Forest Education Azerbaijan komandasında yeni təyinat

Forest Education Azerbaijan qeyri-formal təhsil və davamlı inkişaf istiqamətində fəaliyyətlərini gücləndirmək məqsədilə peşəkar və beynəlxalq təcrübəyə malik mütəxəssislərlə əməkdaşlığını davam etdirir.

Bu gündən etibarən Quliyeva İlahə Saday qızı birliyimizdə Layihələr üzrə menecer vəzifəsində fəaliyyətə başlayır. O, FEA-nın yerli və beynəlxalq layihələrinin planlaşdırılması, icrası, tərəfdaşlarla koordinasiyası və layihələrin davamlı təsirinin təmin olunması istiqamətində komandamızla birgə çalışacaq.

İlahə xanım 20 ilə yaxın pedaqoji təcrübəyə malik peşəkar təhsil mütəxəssisidir. O, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 71 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi uzun illər uğurla çalışmış, şagirdlərin akademik və şəxsi inkişafına töhfələr vermişdir.

Peşəkar fəaliyyəti ilə yanaşı, İlahə xanım ABŞ, Fransa, Belçika, Gürcüstan, Türkiyə və Şimali Kipr daxil olmaqla bir sıra ölkələrdə keçirilən beynəlxalq konfrans, təlim və mübadilə proqramlarında iştirakçı, spiker, fasilitator və layihə qurucusu kimi fəal iştirak etmişdir.
Onun iştirak etdiyi nüfuzlu proqramlar sırasında Fulbright TEA, MOOC LEADER, Training for Trainers (Strasburq), Leaders in Education, University of Pennsylvania – English for Career Development, South Caucasus Regional ELT Conference və digər beynəlxalq təşəbbüslər xüsusi yer tutur.

İlahə xanım həmçinin Təhsil Nazirliyi və Avropa Şurasının eTwinning proqramının layihə səfiri olaraq innovativ tədris metodlarının və beynəlxalq əməkdaşlığın təşviqində aktiv rol oynayır. O, müasir təhsil texnologiyaları, süni zəka və kreativ yanaşmaların tədris prosesinə inteqrasiyası sahəsində mütəmadi olaraq təlim və təqdimatlarla çıxış edir.

Son illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan “Yaradıcı müəllim” müsabiqələrində innovativ mövzular üzrə I və III yerlərə layiq görülməsi onun peşəkarlığının və yaradıcılığının bariz göstəricisidir.

İlahə xanımın pedaqoji bilikləri, beynəlxalq layihə idarəetmə təcrübəsi və strateji düşünmə bacarıqları Forest Education Azerbaijan-ın layihə fəaliyyətlərinin keyfiyyətinin və təsir dairəsinin genişlənməsinə mühüm töhfə verəcək.

Forest Education Azerbaijan ailəsi olaraq ona yeni vəzifəsində uğurlar arzu edir, komandamıza xoş gəlmisiniz deyirik!

Ülvi Məmmədov

Məqalənin müəllifi, FEA-nın həmtəsisçisi