Salam. Bu gün komandamızla bir araya gəldik və ləpirçilərin fevral və mart aylarında baş tutacaq həftəsonu qrup görüşləri haqqında danışdıq. Masanın ətrafında uzun plan cədvəlləri yox idi. Daha çox suallar vardı. Uşaqlar bu görüşlərdən nə hiss edəcək, nə xatırlayacaq, nəyi özləri ilə aparacaq? Görüşdə Ulduz Yaqublu, Nəzrin Ömərzadə, Elnur Arifzadə və Ülvi Məmmədov iştirak edirdi. Söhbət tezliklə proqram maddələrindən uzaqlaşıb, uşaqlarla işin mahiyyətinə gəlib çıxdı. Çünki qeyri-formal təhsil məhz oradan başlayır. John Dewey illər əvvəl yazırdı ki, “təhsil həyata hazırlıq deyil, həyatın özüdür”. Biz də elə bunu müzakirə edirdik. Görüşlər uşaqlar üçün ayrıca bir “tədbir” kimi yox, onların həyat axınının təbii davamı olmalıdır.




Fevralın sakit, martın tələsik havası uşaqların iç dünyasında da öz izini buraxır. Təbiətdə atılan addımlar, torpağa toxunmaq, ağaclara baxmaq uşaqlara izah edilmir, onlar bunu yaşayaraq anlayırlar. Paulo Freirenin dediyi kimi, “insan öyrədildiyi zaman deyil, düşündüyü zaman dəyişir”. Söhbət əsnasında bir məqam tez-tez qayıdırdı, uşaqlar üçün qaydalar yox, məna vacibdir. Nəzrin qeyd edirdi ki, uşaq nə üçün bir yerdə olduğunu, niyə həmin oyunu oynadığını anladıqda, davranış özü formalaşır. Bu, qeyri-formal təhsilin səssiz gücüdür. Burada nəzarət ön plana çıxmır, etimad çıxır.
Görüş zamanı Novruz düşərgəsi haqqında danışarkən səs tonu dəyişdi. Novruz uşaqlar üçün zamanın dəyişdiyini hiss etmək imkanı kimi düşünülürdü. Baharın gəlişi, torpağın oyanması, birgə hazırlıq və gözləmə hissi düşərgənin əsas xəttini təşkil edəcək. Burada uşaqlar nəyisə “öyrənməyəcək”, amma çox şey dərk edəcəklər. Çünki qeyri-formal təhsildə bilik bəzən səssiz qalır, amma iz buraxır. Ulduz və Elnur görüşdə vurğulayırdı ki, hər fəaliyyət uşağın yaddaşında bir şəkil kimi qalmalıdır. Sonralar xatırlayanda “orada olmuşdum” deməsi kifayətdir. Ülvi isə planlaşdırmanın sərt olmamasının vacibliyini qeyd edirdi. Uşaqların reaksiyası planı dəyişə bilməlidir. Əks halda, biz onları deyil, öz cədvəllərimizi qorumuş olarıq. Qeyri-formal təhsil haqqında yazılan bir çox mətnlərdə deyildiyi kimi, bu yanaşma cavablardan çox suallar yaradır. Bəlkə də onun gücü də bundadır. Görüşdən çıxanda heç kim “hər şey hazırdır” demirdi. Amma hamı bilirdi ki, doğru istiqamətdə düşünülüb. Və bəzən uşaqlarla işdə ən dəyərli nəticə də elə budur.
Novruz düşərgəsi haqqında danışılanlar planlardan çox xatirələrə bənzəyirdi. Sanki hələ baş verməmiş bir an artıq xatırlanırdı. Uşaqların tonqal ətrafında susduğu anlar, səhər tezdən çadırdan çıxıb havanı dinləməsi, bir oyunun içində özünü tapması… Bunlar ölçülə bilən nəticələr deyil, amma qeyri-formal təhsilin ən real göstəriciləridir. Çünki bu mühitdə inkişaf səs-küylə yox, tədricən baş verir. Görüş zamanı bir məqam xüsusilə önə çıxırdı: uşaqlarla işləyən böyüklərin rolu. Burada “öyrədən” mövqeyi yoxdur. Daha çox yol yoldaşı, müşahidəçi, bəzən səssiz müşayiətçi var. Carl Rogersin humanist yanaşması yada düşür: insan inkişaf edir, əgər təhlükəsiz və qəbul edildiyini hiss etdiyi mühitdədirsə. Bizim müzakirələrdə də bu hiss açıq şəkildə vardı. Uşaqlar üçün qurulan hər mühit onların özləri ola bilməsinə icazə verməlidir.
Fevral–mart görüşlərinin strukturunda oyun, açıq hava, qrup içi ünsiyyət və tək qalmaq üçün məkanların yanaşı düşünülməsi təsadüfi deyildi. Uşaqlar daim danışmaq, daim hərəkətdə olmaq məcburiyyətində qalmamalıdır. Bəzən kənardan baxmaq, dinləmək, sadəcə mövcud olmaq da öyrədicidir. Maria Montessorinin “uşağı izləyin” prinsipi bu nöqtədə xatırlanır. Çünki uşağın ehtiyacı çox vaxt böyüklərin təklifindən fərqlidir. Komanda içindəki söhbətlərdə tez-tez eyni fikir qayıdırdı. Qeyri-formal təhsil nəticə istehsal etmir, insan yetişdirir. Bu fərq kiçik görünə bilər, amma yanaşmanı kökündən dəyişir. Burada qiymətləndirmə yoxdur, müqayisə yoxdur, tələskənlik yoxdur. Vaxt axır, proses gedir, uşaq dəyişir. Bunu bəzən dərhal görmək olmur, amma illər sonra özünü göstərir. Bəlkə də buna görə bu sahədə çalışan insanlar tez-tez eyni cümləni deyirlər: “Biz uşaqlara nəsə öyrətmirik, sadəcə doğru mühit yaradırıq.”

Ağıl qorxudan azad olduqda,
baş dik tutulduqda,
bilik dar divarların arasına sıxılmadıqda;
sözlər həqiqətin dərinliyindən doğduqda,
yorulmaz axtarış mükəmməlliyə doğru uzandıqda —
orada, ey ağıl, insanı oyat.”
Rabindranath Tagore — “Where the Mind Is Without Fear”


