- Müsahibə götürən: Elşən Şükürov – “Forest Education Azerbaijan”ın ictimaiyyətlə əlaqələr üzrə meneceri
- Müsahib: Aslan Saadov – Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi, Mingəçevir şəhəri UGİŞM-nin Tədris hissə müdiri
Elşən Şükürov:
Aslan müəllim, ilk növbədə sizi salamlayıram və Forest Education Azerbaijan komandası adından bu müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirik. Fürsətdən istifadə edərək sizi 65 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Uzun illər ərzində bədən tərbiyəsi və idman sahəsində göstərdiyiniz fədakar fəaliyyət, yetişdirdiyiniz idmançılar və gənclərin sağlam həyat tərzinə yönəlməsindəki töhfələriniz Forest Education Azerbaijan tərəfindən qiymətləndirilərək siz FEA-nın Fəxri üzvü adına layiq görülmüsünüz. Bu gün sizinlə həm bu əlamətdar yubiley, həm də zəngin həyat və peşəkar yolunuz barədə səmimi söhbət aparmaq istərdik. İlk olaraq özünüzü oxucularımıza təqdim etməyinizi xahiş edirik.
Aslan Saadov:
Mən də sizi salamlayıram və bu xoş sözlərə görə təşəkkür edirəm. 65 illik ömür yoluna baxanda insan istər-istəməz keçdiyi mərhələləri xatırlayır, yaşadıqlarını yenidən dəyərləndirir. Forest Education Azerbaijan tərəfindən Fəxri üzv adına layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir. Bu, illər ərzində gördüyüm işlərə verilən dəyərin göstəricisidir. Mən, Saadov Aslan Adil oğlu, 1961-ci ilin yanvar ayının 28-də Mingəçevir şəhərində dünyaya göz açmışam. Həyat yolum asan olmayıb, amma bütün çətinliklər mənə dözüm, səbr və insanlara faydalı olmağın dəyərini öyrədib.Uşaqlıq illərimi xatırladıqca içimdə qəribə bir ağrı yaranır. İnsan beyni doğrudan da sirli bir aləmdir – bəzən elə xatirələr üzə çıxır ki, heç gözləmədiyin anlarda səni keçmişə aparır. O illəri xatırlayanda anlayıram ki, valideyn ayrılığının ən ağır yükünü məhz uşaq daşıyır. Bəzən bir mahnıdakı sözlər insanın içindən keçəni ifadə edir: “Axı nə idi Allahım mənim günahım?”


