasiya mövzularında təlimlər aparır.

Emiliya həmçinin bir neçə beynəlxalq layihədə fasilitator kimi iştirak etmiş, Gürcüstan və Fransa kimi ölkələrdə gənclərlə müxtəlif təlim və workshoplar həyata keçirmişdir.

Aysu Məmmədova

Məqalənin müəllifi, İctimaiyyətlə əlaqələr üzrə departamentin əməkdaşı