Disiplin insan fəaliyyətinin bütün sahələrində uğurun təməlini təşkil edən əsas keyfiyyətlərdən biridir. Lakin müasir pedaqoji yanaşmalarda bu anlayış getdikcə daha geniş və dərin məna qazanır. Disiplin artıq yalnız qaydalara əməl etmək və müəyyən çərçivədə qalmaq kimi izah edilmir; o, məqsədə bağlılıq, özünüidarə, məsuliyyət və davamlı inkişafla birbaşa əlaqələndirilir. Xüsusilə qeyri-formal təhsil mühitlərində disiplin fərdin potensialını ortaya çıxaran daxili mexanizm kimi dəyərləndirilir. Tədqiqatlar göstərir ki, sərt nəzarətə əsaslanan disiplin qısa müddətli davranış dəyişikliyi yaratsa da, uzunmüddətli məsuliyyət hissi formalaşdırmır. Bir sıra eynəlxalq təşkilatların qeyri-formal təhsil və gənclərlə iş sahəsində apardığı araşdırmalarda vurğulanır ki, davranışın davamlı şəkildə tənzimlənməsi üçün fərdin niyə müəyyən qaydalara əməl etdiyini anlaması əsas şərtdir. Bu isə yalnız etimad, qarşılıqlı hörmət və dəyərlər üzərində qurulan mühitlərdə mümkün olur. Məhz bu kontekstdə qeyri-formal təhsil disiplin anlayışına fərqli baxış təqdim edir. Burada disiplin səs tonunun qaldırılması, cəza mexanizmləri və sərt qaydalarla yox, münasibətlərin keyfiyyəti ilə formalaşır. İnsan niyə həmin mühitdə olduğunu, oradan nə qazandığını dərk etdikdə, xarici nəzarətə ehtiyac azalır. Xarici disiplin davranışı idarə edir, daxili disiplin isə insanın düşüncəsini, qərarvermə prosesini və seçimlərini formalaşdırır.
Bu fərq xüsusilə gənclərlə iş sahəsində aydın görünür. Gənc insan məcbur olduğu üçün deyil, dəyər gördüyü üçün məsuliyyət daşımağa başlayır. Qeyri-formal təhsil işçisi və təlimçi Fəridə Fərəcova bu prosesi belə izah edir:

“Qeyri-formal təhsil mühitində disiplin qaydaların sərt tətbiqi ilə deyil, insanlar arasında qurulan münasibət və paylaşılmış dəyərlər üzərində formalaşır. İştirakçı özünü sadəcə təlimin icra olunan obyekti yox, prosesin canlı və dəyərli bir hissəsi kimi hiss etdikdə, davranışına nəzarət xarici mexanizmlərdən daxili məsuliyyətə doğru yönəlir. Bu mühitdə qarşılıqlı hörmət, etimad və açıq ünsiyyət əsas rol oynayır; çünki insan anlaşıldığını və fikrinin əhəmiyyətli olduğunu gördükdə, qaydalara əməl etməyi məcburiyyət kimi deyil, ortaq razılaşma kimi qəbul edir. Belə yanaşma davranışın davamlılığını təmin edir, çünki disiplin qorxu və cəza üzərində deyil, mənsubiyyət hissi və dəyər paylaşımı üzərində möhkəmlənir. Nəticədə, qeyri-formal təhsil iştirakçını passiv nəzarət altına alan sistem deyil, onun öz seçimlərinə və məsuliyyətinə güvənən bir inkişaf məkanı yaradır.“
Qeyri-formal təhsildə disiplin gündəlik praktikalar üzərindən formalaşır. Vaxtın düzgün bölüşdürülməsi, öhdəliklərin könüllü şəkildə yerinə yetirilməsi, komanda daxilində qarşılıqlı məsuliyyət və açıq kommunikasiya bu prosesin əsas elementləridir. UNESCO-nun qeyri-formal öyrənmə ilə bağlı hesabatlarında qeyd olunur ki, iştirakçının prosesə aktiv şəkildə cəlb edilməsi onun davranış modelini köklü şəkildə dəyişir. Belə mühitlərdə insan passiv dinləyici deyil, öyrənmə prosesinin tərəfdaşına çevrilir. Məsuliyyət hissinin zorakılıq və təzyiq olmadan gücləndirilməsi qeyri-formal təhsilin əsas üstünlüklərindən biridir. Təlim mühitində dinlənilən, fikrinə dəyər verilən və töhfəsi görünən iştirakçı öz davranışına daha çox diqqət yetirir. Bu yanaşma qorxu üzərində qurulan itaəti deyil, anlayışa əsaslanan intizamı formalaşdırır. Fəridə Fərəcovanın sözlərinə görə, “təzyiq yox olduqda, disiplin zəifləməz; əksinə, daxili istək və razılıq üzərindən daha möhkəm şəkildə formalaşar.”
Beynəlxalq təcrübələr də bu yanaşmanı təsdiqləyir. Avropa Gənclər Forumunun tədqiqatlarında göstərilir ki, qeyri-formal təhsil proqramlarında iştirak edən gənclər qərarvermə proseslərində daha fəal olur, sosial məsuliyyət hissi daha güclü formalaşır və uzunmüddətli davranış dəyişiklikləri müşahidə edilir. Bunun səbəbi qaydaların yuxarıdan tətbiq edilməsi deyil. Səbəb iştirakçıların həmin qaydaların formalaşmasında rol almasıdır. Disiplinin formalaşmasında müsbət davranışların tanınması da mühüm yer tutur. Qeyri-formal təhsil mühitlərində bu, rəsmi cəzalarla deyil, geri əlaqə, ictimai tanınma və rəmzi təşviqlər vasitəsilə həyata keçirilir. Bu yanaşma fərdlər arasında sağlam münasibətlərin qurulmasına, komanda daxilində etimadın artmasına və kollektiv harmoniyanın qorunmasına xidmət edir.