Elşən Şükürov:
Nənəniz haqqında tez-tez danışırsınız. Onun həyatınızda rolu necə olub?
Aslan Saadov:
Nənəm tipik Azərbaycan sovet qadını idi. İkinci Dünya müharibəsi başlayanda cavan bir qadın olaraq həyat yoldaşını cəbhəyə yola salmışdı. 1941-1945-ci illər çox ağır illər idi – aclıq, yoxsulluq, çatışmazlıq… Hər şey ön cəbhə üçün idi. Kolxoz işi, pambıq yığımı, ağır əmək. İki uşağın – atamın və bibimin taleyi onun ümidinə qalmışdı.Nənəm bunları mənə danışanda bəzən öz-özümə gülürdüm, bəzən kövrəlirdim. Amma bir şey dəqiq idi: o, möhkəm qadın idi. Həyatın bütün ağırlığını çiyinlərində daşıyırdı. Atam ikinci dəfə ailə qurduqdan sonra həyatımda çətin dövr başladı. Analığımın gəlin gəldiyi gündən etibarən qara günlərim başladı desəm, yanılmaram. Nənəm bəzən həmkarlar ittifaqları xətti ilə sanatoriya və müalicə üçün evdən gedəndə, evə qayıtmağa qorxurdum. Heç bir səbəb olmadan söyülür, döyülürdüm. Ona görə də atamın gəlməsini gözləyirdim ki, evə rahat qayıda bilim.
Elşən Şükürov:
Bu çətinliklər fonunda internat məktəbinə düşməyiniz həyatınızda nəyi dəyişdi?
Aslan Saadov:
Yeddi yaşım tamam olanda nənəm məni internat məktəbinə yerləşdirdi. O dövrdə internat məktəblərində ciddi nizam-intizam vardı. Uşaqlar yemək, yatacaq, geyimlə təmin olunurdu. Əsasən ailə problemləri yaşayan uşaqlar oxuyurdu, amma imkanlı ailələrin övladları da vardı.Atam bədən tərbiyəsi və idman müəllimi idi. Bu, mənim də idmana olan marağımı formalaşdırdı. Beşinci sinifdən, 1972-ci ildən milli idman növümüz olan sərbəst güləşlə məşğul olmağa başladım və Mingəçevirdə bu sahədə uğurlar qazandım.
Ən yadda qalan hadisələrdən biri Xankəndində “Dinamo” idman cəmiyyətinin zalında Azərbaycan çempionu olmağım idi. Allah rəhmət eləsin, məşqçi-müəllimim Rəhim Hacıyev mənə böyük ata qayğısı göstərirdi. Məktəbdə isə sinif üzrə tərbiyəçi-müəllimim Həsən Hüseynov mənim üçün böyük mənəvi dayaq oldu. O, savadlı, müdrik və çox gözəl insan idi. Həyata baxışımı, doğru qərarlar verməyi ondan öyrəndim.
Elşən Şükürov:
Aslan müəllim, idmanda ilk uğurlarınızdan sonra ali təhsil arzunuz necə formalaşdı?
Aslan Saadov:
Uşaqlıqdan içimdə bir arzu vardı – ali təhsil almaq. 1978-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmaq üçün sənədlərimi verdim. Təəssüf ki, qəbul imtahanlarından keçə bilmədim. Həmin il nənəmi də itirdim. Artıq həyatda tək dayanmalı idim. Maddi və mənəvi baxımdan çox ağır dövr başladı.Bu səbəbdən Mingəçevir Turist Bazasında fəhlə kimi işə başladım. İlk əmək fəaliyyətim məhz oradan başladı. Düzü, o illəri indi “həyat məktəbi” adlandırıram. Dünya doğrudan da “gör-götür” dünyasıdır. İnsan işlədikcə, ünsiyyətdə olduqca, çətinliklərdən keçdikcə həyatı daha yaxşı anlayır. Turist bazasında işlədiyim dövrdə çox dəyərli insanlarla tanış oldum. Allah rəhmət eləsin, Cəfər müəllimlə dostluğumuz sonradan qohumluğa çevrildi – quda olduq. Qızımın qaynatası idi. Çox ləyaqətli, mərd insan idi.
Eyni dövrdə Rusiyanın Kareliya Muxtar Respublikasının Petrozavodsk şəhərindən turist kimi gəlmiş Viktor Vasilyeviçlə tanış oldum. Dövlət təşkilatında vəzifəli şəxs idi. Bu tanışlıq zamanla elə bir münasibətə çevrildi ki, artıq ata–oğul kimi olduq. Bu gün də əlaqəmiz var. Tanrıya şükür edirəm ki, həyat boyu qarşıma yaxşı insanlar çıxarıb.
Elşən Şükürov:
Sonra hərbi xidmət dövrü gəlir. O illər sizin üçün nə ifadə edir?
Aslan Saadov:
1980–1982-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə oldum. O dövrdə Sovet Ordusu hamı üçün “böyük vətən” sayılırdı. Xidmətim nümunəvi keçdi. Sayılıb-seçilən əsgərlərdən olmuşam. İdmanla məşğul olmağım burada da çox köməyimə çatdı.Hərbi xidmət insana nizam-intizam, səbr və dözümlülük öyrədir. Mənim üçün də bu illər xarakterimin formalaşmasında mühüm rol oynadı.
Ordudan tərxis olunandan sonra yenidən Mingəçevir Turist Bazasında bir il işlədim. Amma məqsədim dəyişməz idi – ali təhsil almaq. Hazırlaşdım və nəhayət, 1983-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul oldum.Düzünü desəm, ilk il çox çətin oldu. Maddi vəziyyətim ağır idi, qalmağa yerim yox idi, geyimim çatışmırdı. Hətta institutu atmaq fikrinə də düşmüşdüm. Amma yenə də turizmdə qazandığım dostlar məni tək qoymadılar. Onların köməyi ilə iş tapdım. Həm işlədim, həm oxudum.



Elşən Şükürov:
İnstitut illərini necə xatırlayırsınız?
Aslan Saadov:
İnstitut illərində Mursakulovlar ailəsi mənə doğmalıq göstərdi. Onlara həyatım boyu minnətdaram. Doğrudan da, yaxşı insanlar olmasa bu dünya çoxdan dağılardı. Bu gün də həmin ailə ilə doğma münasibətlərimiz davam edir. Müəllimlərim, professorlarım, kitabxana mühiti, tələbə yoldaşlarım – hamısı mənim yaddaşımdadır. Çoxu ilə bu gün də əlaqə saxlayıram. Elə institut illərində həyat yoldaşımla Bakıda tanış oldum.1987-ci ildən təyinatla yenidən doğma Mingəçevir şəhərinə qayıtdım, ailə qurdum.

