Köşə yazısı: “Oyunun görünməyən tərəfi” – gənclərlə iş üzrə tədqiqatçı Nəzrin Ömərzadə yazır
<svg xmlns="http://www.w3.org/2000/svg" height="20px" viewBox="0 0 24 24" width="20px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><path d="M12 3v10.55c-.59-.34-1.27-.55-2-.55-2.21 0-4 1.79-4 4s1.79 4 4 4 4-1.79 4-4V7h4V3h-6z"/></svg> Scorpions – Still Loving You (Comeblack Version)
<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Nəzrin Ömərzadə

İdmanı müasir dünyanın ən universal dillərindən biri hesab etsək, yanılmarıq. İdman bu günün dünyasında iqtisadiyyata, siyasətə, mediaya, təhsilə – ümumilikdə hər yerə nüfuz edir. Lakin gənclərlə işləyən mütəxəssislər üçün idman fiziki aktivliklə bərabər həm də çox güclü bir qeyri-formal təhsil alətidir. Əsas sual odur ki, biz bu alətdən necə istifadə edirik? Cəmiyyətdə geniş yayılmış bir düşüncə var: İdman uşaqları küçədən uzaqlaşdırır, onlara nizam-intizamı öyrədir və onları “yaxşı vətəndaş” kimi formalaşdırır. Bu yanaşma çox vaxt idmanı bütün sosial problemlərin həlli kimi görür.

Gənclərlə işləyən şəxs, təlimçi və bu sahənin tədqiqatçısı kimi mən bu məsələyə daha optimist, lakin məqsədyönlü yanaşmağın tərəfdarıyam. İdman özlüyündə bir imkanlar məkanıdır. Qeyri-formal təhsilin gücü də məhz budur. Biz idmanı bir təcrübi öyrənmə prosesi kimi təşkil edirik. Bu proses gəncə hərəkət edərkən öyrənməyə, səhv edərkən nəticə çıxarmağa imkan verir.

Just read “The Invisible Side of the Game” by Nazrin Omarzade.A great reminder that sport isn’t powerful on its own – the real impact comes from the method, the dialogue, and the safe space built around it. ⏭️A must-read for anyone who working with youth. #youthworkers

— Ulvi Mammadov (@ulvijamalsoy.bsky.social) 2026-01-31T17:24:35.093Z

İdman gənclər üçün yeni bir sosial sahədir. Biz idman vasitəsilə gənclərin inkişafını təhlil edərkən, onu sadəcə “boş vaxtın doldurulması” kimi görməməliyik. Düzgün qurulmuş idman proqramları gənclərə iki böyük üstünlük qazandırır. Bunlardan birincisi daxili potensialın kəşfidir. İdman gənclərə öz sərhədlərini tanımağı, iradə nümayiş etdirməyi və çətinliklər qarşısında “yıxılsam da, qalxacağam” fikrini aşılayır. Bu gəncin özünə inamının bərpasıdır. İkincisi isə sosial bağlılıq və empatiyadır. Meydança fərqli təcrübələrdən və sosial mühitlərdən gənclərin bərabərləşdiyi nadir məkanlardandır. Burada qazanılan “komanda ruhu” gəncin sabah cəmiyyətdə digər insanlarla necə əməkdaşlıq edəcəyinin modelidir.

Biz necə bir gənclik arzulayırıq? Mənim düşüncəmə görə, idman vasitəsilə qeyri-formal təhsil gənclərə sadəcə liderlik və komanda işi kimi “yumşaq bacarıqlar” (soft skills) verməklə kifayətlənmir. Əsl inkişaf gəncin özünü cəmiyyətin dəyərli bir üzvü kimi hiss etməsidir. Yaxşı bir idman proqramı gənclər üçün altı əsas “inkişaf sütunu” üzərində qurulmalıdır:

  1. Fiziki və mənəvi təhlükəsizlik: Özünü ifadə edə bildiyi rahat mühit;
  2. Şəxsi dəyər: Bacarıqlarının tanınması və təqdir olunması;
  3. İcma bağlılığı: Tənhalıqdan qurtulub bir qrupun parçası olmaq;
  4. Dəstək mexanizmləri: Həm mənəvi, həm də inkişafyönümlü rəhbərlik;
  5. Güclənmə: Qərar vermə proseslərində söz sahibi olmaq;
  6. Gələcəyə ümid: Öz potensialını reallaşdırmaq üçün stimul.

Top sehrli deyil, metod sehrlidir… Uşağın və ya gəncin əlindəki top sehrli bir obyekt deyil. Lakin o topun ətrafında qurulan dialoq, qazanılan dostluqlar və məğlubiyyətdən sonra bir-birinin çiyinindən tutmaq əsl “sehrdir”. Gənclərlə iş sahəsində fəaliyyət göstərən hər bir şəxs dərk etməlidir ki, bizim məqsədimiz sadəcə “yaxşı oyunçular” yetişdirmək deyil. Bizim məqsədimiz idmanın enerjisindən istifadə edərək, cəmiyyətə özgüvənli, empatik və parlaq gələcəyə inanan fərdlər qazandırmaqdır.

Nəzrin Ömərzadə

Məqalənin müəllifi