Qeyri-formal təhsil mühitində disiplinin əsas fərqləndirici cəhətlərindən biri onun münasibət əsaslı qurulmasıdır. Burada qaydalar əvvəlcədən “verilmiş həqiqət” kimi təqdim edilmir. Onlar prosesin içində, iştirakçıların real davranışları və ehtiyacları əsasında formalaşır. Bu yanaşma davranışın mexaniki tənzimlənməsindən çox, düşüncə və dəyərlərin dəyişməsinə yönəlir. İnsan qaydaya tabe olduğu üçün deyil, həmin qaydanın mənasını anladığı üçün ona əməl edir. Bu mühitlərdə məsuliyyət anlayışı da fərqli çalar qazanır. Məsuliyyət tapşırıq yerinə yetirmək deyil, qərarların nəticəsini dərk etmək kimi qəbul olunur. Təlim iştirakçısı zamanla anlayır ki, prosesdəki passivlik və ya fəallıq yalnız təşkilatçıya deyil, bütöv qrupa təsir edir. Bu dərk mərhələsi disiplinin ən güclü forması sayılır. Çünki burada davranışı tənzimləyən mexanizm cəza qorxusu deyil, kollektiv qarşısında etik məsuliyyətdir.
Qeyri-formal təhsil işçisi Fəridə Fərəcova bu məqamı belə ifadə edir:
“Təlim mühitində iştirakçıya etibar edildikdə o, həmin etimadı itirməmək üçün davranışına özü nəzarət etməyə başlayır. Disiplin bu nöqtədə xarici nəzarətdən daxili seçimə çevrilir.”

Bu yanaşma gənclərlə yanaşı, böyüklərlə aparılan təlimlərdə də oxşar nəticələr verir. Yetkin təhsilində aparılan tədqiqatlar göstərir ki, iştirakçı öz təcrübəsinin tanındığını və prosesə töhfə verdiyini hiss etdikdə, öyrənmə intizamı kənar müdaxilə olmadan qorunur. Malcolm Knowles-un andragogika modeli bu baxımdan qeyri-formal təhsillə üst-üstə düşür: böyüklər məcbur edildikləri üçün deyil, məna gördükləri üçün öyrənirlər.
Beynəlxalq qeyri-formal təhsil proqramlarında disiplinin qorunması üçün tətbiq edilən əsas metodlardan biri də birgə razılaşdırılmış davranış çərçivələridir. Məsələn, Avropa Gənclər Mərkəzlərində təlimin əvvəlində iştirakçılarla birlikdə “təhlükəsiz və hörmətli məkan” prinsipləri müəyyən edilir. Bu prinsiplər rəsmi qayda kimi deyil, kollektiv razılaşma kimi qəbul olunur və pozulduqda müzakirə yolu ilə yenidən nəzərdən keçirilir. Bu da davranışın cəzalandırılmasından çox, öyrədici şəkildə tənzimlənməsinə imkan yaradır.
Maraqlıdır ki, aparılan müqayisəli tədqiqatlar göstərir: qeyri-formal təhsil mühitlərində formalaşan daxili disiplin məktəb və iş mühitinə də daşınır. Gənclər sonradan formal strukturlarda fəaliyyət göstərərkən vaxt idarəçiliyi, komanda işi və məsuliyyət paylaşımı baxımından daha stabil davranış nümayiş etdirirlər. Bu isə qeyri-formal təhsilin tamamlayıcı sistem kimi dəyərini artırır.