Elşən Şükürov:
Aslan müəllim, ailə qurduqdan sonra peşəkar fəaliyyətiniz hansı istiqamətdə davam etdi?
Aslan Saadov:
1987-ci ildən sonra həyatımda yeni mərhələ başladı. Mingəçevir şəhərinə qayıtdım, ailə qurdum və artıq həm ailə başçısı, həm də peşəkar kimi məsuliyyətim artdı. Həmkarlar İttifaqları KBTİC-nin şəhər Şurasında baş təlimatçı kimi fəaliyyətə başladım. Sonralar sədr vəzifəsinə qədər yüksəldim. Bu iş mənim üçün sadəcə vəzifə deyildi, insanlarla işləmək, onların sosial və sağlamlıq problemlərinə toxunmaq demək idi.Bir müddət sonra şəhərimizdə Həmkarlar İttifaqlarının “Spartak” KBT İdman Cəmiyyətini yenidən təsis etdik və uzun illər bu qurumun sədri oldum. İdman mənim həyatımın ayrılmaz hissəsidir. Xalqımızın sağlamlığının keşiyində durmaq, sağlam həyat tərzini təbliğ etmək çox şərəfli bir missiyadır. Bu gün də həmin missiyanı davam etdirirəm.
Təəssüf ki, bu illər ölkəmiz üçün çox ağır dövrlərlə üst-üstə düşdü. Birinci Qarabağ müharibəsi başladı. Torpaqlarımızın 20 faizi işğal olundu, yüz minlərlə insan köçkün vəziyyətinə düşdü. Bu, təkcə siyasi və hərbi yox, həm də böyük insani faciə idi. Həmin illərin ağrısı hər birimizin həyatına təsir etdi.Mən artıq ailəli idim, iki övladım var idi – bir qız, bir oğlan. Həmin çətin dövrdə ailəni qorumaq, övladları düzgün tərbiyə etmək daha da böyük məsuliyyət tələb edirdi.
Elşən Şükürov:
Bu gün övladlarınız da sizin yolunuzu davam etdirir. Bu hiss sizin üçün nə ifadə edir?
Aslan Saadov:
Bu mənim üçün ən böyük qürur mənbəyidir. Oğlum Fərid bizim peşəni seçdi. Azərbaycan İdman Akademiyasını bitirib, oxuduğu orta məktəbdə fiziki tərbiyə müəllimi işləyir. Eyni zamanda akademik avarçəkmə üzrə Milli yığma komandada məşqçi-müəllimdir. Ailəlidir, iki övladı var – qız və oğlan.Qızım Nübar isə ali təhsillidir, müəllimə kimi çalışır. Onun adını da ilk övladım olduğu üçün belə qoymuşam. Maraqlı tərəfi odur ki, həyat yoldaşım, qızım və oğlum eyni məktəbdə çalışırlar. Bu, hər ailəyə nəsib olan bir xoşbəxtlik deyil. Həyat yoldaşım da fiziki tərbiyə müəlliməsidir.
Bu gün üç nəvəm var – iki qız, bir oğlan. Böyük nəvəm artıq 9-cu sinifdə oxuyur. Vaxt necə də sürətlə keçir… Həyat doğrudan da bir andır.



Elşən Şükürov:
Peşəkar idman fəaliyyəti ilə bağlı bugünkü fəaliyyətinizdən danışardınız.
Aslan Saadov:
2014-cü ildən bu günə qədər təhsil idmanına xidmət edirəm. Hazırda Mingəçevir şəhəri UGİŞM-nin Tədris hissə müdiri vəzifəsində çalışıram. 2017-ci ilə qədər Avarçəkmə üzrə UGİM-in direktoru olmuşam. Sonradan optimallaşdırma ilə əlaqədar idman məktəbləri birləşdirildi və bu gün paralel olaraq avarçəkmə bölməsinə də rəhbərlik edirəm.Bu illər ərzində avarçəkmə üzrə çoxlu sayda beynəlxalq və respublika səviyyəli idmançılar yetişdirmişik. Hər il beynəlxalq və ölkədaxili yarışlardan medallarla qayıdırıq. Bu uğurlar təsadüfi deyil – arxasında zəhmət, sistemli iş və ən əsası, idmançılara mənəvi dəstək dayanır.
Biz eyni zamanda maddi-texniki bazanın inkişafına da xüsusi diqqət yetiririk. Bu münasibətlə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Onların dəstəyi təhsil idmanının inkişafında mühüm rol oynayır.




