FOREST EDUCATION AZERBAIJAN aqroinnovasiya tədbirində iştirak edərək yeni əməkdaşlıqlar qurub

23 yanvar 2026-cı il tarixində Bakı şəhərində The Ritz-Carlton, Baku otelində “Yüksək məhsuldarlıq üçün DEKALB qarğıdalı toxumlarının təqdimatı və 2026 əkin mövsümü üzrə xüsusi brifinq” mövzusunda keçirilən tədbirdə Forest Education Azerbaijan qeyri-formal təhsil birliyinin direktoru Zamin Məmmədov iştirak edib.

Aqrovita şirkətinin təşkilatçılığı ilə baş tutan tədbirdə aqrar sahənin aparıcı mütəxəssisləri çıxış edərək 2026-cı il əkin mövsümü üçün nəzərdə tutulan yeni toxum həlləri, məhsuldarlığın artırılması yolları və müasir aqrotexniki yanaşmalar barədə geniş təqdimatlar ediblər. Çıxışlarda iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri, fermerlər üçün praktik tövsiyələr və dayanıqlı istehsal modelləri xüsusi diqqət mərkəzində olub.

Tədbir çərçivəsində Forest Education Azerbaijan üçün əhəmiyyət daşıyan görüşlər də keçirilib. FEA-nın direktoru Zamin Məmmədov aqrar sektorun müxtəlif nümayəndələri ilə müzakirələr apararaq uşaqlar və yeniyetmələr üçün aqrar savadlılığın artırılması, torpaqla və təbiətlə düzgün münasibətin formalaşdırılması, toxumdan məhsula qədər olan proseslərin qeyri-formal təhsil vasitəsilə izah edilməsi istiqamətində yeni əməkdaşlıq imkanları yaradıb. Qurulan əməkdaşlıqlar Forest Education Azerbaijan-ın düşərgə və təlim proqramlarında aqrar sahə üzrə praktiki məşğələlərin təşkili, uşaqlarda kənd təsərrüfatına marağın gücləndirilməsi və dayanıqlı inkişaf dəyərlərinin erkən yaşlardan aşılanması baxımından mühüm imkanlar yaradır. Bu yanaşma uşaqların yalnız nəzəri bilik deyil, eyni zamanda real həyat bacarıqları qazanmasına, istehsal proseslərini yerində öyrənməsinə və təbiətə məsuliyyətli yanaşma formalaşdırmasına xidmət edir.

Forest Education Azerbaijan üçün bu tip tədbirlər təhsil, ekologiya və real sektor arasında əlaqələrin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Təşkilat gələcək fəaliyyətlərində də aqrar sahə ilə bağlı innovativ təşəbbüsləri qeyri-formal təhsil proqramlarına inteqrasiya etməyi, uşaqlar və gənclər üçün daha praktiki və həyatla bağlı öyrənmə mühiti yaratmağı əsas prioritetlərdən biri kimi davam etdirəcək.

Elşən Şükürov

Məqalənin müəllifi, İctimaiyyətlə əlaqələr üzrə menecer