Mingəçevir Dövlət Universitetinin ev sahibliyi ilə keçirilən “Davamlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” adlı III Beynəlxalq Konfrans elmi ictimaiyyət üçün aktual qlobal çağırışların, milli inkişaf modellərinin və innovativ yanaşmaların müzakirə olunduğu mühüm akademik platforma kimi çıxış etmişdir. Konfrans çərçivəsində müxtəlif ölkələrdən alim və tədqiqatçıların iştirakı ilə davamlı inkişaf, yaşıl iqtisadiyyat, innovasiya, ekoloji təhlükəsizlik və sosial rifah mövzularında elmi məruzələr və müzakirələr aparılmışdır. Tədbir elmi əməkdaşlığın genişləndirilməsi, multidissiplinar yanaşmaların təşviqi və praktik siyasət tövsiyələrinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Konfransın “Sustainable Economic Development and Innovative Strategies” mövzusunda təşkil olunan bölmə iclasında Ülvi Məmmədov elmi rəhbəri, dosent Nüşabə Qədimli ilə birgə hazırladıqları “The Impact of Green City Policies on Air Quality and Health Expenditures: A Comparative Assessment of Baku and Ganja (2016–2024)” adlı elmi məqaləni şifahi formada təqdim etmişdir. Məqalədə 2016–2024-cü illər üzrə Bakı və Gəncə şəhərlərində tətbiq olunan yaşıl şəhər siyasətlərinin hava keyfiyyətinə və əhalinin sağlamlığı ilə bağlı dövlət xərclərinə təsiri müqayisəli-statistik metodlarla təhlil olunmuşdur. Tədqiqat çərçivəsində ekoloji göstəricilər, səhiyyə xərcləri və şəhər mühitinə dair məlumatlar əsasında səbəb-nəticə əlaqələri elmi əsaslarla izah edilmişdir.
Ülvi Məmmədov təqdimat zamanı yaşıl şəhər yanaşmalarının yalnız ekoloji mühitin yaxşılaşdırılmasına deyil, eyni zamanda uzunmüddətli perspektivdə səhiyyə xərclərinin azaldılmasına və sosial rifahın yüksəldilməsinə verdiyi töhfələri vurğulamışdır. Bakı və Gəncə şəhərlərinin müqayisəli təhlili konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış, aparılan müzakirələr zamanı tədqiqatın nəticələri davamlı şəhər planlaşdırılması və sübutlara əsaslanan siyasətlərin formalaşdırılması baxımından aktual elmi töhfə kimi qiymətləndirilmişdir.