Elşən Şükürov:
Aslan müəllim, illərlə gördüyünüz işlər dövlət səviyyəsində də qiymətləndirilib. Bu barədə danışmağınızı istərdik.
Aslan Saadov:
Bəli, bu, mənim üçün çox qürurverici bir məqamdır. 2025-ci il fevral ayının 5-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev və Mərkəzi Aran Regional Gənclər İdarəsinin rəisi Azad Gözəlov fəaliyyətimə yüksək qiymət verdilər. Onların vəsatəti əsasında Gənclər və İdman Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adına layiq görüldüm.Bu təkcə mənim şəxsi əməyimin yox, illərlə birgə çalışdığım məşqçi-müəllimlərimizin, idmançı-şagirdlərimizin və kollektivimizin zəhmətinin qiymətləndirilməsidir. Mən həmişə deyirəm: uğur təkbaşına qazanılmır, arxasında komanda dayanır.
Sabah 65 yaşım tamam olur. Bu yaşa çatanda insan geriyə baxır və düşünür: “Nə etdim, nə qazandım?” Mən səmimi deyə bilərəm ki, ömrümü bədən tərbiyəsi və idmanın inkişafına həsr etmişəm və bundan zövq almışam. Mən bu sahə ilə sadəcə çalışmamışam, onunla yaşamışam.
Bu münasibətlə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına, Mingəçevir şəhəri UGİŞM-nin kollektivinə və Mərkəzi Aran Regional Təhsil İdarəsinə dərin təşəkkürümü bildirirəm. Fəaliyyətim nəzərə alınaraq, əmək müqaviləsi əsasında yenidən idmanımızın inkişafı naminə çalışmaq imkanı yaradılıb. Sağlıq olduğu müddətdə bu yoldan dönmək niyyətim yoxdur.



Elşən Şükürov:
Aslan müəllim, sonda gənclərə nə demək istərdiniz?
Aslan Saadov:
Gənclərə demək istədiyim ən vacib söz budur: heç vaxt ruhdan düşməyin. Həyat mənim üçün asan olmayıb – uşaqlıqdan çətinliklər, yoxluq, mübarizə ilə keçib. Amma insan arzularını itirməsə, yolunu da itirmir.İdman insanı təkcə fiziki yox, mənəvi cəhətdən də möhkəmləndirir. Nizam-intizam, səbr, hörmət, zəhmət – bunlar idmanın verdiyi əsas dərslərdir. Hansı peşəni seçməyinizdən asılı olmayaraq, sağlam həyat tərzi və düzgün dəyərlər sizi həmişə irəli aparacaq.



Elşən Şükürov:
Sonda, həyat fəlsəfənizi bir cümlə ilə ifadə etsəniz, bu nə olardı?
Aslan Saadov:
Həyat mübarizədir, amma bu mübarizəni gözəlləşdirən insanlardır. Tanrıya şükür edirəm ki, həyatım boyunca qarşıma yaxşı insanlar çıxarıb. Arzu edirəm ki, dünyamızda hər zaman sülh olsun, uşaqlar müharibə görməsin, sağlam nəsillər yetişsin. Allah bütün balaları qorusun.
Elşən Şükürov:
Aslan müəllim, bu səmimi və dərin söhbət üçün sizə təşəkkür edirik. Zəngin həyat yolunuz, illərlə qazandığınız təcrübə və gənclərin sağlam, məsuliyyətli şəkildə yetişməsi naminə gördüyünüz işlər bizim üçün də dəyərli nümunədir. 65 illik yubileyiniz münasibətilə sizi bir daha təbrik edir, bundan sonrakı fəaliyyətinizdə möhkəm cansağlığı, uğurlar və yeni nailiyyətlər arzulayırıq.
Aslan Saadov:
Mən də sizə və Forest Education Azerbaijan ailəsinə səmimi təşəkkürümü bildirirəm. Bu müsahibə mənim üçün göydəndüşmə oldu ki, görülən işlərin dəyərini yenidən hiss edim. Gənclərin inkişafı və cəmiyyət üçün faydalı təşəbbüslər istiqamətində göstərdiyiniz fəaliyyətə uğurlar arzulayıram. Hər birinizə minnətdaram!