
Forest Education Azerbaijan tərəfindən 23–25 mart tarixlərində Göygöl ərazisində gənclər üçün üç günlük təhsil və inkişaf yönümlü düşərgə təşkil olunacaq. Düşərgə qeyri-formal təhsil yanaşması əsasında hazırlanmış proqramla iştirakçıların şəxsi inkişafını, liderlik və komanda işi bacarıqlarını, eləcə də təbiətlə əlaqəsini gücləndirməyi hədəfləyir. Proqram çərçivəsində iştirakçılar açıq hava fəaliyyətləri, komanda quruculuğu oyunları, liderlik mövzulu interaktiv sessiyalar, pionering və praktiki bacarıqlar, ingilis dili üzrə aktiv öyrənmə fəaliyyəti, həmçinin təbiət yürüşləri və ekskursiya proqramlarında iştirak edəcəklər. Axşam proqramları isə refleksiya sessiyaları, musiqi və tonqal ətrafında keçirilən birgə fəaliyyətlərlə davam edəcək.
Düşərgə müddətində iştirakçıların sağlam və balanslı qidalanması təmin olunacaq. Proqrama gündəlik isti yeməklər, meyvə saatı, çay və kompot daxildir. Təhlükəsizlik və iştirakçı rahatlığı əsas prioritet kimi nəzərə alınır. Düşərgə gənclərin öyrənmə, sosiallaşma və şəxsi inkişafını bir araya gətirən unikal təcrübə təqdim edir. Təbiət mühitində keçirilən bu proqram iştirakçılara həm yeni bilik və bacarıqlar qazanmaq, həm də yadda qalan xatirələr toplamaq imkanı yaradacaq.
Forest Education yanaşması XX əsrin ortalarında Skandinaviya ölkələrində formalaşmış, uşaqların təbiət mühitində oyun, araşdırma və birbaşa təcrübə yolu ilə öyrənməsinə əsaslanan təhsil modelindən qaynaqlanır. Bu yanaşma uşağı passiv bilik alan deyil, öyrənmə prosesinin aktiv iştirakçısı kimi qəbul edir.
Bu modeli yerli sosial, mədəni və ekoloji reallıqlara uyğunlaşdıraraq meşələrdə, parklarda, istirahət mərkəzlərində, açıq yaşıl sahələrdə və düşərgə mühitlərində tətbiq edir. Fəaliyyətlər təbii və ya yarı-təbii mühitlərdə həyata keçirilir. Bu yanaşmada məkan anlayışı yalnız meşə ilə məhdudlaşmır. Parklar, açıq sahələr, təbiətlə təmas qurmağa imkan verən istənilən mühit Forest Education üçün potensial öyrənmə məkanıdır. Əsas məqsəd ləpirçilərin təbiətlə real, mənalı və davamlı münasibət qurmasına şərait yaratmaqdır. Bu yanaşma ləpirçilərin zehni, fiziki, emosional və sosial inkişafını bütöv şəkildə dəstəkləyir. Təbiət mühiti ləpirçilərdə özünəinam, müstəqillik, yaradıcılıq, dözümlülük və əməkdaşlıq kimi əsas həyat bacarıqlarının formalaşmasına xidmət edir. Ləpirçilər öz bacarıqlarını kəşf edir, uğur hissini yaşayır və çətinliklərə açıq yanaşmağı öyrənirlər




