Təlimçi Nərmin Əhmədovanın doğum gününü təbrik edirik!

Dövlət idarəçiliyi, ictimaiyyətlə əlaqələr, layihə və kommunikasiya sahələrində 10 ildən artıq peşəkar təcrübəyə malik olan Nərmin Əhmədovanın doğum günü münasibətilə fəaliyyəti və töhfələri bir daha diqqət mərkəzinə çəkilir.

Nərmin Əhmədova uzun illər dövlət sektorunda çalışaraq xidmət keyfiyyətinin yüksəldilməsi, effektiv kommunikasiya mexanizmlərinin qurulması, təlim və ictimai əlaqələr sahəsində mühüm nailiyyətlər əldə etmişdir. O, 2014–2020-ci illərdə ASAN xidmət sistemində məsul şəxs və baş məsləhətçi vəzifələrində fəaliyyət göstərmiş, xidmət keyfiyyətinə nəzarət, könüllülərin seçimi və təlimi, eləcə də vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş proseslərin icrasında aktiv rol oynamışdır.

Hazırda Nərmin Əhmədova Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsində baş məsləhətçi kimi fəaliyyət göstərir. O, rəsmi veb-sayt və sosial media idarəçiliyi, elektron xidmətlərin təşviqi, strateji PR və komanda daxili kommunikasiya sahələrinə rəhbərlik edir.

Eyni zamanda, Nərmin Əhmədova Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasınin Davamlı İnkişaf Kafedrasında Siyasi İdarəetmə fakültəsinin tələbələrinə “Davamlı İnkişaf siyasətində İctimaiyyətlə Əlaqələr” fənnini tədris edir. Onun mühazirələri davamlı inkişafın müasir kommunikasiya yanaşmaları ilə təqdim olunması və dayanıqlı gələcək anlayışının gənclər arasında təşviqinə xidmət edir.

Bununla yanaşı, Nərmin Əhmədova Azərbaycan Atıcılıq Federasiyasının üzvü olaraq 10 metr məsafədən pnevmatik tapança ilə gülləatıcılığı idman növü üzrə peşəkar səviyyədə məşğul olur və reytinq sıralarında yer alır.

Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində Tarix ixtisası üzrə alan Nərmin Əhmədova, daha sonra Dövlət və Bələdiyyə İdarəetməsi üzrə təhsilini tamamlamış, beynəlxalq akademik təcrübə çərçivəsində ADA–LUISS Universitetində (Roma, İtaliya) Qlobal İdarəetmə və Siyasət üzrə magistr dərəcəsi əldə etmişdir.

Kommunikasiya strategiyalarının hazırlanması, layihə idarəetməsi, effektiv ünsiyyət və komanda işi sahələrində geniş bilik və bacarıqlara malik olan Nərmin Əhmədova peşəkar inkişafını yerli və beynəlxalq təlim proqramları vasitəsilə davam etdirir. O, Azərbaycan, ingilis, rus və türk dillərində sərbəst ünsiyyət qurur.

Doğum günü münasibətilə Nərmin Əhmədovanı təbrik edir, ona gələcək fəaliyyətində yeni uğurlar və davamlı nailiyyətlər arzulayırıq.

Elşən Şükürov

Məqalənin müəllifi, İctimaiyyətlə əlaqələr üzrə menecer